Nərmin Kamalın bloqu: İnsan niyə Allah adıyla öldürür?

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Doğrudan da, İnsan niyə Allah adıyla öldürür? Bunun xoşagəlməz bir səbəbi var.

İnsan təbiətinə öldürmək ehtiyacı xasdır, ona bunu həyata keçirmək üçün yalnız bəraət lazımdır ki, o da bu bəraəti elə öz əcdadları tərəfindən yaradılmış namus, şərəfi təmizləmək, intiqam, torpaq uğrunda müharibə, yaradan uğrunda müharibə, barbarlara (qədim yunanlar bütün qeyri-yunanca danışanları belə adlandırırdılar), kafirlərə (bizdən fərqli düşünənlərə) qarşı müharibə kimi vasitələrdə tapır, elədə insan özünü özü qarşında pis, qatil, ləyaqətsiz adam kimi hiss etmədən öldürmək imkanı qazanır.

Burada dini kitablardakı "İnsanı öldürmək olmaz, amma Allah uğrunda öldürmək olar, üstəlik, şərəflidir" əmrləri o qədər də təqsirkar deyil, təqsir insanın öz canavar tərəfini həyata keçirmək istəyində axtarılmalıdır, insanlara bunun üçün yalnız münbit şərait lazımdır ki, toxum cücərsin.

Xarizmatik liderlərin, kiçik dini icmaların, yüzillərlə redaktəsiz qalan dini kitabların ritorikası belə bir münbit şəraitdir, o, bioloji silah kimi təsir dairələrindəki insanların canına düşür, onu daxildən dağıdır, elə dağıdır ki, ətraf da bu dağıntıdan əziyyət çəkir.

Çox vaxt deyirlər ki, baxın, niyə Allah adıyla adam öldürmək, cihad əvvəlki əsrlərdə yoxdur, yalnız son onillərin məhsuludur.

Bunun iki cavabı var: Birincisi, əvvəlki əsrlərdə cəmiyyətə diqqətlə tamaşa edən media və jurnalistika, sənədləşdirmə və arxiv zəifdir, hətta yoxdur. Günümüzdə əvvəlki əsrlərdən fərqli olaraq, hər növ odlu silahlar da kütləviləşərək əlçatan olub, texniki imkanlar genişlənib.

İkincisi, cəmiyyət üzərində nəzarət gücləndiyi üçün qatillərin ələ keçməsi indi məsələn, üç yüz il əvvəlkindən daha asandır. İndi öldürmək, eyni zamanda həbs edilməmək üçün gərək əvvəlcədən cəmiyyətin rüsxətini alasan, cəmiyyət bu rüsxəti özü sənə versin ki, sabah bir narazılıq yaranmasın.

Cihadçılıq, şəhidlik cəmiyyətdə icazə verilmiş qətllərdir. Bir vaxtlar "namus qətllərinə" də belə ictimai icazə vardı, modern hüquq bu və digər rüsvayçı icazələrə son qoydu.

Fotonun müəllifi AP
Image caption Mevlüt Mert Altıntaş Rusiya səfirini Ankarada sərgi zamanı güllələdi.

Bu həftə də "Allahu Əkbər" nidasıyla bir neçə qətl oldu. 22 yaşlı bir gənc polisin Rusiyanın Türkiyədəki səfirini qətlə yetirməsindən sonra bunun arxasında dayanan siyasi qüvvələr və sifariş haqda bir sıra mülahizələr nəzərdən keçirildi, çoxlu müzakirələr aparıldı. Lakin bu mülahizələrdə sanki Piyadanın gücünə inamsızlıq var. Şahmatın fəlsəfi dililə desək, Piyadanın özbaşına qərar vermiş ola bilməsi sanki istisna edilir.

Filosof Michel Foucault müasir cəmiyyətləri izah etmək üçün "Bioiqtidar" (biopower) terminindən istifadə edir, o deyir ki, bioiqtidar bədənlərə hökm edən bir siyasi texnologiyadır, insanları səkkiz saat dərs və iş yerlərində, ruhi xəstəxanalarda və həbsxanalarda saxlamaqla və bu kimi üsullarla cəmiyyətdə nizam-intizam yaradılır, vətəndaşların davranışını bu cür normallaşdıraraq kontrolda saxlayırlar.

İnsanların boş qalıb düşünməyə, özlərini reallaşdırmağa vaxtı, imkanı olmur. Həmin müəssisələrdə onlar hakimiyyətin istehsal etdiyi normalladırılmış biliyi mənimsəyirlər. Bioiqtidar həm də təhlükəsizliyiniz adıyla kameraların cəmiyyətə nəzarət etməsi, ərzaqlarla bədənlərə nəzarət edilməsidir.

İndi "Bioiqtidar" anlayışının "Kültür iqtidarı" versiyasını xəyalımıza gətirək. Evlərdəki televiziyalarda Latın Amerikasının dünyaya ixrac etdiyi melodramatik məişət seriallarını Türkiyənin silahlı, həvəskar siyasətçilərdən bol, hökmran kişi səslərinin çox eşidildiyi seriallar əvəz edib.

Dini kitab və silahlı kişi seriallarının dəb olduğu ölkələrdə böyüyür bu gənc piyadalar. Onlar elə bir mədəni mühitdə böyüyürlər ki, öz daxili təbiətlərindəki gizli öldürmək ehtirasına asan fürsət və faydalı bir status tapırlar.

Olmaz ayrı-ayrı piyadaların gücünü, rolunu gözardı etmək. Olmaz kültürü belə idarə etmək. Piyadaların yetişdiyi mədəni mühitdən nə qədər asılıyıq!

Yazıçı Italo Calvino "Ədəbiyyatın faydaları" esse kitabında yazır ki, Ədəbiyyat siyasətə gərəkdir, çünki ədəbiyyat siyasətin danışmaq üçün səsi olmayan insanlarına səs verir, adı olmayan vətəndaşlarına ad verir. Ədəbiyyat qulaq kimidir, o, siyasətin eşitdiyindən daha çox eşidir, Ədəbiyyat göz kimidir, Siyasətin gördüyü xromatik miqyasdan daha ətraflı görə bilir.

Bu barədə daha geniş