Futbol bloqu: Son Avropa çempionatı xoşunuza gəldimi?

1982-ci il Dünya Çempionatı Fotonun müəllifi Getty Images
Image caption 1982-ci il Dünya Çempionatı

Açığını deyin - son futbol üzrə Avropa çempionatı xoşunuza gəldimi? Onu əvvəlki çempionatlar qədər diqqətlə izləyirdinizmi? Və izləyirdinizsə - gördüyünüz oyunlar sizə əsl futbol tamaşası təsirini bağışladımı?

Əminəm ki, mütləq əksəriyyətiniz bu suallara yox cavabını verəcək. Hər halda mən bu çempionatı müzakirə etdiyim az qala bütün azarkeşlər, habelə izlədiyim mətbuat informasiya vasitələrinin mütləq əksəriyyəti həmin fikri söyləmişdi.

Dünya və Avropa çempionatları həmişə bütün dünya azarkeşləri tərəfindən bir bayram kimi gözlənilib. Ənənəvi olaraq, hər bir bayram zamanı insanlar ən ləziz yeməkləri bişirib masalara düzürlər ki, bayram günü fərqli, önəmli bir şeylə yadda qalsın.

Əslində məhz elə ona görə biz uşaqlıqda bayramları gözləyirdik - bilirdik ki, misal üçün Novruz bayramında şəkərbura, paxlava, şor qoğalı yeyəcəyik, tonqaldan tullanacağıq, qapılara papaq atacağıq və bunlardan əsl həzz alacağıq.

Biz hər dörd ildən bir futbol üzrə dünya çempionatını da elə səbirsizliklə gözləyirdik. Bilirdik ki, ora dünya futbolunun qaymaqları toplanacaq və demək olar ki, hər bir oyun təkraredilməz, gözəl bir tamaşa olacaq.

Bu yarışın dörd ildən bir keçirilməsi də əbəs yerə deyildi - axı ən ləziz yeməyi tez-tez yesən ondan artıq həzz almayacaqsan. Lap kürüdən iyrənən "Səhranın ağ günəşi" filminin qəhrəmanı kimi...

İzlədiyim ilk dünya çempionatı 1982-ci ilin mundialı idi. Və o çempionat ömürlük beynimdə həkk olunub. Bütün oyunlar yadımdadır, hətta aparıcı komandaların heyətlərini belə unutmamışam.

Çünki o çempionatda iştirak edən komandaların əksəriyyəti bir-birinə tay idi və oyunların demək olar ki, hamısı kəskin, əvvəlcədən qalibi bilinməyən mübarizədə keçirdi.

Ondan sonra keçirilən bütün dünya və Avropa çempionatlarında üst-üstə toplasaq, bəlkə cəmi bir neçə oyunu izləyə bilməmişəm.

Bir futbol azarkeşi kimi deyə bilərəm ki, 1996-cı ildə Avropa çempionatında iştirakçıların sayı 16-ya, ondan iki il sonra isə dünya çempionatı iştirakçılarının sayı 32-yə çıxandan sonra, həmin yarışlar artıq o qədər də izləniləsi olmadı.

Çünki iştirakçıların ümumi səviyyəsi endikcə, oyunlar da daha az izləniləsi olur. Ötənilki 24 komandalı Avropa çempionatı barədə isə heç danışmaq da istəmirəm...

Və indi dünya futbolunun başbilənləri bizə elan edirlər ki, dünya çempionatlarında 48 komanda iştirak edəcək. Düzdür, başlıca səbəb kimi FİFA bizə deyir ki, daha çox komandanın iştirakı dünyada futbolun səviyyəsinin artmasına yardım edəcək, amma mənim buna heç inanmağım gəlmir.

Misal üçün, 2004-cü il Avropa çempionatında Latviya komandası iştirak etmişdi. Ondan sonra Latviyada futbolun səviyyəsi artdımi? Cavab verməyə də bilərsiniz. Onsuz da aydındır o cavab...

Həmin sözləri dünya çempionatlarına vəsiqələr qazanan Yamayka, Küveyt, Toqo və digərləri haqqında da demək olar. Onlar bu yarışlarda ekzotik bir əlavə kimi idilər, heç nə ilə yadda qalmadılar və o ölkələrdə futbolun inkişafı hələ də nəzərə çarpmır.

İndi isə biz dünya çempionatında onlarla belə komandaları görməli olacağıq. Əlbəttə, həmin komandaların azarkeşləri üçün bu bir bayram olacaq, amma həmin komandaların azarkeşləri dünya azarkeşlərinin yalnız kiçik bir hissəsidir.

FİFA prezidenti Canni İnfantino gizlətmir ki, iştirakçıların sayının artması ilə FİFA-nın gəliri də artacaq.

Özü də bu artım az qala bir milyard dollar olacaq. Az pul deyil, əlbəttə. Amma nəyin hesabına? Axı azarkeşlərin bu yarışa olan ümumi marağı öləcək.

Lakin oyunların sayı artdığına görə, televiziya tamaşaçılarının ümumi sayı da artmalıdır, müasir reklam bazarında isə məhz bu amil ən mühümüdür.

Futbol dünyasında bu qərarla bağlı fikirlər fərqlidir. Çempionatlarda daha çox yer alacaq Asiya, Afrika, Şimali Amerika və Okeaniya kimi dünya futbolunda zəif hesab olunan konfederasiyaların nümayəndələri bu qərarı salamlayırlar.

Bu da anlaşılandır - indi oradakı komandaların çempionatda iştirak şansları artır.

Avropa Futbol Klubları Assosiasiyası isə bu qərarla bağlı bəyanatında bir çox məsələləri qaldıraraq, bunları xüsusən qeyd etdi: "Biz belə başa düşürük ki, bu qərar idman səbəblərindən daha çox siyasi məqsədlə və güclü siyasi təsir altında çıxarılıb və inanırıq ki, bu, təəssüfedici bir addımdır".

İngiltərə Futbol Assosiasiyası daha diplomatik bəyanatla çıxış etdi: "48 komandalı dünya çempionatının necə işləyəcəyini anlamaq üçün, biz UEFA, FİFA və Avropa assosiasiyaları ilə birgə işlər aparacağıq.

Üstünlük azarkeşlərə, oyunçulara, komandalara və liqalara olacaq potensial təsirə veriməlidir və bu işdə həmçinin idman birliyi ilə kommersiya dəyərinin tanınması da vacibdir.

Yerlərin paylanmasına gəldikdə isə, konfederasiyalar arasında müzakirələr aparılmalı və hər hansı bir qərar çıxarılmazdan əvvəl, ciddi məsləhətləşmələr prosesi həyata keçirilməlidir". Mən bunu ciddi, lakin diplomatik formada səsləndirilən narazılıq adlandırardım.

Ümumilikdə isə, mənim izləyə bildiyim futbolda hakimiyyətə malik insanların reaksiyaları arasında, azarkeşlərin mövqeyini ən yaxşı əks etdirən Almaniya Futbol Federasiyasının prezidenti Raynhard Qrindel oldu: "Mən futbolun dəyişəcəyi və oyunun cazibədarlığına zərər dəyəcəyindən narahatam.

Biz hamımız komandaların bir birinə qarşı açıq oyun nümayiş etdirdiyi qarşılaşmaları sevirik. İndi isə mən gələcəkdə daha çox müdafiə düşüncəli komandaların olacağı təhlükəsini görürəm. Dünya çempionatı əvvəlki qədər cəzbedici olmasa isə, azarkeşlərin və sponsorların ona olan marağı azalacaq".

Bütün dünya boyunca milyonlarla azarkeş həmin fikri təkrarlayır və hazırda FİFA-nın qarşısındakı tərəzinin bir tayında həmin azarkeşlərin münasibəti, digərində isə bir milyard dollar var.

Əlaqəli mövzular