Futbola məhəbbət haqqında

İngiltərə Fotonun müəllifi Getty Images

İşimizdə bir xanım var. Adı Lucy-dir. Kifayət qədər gənc və yaraşıqlıdır - çoxları onu Hollywood aktrisası Jennifer Aniston-a bənzədir.

İki elm üzrə diplomları var: psixologiya üzrə bakalavr, sonra sosial elmlər üzrə magistraturanı bitirib. Yəni əməlli başlı savadlı insandır.

Futbol azarkeşidir. Hər həftə dəstəklədiyi komandanın oyunlarını seyr etmək üçün stadiona gedir.

Lucy ilə söhbətimizi axarlı etmək üçün, ondan hansı komandanı dəstəklədiyini soruşdum. Cavabı eşidəndə isə çox təəccübləndim - dedim belə komandanı tanımıram.

Məlum oldu ki, o, Londonun cənubunda yaşadığı məhəllənin komandasını dəstəkləyir. Komanda İngiltərənin cənub-şərq regional liqasında çıxış edir ki, bu liqa Azərbaycanın təxminən bir-iki rayonu qədər ərazini əhatə edir.

Bu regional liqalar isə İngiltərə futbolunun strukturunda təxminən 9-cu pillədədir.

Yəni Lucy adaxlısı ilə birlikdə hər həftə 9-cu liqada çıxış edən komandanın oyunlarına gedir və onun hətta heç bir səfər oyununu belə buraxmır. Dediyinə görə, indiyədək artıq 45 stadionda olub.

Məhəllə futbolu

Təəccüblüdür? Bəli. Amma bu da hələ hər şey deyil! Bunları eşidəndə, ona dedim ki, "hə, elə mən də uşaqlıqdan şəhərimizin komandasına azarkeşlik edirəm.

Tanıdığım adamların əksəriyyəti özünə bir Barselonadan, Realdan, nə bilim Arsenaldan, Manchester-dən seçib, azarkeşlik edir ki, həzz alsın. Mən isə ilk məhəbbətimdən əl çəkə bilmirəm.

Dedi, "yox, mənim doğma komandam Huddersfield-dir, İngiltərənin şimalında. O indi Premyer-Liqadan sonrakı liqada çıxış edir.

Sadəcə olaraq Londona köçəndən sonra, adaxlımla futbola baxmaq istəyirdik, Premyer-Liqanın oyunlarına isə biletlər çox bahadır. Televizorda baxmaq isə heç ləzzət eləmir.

Futbola canlı baxmadınsa, o nə futbol oldu... Ona görə fikirləşdik ki, özümüzə bir komanda tapaq və uzağa getməmək üçün, elə məhəlləmizin komandasını seçdik".

Lucy onu da danışdı ki, dörd il bundan əvvəl, o, həmin komandanı dəstəkləməyə başlayanda, oyunlara təxminən 400 azarkeş gəlirdi, indi isə hər oyunu orta hesabla 1500 nəfər izləyir...

Təsəvvür edirsiniz? Doqquzuncu liqada çıxış edən məhəllə komandasının oyunlarına o qədər adam gəlir ki, Azərbaycanda yüksək liqanın bəzi komandaları buna həsəd aparar!

Və bu oyunlara insanları gətirən ilk növbədə futbola olan məhəbbətdir. Dünyanın ən baxımlı futbol liqası, Premyer-Liqanın oyunlarını rahatcasına, televizorla izləmək əvəzinə, bu insanlar hər həftə soyuqda, yağışda canlı futbolu izləmək üçün, çox zaman heç oturacaqları olmayan kiçik məhəllə stadionlarına yığışırlar.

Bu azmış kimi, komandalarının ardınca səfərlərə də gedirlər. Çünki, onların dediyinə görə, əsl, sadə, canfəşanlı, hiyləsiz futbolu məhz orada görmək olar. Çünki orada oyunçular milyonlara görə deyil, futbola olan eşqləri naminə oynayırlar...

Belə stadionlar, belə məhəllələr, belə komandalar isə İngiltərədə saysız-hesabsızdır.

Ona görə, kimsə sizə desə ki, "ay nə bilim Braziliyada, Argentinada xalq futbolu o qədər sevir", bilin ki, səhv deyir o adam.

Futbol İngiltərədən çox heç yanda sevilmir! Futbol bu ölkənin, bu xalqın yaratdığı bir oyundur, və ingilislərin ona olan məhəbbəti əsl valideyin məhəbbətidir.

İntriqa ölübmü?

Bütün bunları sizə danışmağımın səbəbi Bakıdakı dostlarımdan biri ilə söhbətim oldu. Dostum mənə dedi ki, "Ay Toğrul, sən bu İngiltərə çempionatını o qədər tərifləyirsən, amma çempionatın yarısı təzə keçib, Chelsea isə artıq səkkiz xal fərqilə irəlidədir. Bu nə çempionatdır belə? Heç bir intriqası yoxdur".

Yox qardaş, var intriqası. Heç olmasa ona görə ki, İngiltərədə bütün komandalar liderə qarşı ikiqat əzmkarlıqla oynayır.

Chelsea hələ böyük müqavimətlə rastlaşacaq. Çempion olmaq üçün hələ çox çalışacaq. Çünki bütün komandaların futbolçuları liderə qarşı oyunda öz azarkeşlərinə nümayiş etdirmək istəyirlər ki, onlar da futbol oynamağı bacarırlar.

Ürəkdən oynamağı. Lap elə o məhəllə komandalarındakı həvəskarlar kimi...

Əlaqəli mövzular