Futbol bloqu: Chelsea dayanmaq bilmir

Chelsea Fotonun müəllifi Getty Images

Hə, Chelsea dayanmaq bilmir. İrəliləyir ki, irəliləyir. Çempionluğa doğru. Düzdür, son turlarda bir neçə dəfə büdrəyib, amma iş ondadır ki, onu təqib edən beşlik də heç də mükəmməl deyil.

Onlar da vaxtaşırı büdrəyirlər və bu, Chelsea-yə doqquz xallıq fərqi saxlamağa imkan verir.

Artıq çox adam əmindir ki, Londonun ən zəngin məhəlləsini təmsil edən bu komanda cari mövsümün çempionu olacaq. Gəl ki, ötən mövsümü Chelsea cəmi 10-cu yerdə bitirmişdi.

Təbii ki, dünyanın aparıcı futbolçularının bir qisminin toplaşdığı komandanın belə zəif çıxışı klubun rəhbərliyinin xoşuna gələ bilməzdi və mövsümlər arasında komandada dəyişikliklər baş verdi.

İlk növbədə baş məşqçi vəzifəsinə Antonio Conte gətirildi, italyan isə öz növbəsində həlledici alğını etdi - çempion Leicester-dən dayaq yarımmüdafiəçi N'Golo Kanteni gətirdi.

Ötən mövsümdə nağılabənzər şəkildə çempion olan Leicester futbolçuları arasında Kantenin adı azarkeşlər tərəfindən o qədər də çox səsləndirilmirdi.

Bu da təəccüblü deyil - axı azarkeşlərin nəzərinə ən çox çarpan və yadda qalan futbolçular adətən hücum xəttində oynayan və qolları ilə qələbələr gətirənlərdir.

Bəzən qapılarını qaçılmaz qoldan xilas edə bilən qapıçılarla müdafiəçilərdir. Kante isə ötən mövsümdə cəmi bir qol vurmuşdu və meydanda əsas işini öz cərimə meydançasının qarşısından meydanın mərkəz xətti arasında görürdü.

Amma elə görürdü ki, həmin ərazidə rəqib futbolçular özlərini heç vaxt rahat hiss etmirdilər - bilirdilər ki, hər an Kante haradansa peyda olub, topu onlardan alacaq.

Kante meydanın ikinci rübünün şəksiz hökmdarı idi və mütəxəssislərin fikrincə, Leicester-in çempionluğuna ən çox töhfə vermiş futbolçu nə Vardy, nə də Mahrez - məhz Kante idi.

İnanmırsınızsa, hazırda Premyer-Liqada qalmaq uğrunda mübarizə aparan ötənilki çempionun vəziyyətinə baxın...

Sadə, nəzərə çarpmayan, işgüzar adam

Sovet zamanı televiziyalarda tez-tez hansısa fəhlə ya kolxozçu haqqında süjetlər hazırlayıb, orada artıq şablona çevrilmiş sözləri işlədirdilər: "sadə, nəzərə çarpmayan, işgüzar adam".

Əslində belə adamlar doğrudan da şərəf sahibi olmalıdırlar - hər cəmiyyətin təməlini məhz belə adamlar təşkil edirlər və onlarsız heç bir cəmiyyət mövcud ola bilməz. Necə deyərlər, dahi pianoçunun səhnədə royal çalması üçün, həmin royalı o səhnəyə kimsə gətirməlidir axı...

Bax, Kante öz komandalarında həmin royal daşıyan rolunu oynayır. Özü də onun işi tək müdafiə xəttinin qarşısında liman dalğakəsəni kimi durub, hücumların qarşısını almaqla kifayətlənmir.

Kante rəqibdən topu alan kimi dərhal iti ötürmə ilə komandasının hücumlarını başlayır ki, bu hücumların bir çoxu müvəffəqiyyətlə bitir.

Çox yüksək sürətə malik olan bu yarımmüdafiəçi özü də tez-tez əkshücumlara qoşulur. Və bu mövsümdə də, ötən il Leicester-də olduğu kimi, mütəxəssislər onun komandasının uğurlu çıxışının əsas səbəbkarı kimi məhz Kanteni göstərirlər.

Kante Conte-nin Chelsea-də qurduğu oyun üslubuna 100 deyil, hətta 200 faiz uyğun bir futbolçudur.

Conte italyandır və hər bir italyan kimi futbol oyununun əsas məqsədini qapısını toxunulmaz saxlayaraq, irəlidə azsaylı olsa da, çox kəskin fəaliyyət göstərən qüvvələrin hərəkətləri nəticəsində uğur qazanmaqda görür.

Müxtəlif italyan məşqçilərinin oyun sxemləri fərqlənir, lakin yuxarıda səsləndirdiyim ümumi ideya son 50 il ərzində dəyişməz olaraq qalmaqdadır.

Elə bu mövsümün içində də Conte Chelsea-nin oyun sxemini 4-3-3-dən 3-4-3-ə dəyişdirsə də, bunun əsas məqsədi mərkəz xəttdə daha çox sıxlıq yaradaraq, Kantenin işini daha effektiv etmək idi.

Əvvəllər rəqiblər mərkəzdəki boşluqdan istifadə edərək, Kantedən bəzən yayınmağı bacarırdılarsa, hazırda ondan bir qədər aralı yerləşən Nemanja Matiç sadə, nəzərə çarpmayan, işgüzar oğlan Kantedən qaçanların işini bitirir.

Bu bəzən ova bənzəyir - kimsə ovlanan yazıq məxluqu qorxudaraq, qovur və sonda həmin məxluq tam yorğun hala düşərək, onu puskuda gözləyən ovçu üçün asan bir şikar olur...

Təbii ki, bu sxemin dəyişdirilməsi Conte-nin də böyük məşqçi olduğunu deyir. Axı sadə, nəzərə çarpmayan, işgüzar adamların bütün müsbət xüsusiyyətlərinə baxmayaraq, cəmiyyət düzgün idarə edilməsə, onların da həyatı yaxşı olmayacaq...

Amma Conte haqqında danışmaq imkanımız çox güman ki, hələ olacaq. Chelsea çempion olsa. Yoxsa "olanda" yazsam daha düzgün olar?

Əlaqəli mövzular