Dövlətdən oğurlamaq və dövlət insana qarşı

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Mən Sovet İttifaqında doğulmuşam. Gördüyüm ilk dövlət bu olub. Səhər-səhər arıq kişilər, nərmənazik qadınlar fabriklərə, zavodlara işə gedir, çıxanda gombul qarınla, yoğunlamış bellə, şişmiş baldırlarla çıxırdılar.

Vətəndaşlar öz iş yerlərindən - ət kombinatından ət, süd kombinatından süd, xama, karamel fabrikindən quru süd, kakao, şəkər tozu oğurlayır, gizlincə bədənlərinə bağlayır, evə aparıb həm özləri yeyirdilər, həm də evarası satırdılar.

İdarənin qapısında keşik çəkən nəzarətçiyə də nə isə verirdilər ki, göz yumsun.

Sovetin əvvəlki illərində belə oğurluqların cəzası "ümumi xalq malına ziyankarlıq" adıyla 25 il həbs, ya da sürgün idi. 1980-ci illərdə isə əvvəlki qədər güclü nəzarət yox idi.

Artıq hamı hamının nə etdiyini bilirdi. Kənddə kolxozdan, sovxozdan, şəhərdə fabrikdən, zavoddan, hərə öz sahəsində oğurlayırdı, bu, onlar üçün həm kasadlıq dövründə qazanc yolu idi, həm də əyləncə.

Ağlım kəsəndən insanı dövlətlə ixtilafda görmüşəm. Görmüşəm ki, vətəndaş elə hey dövlətdən oğurlayır, öz evinə daşıyır.

Görmüşəm ki, həyət-bacada qadınlar yığışıb dövlətə "dekret" kələyi gəlmələrindən danışırlar; yəni bir işə girirlər, 3-4 ay işləyəndən sonra analıq məzuniyyətinə çıxırlar, 3-4 aylıq işin müqabilində dövlətdən 3 il müftə pul aldıqlarına görə özlərini dövlət adlı divi aldatmış qəhrəman hesab edirlər.

Sovet dağılan ərəfədə isə lap qiyamət oldu. Zavodlarda adi metala qədər, ələ gələsi nə varsa, vətəndaşlar hamısını götürüb evlərinə apardılar, sonradan onları həmin dövlətin yerində qurulan yeni dövlətə satdılar.

Dövlət insana qarşı

Fotonun müəllifi SERGEI TETERIN/ Getty
Image caption İnsanın dövləti, büdcəni çalıb-çapması da qalır, dövlətin insanı çalıb-çapması da, müəllif deyir.

Təkcə insanlar dövlətə xəyanət etmirdilər. Dövlət də öz növbəsində onları pambıq plantasiyalarına göndərib vertolyotla ziyanvericilərə səpələdiyi dərmanla onları zəhərləyirdi.

Dövlət ali məktəbi bitirəndən sonra məcburi təyinat verib şəhərliləri ucqar kəndlərə yola salırdı, bu dövlət təyinatı onların kiminlə evlənib, kimə ərə gedəcəklərinə qədər təsir edirdi.

Dövlət onları küçədə çörək almağa getdikləri yerdə bir komanda verib qaynar müharibə meydanlarına göndərirdi.

Dövlət sanki insanlar arasında yaşayan gözəgörünməz, amma real varlıq idi. O, insanların həyatında yaxından iştirak edirdi. Dövlətlə insan çox vaxt bir-birlərinə bədxah davransalar da, bəzən xeyir də verirdilər.

Bu il fevral ayı başlayanda təsadüfən bir yaşlı azərbaycanlı qadınla söhbət edirdim, birdən o dedi ki, işi başından aşır, hələ yoldaşına "23 fevral - kişilərin bayramı" münasibətilə hədiyyə də almalıdır.

Zavallı insan. Dövlət də, onun hərbi donanması da, bayramları da süquta uğrayıb, amma sadə insan o günləri hələ də bayram edir.

Dövlətlər yaranır və dağılır, bir quruluş başqasına keçir, amma insan həyat ənənələrini bu sürətlə dəyişdirə bilmir. Məsələn, "Qanun" nəşriyyatına hələ də sovet vaxtı televiziyada gedən verilişin adıyla "İnsan və Qanun" nəşriyyatı deyənlər var.

Dövlətin danışıq dili həmişə insanlara, onların həyatına kənardan yanaşır, misal üçün, dövlət "gecəqondu", "qanunsuz tikililər" deyir, adamlar isə öz yaşadıqları yerə "gecəqondu", "qanunsuz tikili" demirlər, onlar ora "ev" deyirlər, "evə gedirəm" deyirlər.

Necə ki, prezidentin oğlu gənc Heydər Əliyevin müsahibəsinə baxdıq o gün, gününün necə keçdiyinə dair suala cavab verir və axırda deyir ki, dərsdən çıxıb evə gedirəm.

Halbuki, kənardakılar onun yaşadığı evə "saray" deyirlər. Gecəqonduda yaşayan adam da, bir təvazökar binanın mənzilində yaşayan mən də, gənc Heydər Əliyev də öz yaşadığı yerə "ev" deyir...

Sovet vaxtı dövlət nə üçün idi? Dövlət avtoritar sosializmi, mərkəzləşmiş siyasi, iqtisadi, ideoloji gücü təmsil edirdi. Sonradan liberal sosializm ideyaları ortalığa çıxacaqdı, amma hələ ki, biz komunizm arzusunda olan sosializm quruluşunda yaşayırdıq.

Bir dəfə bir hörmətli şəxslə komunizm haqda söhbət edirdik, o, qəfil qolumdakı saatdan yapışıb dedi: "Bu kimindir?" Dedim: "Mənim." O, cavab verdi: "Mənim sözü olan yerdə komunizm olmaz."

Bəs indi? İndi quruluş dəyişib. İnsana dövlətdən oğurlamağa əsas verən həmin nəzəri əsas idisə, o, aradan qalxıb. Avtoritar sosializm yoxdur, amma dövlətlə insan arasında özgəlik eyni cür qalır.

Dövlət və insan bu gün də bir-birlərinə qənimdirlər. İnsanın dövləti, büdcəni çalıb-çapması da qalır, dövlətin insanı çalıb-çapması da.

Bu barədə daha geniş