Futbol bloqu: Nə olub Leicester-ə?

Leicester Fotonun müəllifi Laurence Griffiths/ Getty

Leicester yenə uduzdu. Dalbadal beşinci oyundur ki, uduzur. Özü də son altı oyunda rəqib qapılarına qol vura bilmir. Bu, şübhəsiz ki, son dərəcə mənfi göstəricidir.

Nəzərə alsaq ki, Leicester nə az nə çox, hazırkı İngiltərə çempionudur, bu göstəricinin hətta son dərəcə mənfidən də aşağı olduğunu demək olar.

Nə olub Leicester-ə? Mövsümlər arasında komanda cəmi bir aparıcı oyunçusu - N'Golo Kanteni itirmişdi və onun əvəzinə iki dayaq yarımmüdafiəçi almışdı.

Düzdür, Onyinye Ndidi ilə Nampalys Mendy Kante səviyyəli oyunçular deyil, lakin heç də zəif deyillər. Hər halda qiymətləri 14-16 milyon avro olan futbolçuların səviyyəsi öz-özlüyündə aşağı ola bilməz.

Üstəgəl, Leicester iki yaxşı hücumçu - İslam Slimani ilə Əhməd Musanı da almışdı. Belə ki, mövsümlərarası komandanın ümumi səviyyəsinin zəifləməsini demək olmaz.

Bəli, Kante çox böyük itkidir, lakin bir oyunçunin olmaması komandanı zəiflətsə də, bu zəifləmə istənilən halda o dərəcədə olmamalı idi.

Leicester hazırda 17-ci yerdədir və nümayiş etdirdiyi oyunla Premyer-liqanı tərk etmək üçün aşkar namizəddir. Buna səbəb nədir axı?

Bəlkə futbolçular ötən mövsümdəki uğurlarına görə kifayət qədər mükafatlandırılmayıb və buna görə inciyiblər? Yox, bu mövsümdə Leicester-in oyunçularının demək olar ki, hamısının əməkhaqqları qaldırılıb.

Misal üçün, aparıcı futbolçular ötən mövsümdə həftəyə 30 min funt alırdılarsa, indi onların maaşı həftəyə 100 min funtdur.

Mütəxəssislər hesab edirlər ki, əslində çempionun zəif oyun nümayiş etdirməsinin əsas səbəblərindən biri elə məhz budur. Ötən mövsümdə Leicester futbolçuları qələbələr üçün ac idilər və hər oyunda bu qələbələri əldə etmək üçün dəridən-qabıqdan çıxırdılar.

Onlar hər oyunun ilk saniyəsindən sonuncusunadək hər top, meydançanın hər kvadrat santimetri uğrunda nə özlərinə, nə də rəqibə aman vermədən mübarizə aparırdılar.

İndi isə meydana qələbələrdən doyan, kifayət qədər böyük pullara sahib olan və bundan arxayınlaşan futbolçular çıxırlar. Nəticədə Leicester ötən ilki əzmkarlığından xeyli uzaq olan və sırf ustalığı sayəsində qələbələr əldə etmək istəyən bir komandaya çevrilib.

İdman arxayınlaşmanı sevmir

Futbolda isə belə yanaşma işləyən deyil. Nəinki futbolda, idmanın istənilən növündə elədir. Uzağa getmək lazım deyil - son 25 il ərzindəki Azərbaycan atletlərini xatırlayın.

Müxtəlif idman növlərində Olimpiadada uğurlar qazanan Azərbaycan idmançılarının heç biri növbəti Olimpiya oyunlarında bu uğuru təkrarlaya bilməyib.

Onların hamısı ilk uğurlarına görə maddi cəhətdən çox yaxşı mükafatlandırılırdı və bundan sonra əksəriyyəti öz vəzifələrinə arxayınlıqla yanaşırdı.

İdman isə belə yanaşmanı qəbul etmir. İdman nüfuz tanımır. Əksinə, idmanda nüfuzlu rəqibə qarşı hamı ikiqat əzmlə mübarizə aparır ki, özünün də mənliyini təsdiq etsin.

Əbəs yerə demirlər ki, qızıl medalı qorumaq, onu qazanmaqdan qat-qat çətindir.

Və idmançının ustalığı, onun əsl idmançı olub-olmaması məhz burada sınaqdan keçir.

Sözsüz ki, böyük uğurdan sonra idman zalına qayıdıb, əvvəlki qədər çalışmaq, meydanda rəqibə qarşı çıxanda qələbələr üçün əvvəlki əzmlə döyüşmək çox çətindir.

Təəssüflər olsun ki, heç də hamı bu sınaqdan keçə bilmir. İnsanın təbiəti elədir ki, o rahatlığı sevir və uğur əldə edəndən, rahatlığı görəndən sonra, şüuraltı səviyyəsində özünə qarşı olan tələbləri azaldır. Və bu da, təbii olduğuna görə, qınanılası da deyil.

Ona görə, təkrarcasına uğur əldə edən idmançıların sayı o qədər də çox deyil bu dünyada.

Çünki öz təbiətinin əleyhinə çıxıb, illər ərzində özünə əziyyət verib, dayanmadan, əzmkarlıqla çalışmaq heç də hər adamın bacardığı iş deyil.

Belə adamları görəndə, bilin ki, siz əsl idmançı görmüsünüz və bunu fəxrlə balalarınız və nəvələrinizə də danışa bilərsiniz...

Əlaqəli mövzular

Bu barədə daha geniş