Tapş rüşvətdən də betərdir

  • 16 Fevral 2017
Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Gündəlik danışığımızda insan ləyaqətinə yaraşmayan nə qədər sözlər, ifadələr var, bunlar söyüş deyil, amma insanı söyüşdən betər alçaldır.

Onlar bu dilə başqalarının həyatından yox, bizim öz həyatımızdan keçib. Məsələn, Tapş.

Bu söz irqçiliyə bərabər tutulmalıdır. İrqçilik bir insanın qarşısındakı qapıları dərisinin rənginə görə açır və ya bağlayırsa, tapşırmaq cəmiyyət adlı meşədə yaşayan insanın qarşısındakı imkanları kiminsə tanışı olduğuna görə açır və ya bağlayır.

Bu sözü bilməyən azərbaycanlı yoxdur. Bu söz hətta azərbaycan dilindən məşhur "Lingvo" lüğətinə də düşüb: "tapşanut, tapşevat kogo l.".

Lüğətdə mənası kiməsə "proteksiya göstərmək", himayədarlıq etmək kimi izah olunur. Orada belə bir misal da gətirilir; amerikan səfiri amerikan şirkətlərini tapşırdı.

Amma "Tapş" təkcə seçilmiş kimsələrə himayədarlıq etmək deyil, həm də lap 18-ci əsr Azərbaycan lotuları, qoçuları və qaçaqları kimi əlbir olub yol kəsməkdir. Tapşın çoxlu növləri var.

Sənin müəyyən bir dövlət vəzifən, yəni başqalarına xidmət etmək üçün dövlət tərəfindən sənə etibar olunmuş kürsün və telefonun var, sənsə o vəzifədən insanlar qarşısındakı bərabər imkanları pozmaqdan ötrü istifadə edirsən, özündən vəzifəcə aşağıdakılara zəng edərək şəxsən tanıdığın, xoşladığın insanların qarşısındakı imkanları genişlədir, şəxsən tanımadığın, xoşlamadığın insanların qarşısındakı imkanları isə bağlayırsan.

Bu, korrupsiyadan, rüşvətdən daha primitiv, daha vəhşi üsuldur, çünki daha ibtidai anlayışlara əsaslanır.

Tapş nəticəsində gizli əlbirliyi əldə olunur. Gizli əlbirliyi - qorxulu filmlərdən tanıdığınız dini sektalar, gizli qardaşlıq cəmiyyətlərinin iş üsuludur.

"Tapş" həm aşağıdan - xalq arasında, həm yuxarıdan - dövlət idarəetməsi, məmurlar səviyyəsində aramızda xərçəng kimi yayılıb.

Bir ucqar kənd evində qonaq idim. Gün keçdi, axşamüstü yorğan-döşək saldılar. Gördüm ki, salınan yataqların keyfiyyətini qonaqların statusuna görə bölürlər.

Qonağın zənginliyi, kasıblığı, oxumuşluğu, savadsızlığı döşəyinin qalınlığına, balışının iriliyinə təsir göstərir.

Adamlar öz qohumlarını ev yiyəsinə tapşırırdılar ki, onun uşağı, qardaşı və ya anası nazik döşəkdə yata bilmir, onun qohumu qapı tərəfə salınmasın. Bayaqdan süfrə arxasında yeyib-içən, deyib-gülən qonaqlar arasında gözlənilmədən gizli və arsız canavar mübarizəsi başlamışdı.

Bu o deməkdir ki, insanlara eyni gözlə baxma, onları özgələrə və bizə ayır...

"Elm adıyla naqislik"

Ancaq insanı məhz elm, mədəniyyət bayrağı altında edilən naqisliklər daha çox incidir. Milli Elmlər Akademiyasının müxtəlif institutlarında nə qədər tapşırılıb təyin olunmuş, bu dünyada heç bir mövzuda üç cümlə danışa bilməyən, səhər işə gedib axşamacan dəhlizlərdə, yeməkxanada gününü keçirən həvəssiz və fikirsiz "gənc alimlər", elmi işçilər tanıyıram.

Bunlar dövlət büdcəsindən maaş alırlar, bunlar orada həqiqi akademik tədqiqata həvəsi olan nə qədər adamın yerini tuturlar.

Hansını da soraqlasan, bibisi, əmisi, xalasının əri o sistemdə bir vəzifəsi olan adamdır. Tapşırılma ilə başqasından ötrü çətin əldə olunan iş yerini asanca qapan adamlar özlərinə belə bir hörmətsiz "seçilmişliyi" necə rəva görürlər?!

Necə olur ki, tapşırıldığı üçün başqalarından yuxarı - daha yaxşı şəraitə qaldırılan insanlar heç bir daxili narahatlıq hiss etmirlər?! Bəs onları tapşıranlar, belə də həyasızlıq olarmı?!

Odur ki, mən Azərbaycanda "akademik", "professor", "elmlər doktoru" kimi adlar daşıyan adamlara həmişə şübhəylə baxmışam. Qaranlıqdır, gecəyarı qaranlıq küçə kimi qaranlıq.

On il bundan əvvəl "academic-cum-journalist" idim. Həm jurnalist işləyirdim, həm də Akademiyanın Fəlsəfə İnstitutunda əyani aspirant idim, necə deyərlər, elmi iş yazırdım.

Əslində dünyada akademik tədqiqat və jurnalist işi bir-birinə tamam uzaq sahələrdir, həm məqsədləri, həm fəaliyyət üsulları, həm də yazı üslubları fərqlidir.

Avropada ağıllı iş görüblər bu iki fərqli yolu "cum" latın bağlayıcısı ilə "academic-cum-journalist" şəklində birləşdirənlər. "Cum" o bağlayıcıdır ki, iki uyğunsuzu birləşdirir, məsələn, oxumaqla yatmağı da birləşdirir: "study-cum-bedroom".

Azərbaycanda isə bu iki sahənin bir adamın simasında birləşməsi sözün bir başqa mənasında əlverişsizdir.

Əgər sən jurnalistsənsə, Akademiyada gördüyün elm ocağına yaraşmayan onlarca dəhşətli problemi əlindən buraxmayacaq, yazacaqsan.

Hər yazdıqca akademik yoldakı qapıları bir o qədər tapş edib bağlayacaqlar üzünə, axırda görəcəksən ki, hər şey rəvan getdiyi halda, həm də getmir, bu böyük makinanın yuxarılarından daim sənə qarşı Tapş var, başqaları yerli finiş xəttini keçib, səninsə işlərin daşdan çıxır.

Bunlar həm anonim təzyiqlər olur, həm də konkret söhbətlər. Adamı çağırıb konkret olaraq deyirlər, ya Akademiya, ya mətbuat. Əlbəttə, Akademiya bayrağı altında bazardan, tapşxanadansa, azad sözünü yaza bildiyin mətbuat yaxşıdır.

Tapşın belə çoxlu növləri var. Hamısının da ritorikası bu kimi təslimiyyət yayan sözlərdir: "Balası, böyüyə-böyüyə başa düşərsən, başa düşə-düşə böyüyərsən", "Bura Azərbaycandı" və sair.

Bunların heç biri söyüş deyil, amma insanı söyüşdən betər alçaldır.

Bu barədə daha geniş