Tural Şahtaxtinskinin bloqu: Qarğış edən uşaqlar

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Bir dəfə yas yerində şahidi olduğum hadisə məni dəhşətli dərəcədə sarsıtmışdı.

Qəmgin, əsəbi, kədərli, ağlayan insanların içində yeganə gülüşə sahib olan və hər şeydən kənar, heç nəyə fikir vermədən gülərək çadırın ətrafında dövrə vuran uşaqların döyülməsi həqiqətən dəhşətli idi.

Onlar niyə döyüldülər? Çünki ağlaşan, saçlarını yolan qadınları, oturub kədərli-kədərli söhbətlər edən kişiləri narahat edirdilər.

Onlar o uşaqların gülərək oynamasından narahat olurdular və həmin uşaqlar onlar üçün "tərbiyəsiz" idilər.

Orada gənc valideynlərə izah eləmək mümkün deyildi ki, uşaqlar üçün həyat budur, niyə onları döyərək, onlara qarğış tökərək ən gözəl dövrlərini, ən saf hisslərini məhv edirsiniz?

Niyə istəyirsiniz ki, onlar ölümü, dərdi, qəmi, problemləri, yaşlarına yad olan hissləri və həyəcanları özlərinə yükləyib gözəl hisslərdən məhrum olsunlar?

Bəzən küçədə uşaqların bir-birinə qarğış tökməsini görüb təəccüblənirəm, belə halların qonaq getdiyim evlərdə olan bacı-qardaş arasında da şahidi oluram.

Axı bu dünyanın ən gözəl tərəflərini, ən saf hislərini yaşayacaq uşaqlar bu qarğışları necə bir-birinə deyə bilirlər? Bunlar bunu haradan öyrəndilər? Bu kin, nifrət haradan ürəklərində, dillərində, hisslərində yer ala bilib?

Bilmirəm, bəlkə mən hadisələrə daha bədbin yanaşıram, amma əminəm ki, bunların olması heç də gözəl gələcəyə vəd vermir.

Toy-bayram günləri

Bu il yeni il bayramında rayonların birində oldum, yeni il gecəsi insanlar əylənmək üçün rayonun mərkəzi küçələrinə toplaşmışdılar. Orada daha çox uşaqlar və gənclər toplaşmışdı və bu çoxluğu yalnız kişilər təşkil edirdi.

Demək olar ki, yolkanın yanında olan Qar qız və yolüstü onlarla şəkil çəkdirməyə gələn ailələr olanda qadın gözə dəyərdi. Bir dəfə oradan iki gənc qadın keçdi, onları da peşman elədilər.

Həmin gənclərin və uşaqların yəqin ki hamı kimi ən gözəl günlərindən biri də bayram günüdür. Elə həmin gün də ora toplaşmaq səbəbləri o gözəl günlərini daha əyləncəli qeyd eləmək idi.

Bəlkə də ilk dəfə idi belə bir hadisəni diqqətlə müşahidə edirdim, hər dəqiqə məni təəccüb hissi bürüyürdü.

Açığı bu "təəccüblənmək" məsələsini də dilimə gətirməyə utanıram, uzun zamandır ölkədə elə hadisələrin şahidi oluruq ki, artıq nəyəsə təəccüblənən insanları bir az şübhə altına salırlar.

Düz də edirlər, bu qədər problemin içində mənim təəccübləndiyim işlərə bax! Amma nə edək, bunlar da elə sıradan bir şeylər deyil, bir balaca həssaslığı olan insanlar yəqin məni yaxşı başa düşər, bu mənada təəccüblənməyimə yetərincə haqq qazandıra bilərəm.

Həmin gün insanların necə əyləndiklərini, nəyə sevindiklərini, onları xoşbəxt edən şeylərin nə olduğunu görüb düşündüm: bunların içində əlbəttə uşaqlar bir-birinə qarğış tökəcək, bir-birinə nifrət edəcək, kin saxlayacaq, hətta bir-birinə ziyan da vuracaq.

Onlar bir yerə toplaşıb sadəcə bir-birini incidirdilər, həmin günün sevincini bir-birinin burnundan gətirməklə məşğul idilər.

Mən heç vaxt əl qumbarasına bənzəyən gur və təhlükəli partlayışı olan bir şeyi yandırıb kiminsə ayağının altına atmağı, kiminsə cibinə, köynəyini açıb sinəsinə qoyub qaçmağı başa düşə bilmərəm.

Uşaq vaxtı mənə də ediblər, hələ də əlimdə izi qalıb, hələ də o izi görəndə həmin adama əsəbiləşirəm. İki dəqiqədən bir etdiyi hərəkətlərə görə bir-birilə dalaşıb-didişib əylənən insanları heç cür başa düşmək olmaz.

Məsələ budur ki, uşaqlar da bu cür əylənməkdən zövq alırdılar. Hələ maşını bacardıqları qədər ən son sürətlə insanlar toplaşan yerdən sürüb keçənlərin əyləncəsini heç anlamamışdım, onları alqışlayan insanlar isə sadəcə dəhşət idi.

Tək bayram günləri deyil, ad günləri olsun, toy olsun, hanısa yaxşı bir hadisəni qeyd etmək olsun. Mən bütün əyləncələrin ya əvvəlində, ya ortasında, ya da sonunda problem gördüm, dava-dalaş gördüm.

Məsələn, bizim xalqın ən sevdiyi adətlərdən biri də toydur. Toy həyatlarının bəlkə də ən gözəl günlərindən biridir.

Düzdür, mən bunu qəbul etmirəm və bu adətləri son dərəcə mənasız hesab edirəm, amma bunun məsələyə heç bir dəxli yoxdur.

Biz həmin günlərin çoxunda nə görürük? Ən gözəl günlərində belə bir-birilə normal davranış qaydalarına əməl edə bilməyən insanları, bir-birini döyən, söyən, vurub öldürən adamlarla dolu bir məkan gözümə gəlir toy deyəndə və bütün bu hadisələr həmişə uşaqların gözü qarşısında baş verir.

"Qəbilə təfəkkürü"

Mən ailə tanıyıram ki, beş uşaq sahibidir və bu uşaqların doğulma səbəbi dörd qızdan sonra cəmi bir oğul doğulmasıdır.

Bəli, burada əsas məsələlərdən biri və ya birincisi hələ də qəbilə təfəkküründə yaşayan insanların qadınlara münasibətidir, amma bu uşaqların da qız ya oğlan olmasından asılı olmayaraq doğulması, dünyaya göz açması məsuliyyəti əsas məsələdir və bu məsələni həqiqətən nəzərə alan varmı?

Bu gün Azərbaycanda bir insanın dünyaya gəlməsi nə deməkdir? Niyə bu qədər asan baxırlar bu işə?

Bu gün ailə problemlərindən danışan yüzlərlə insanın ilk ağlına gələn ailənin maddi vəziyyətidir. Yəni pulun varsa, neçə insan istəsən gətir dünyaya, yoxdursa biri də olsa olar.

Bu gün ailələrə nəzər salsaq, onların uşaqların yanında olmazın qarğışlarını, təhqirlərini, söyüşlərini heç uşaqları nəzərə almadan bir-birinə yağdırdığını görərik.

Bu gün hələ də cəmiyyətin cavabını tapa bilmədiyi suallardan biri də səhv edən uşağı döymək olar ya olmazdır. Nədir bu insanların bir-birinə çəkdirdikləri zülmlər?

Problemlərdən biri də nə qədər deyilsə də, nə qədər çeynənmiş mövzu olsa da dili hələ yeni-yeni söz tutan uşağa söyüş öyrədilməsidir.

Təbii ki, insanların söyüşlə danışması, özünü ifadə etməsi mənim üçün problem deyil, amma yeni dil açan bir uşağa öz yaşına uyğun hekayələrdən, nağıllardan daha əvvəl söyüş öyrədilməsi mənim üçün problemdir.

İndi Azərbaycanda gənclərin üzərində böyük bir yük var- ailə və uşaq yükü. Onlar hələ həyata baxmağa yeni-yeni çalışdıqları an valideyn təzyiqi altında ailə qurmağa, uşaq dünyaya gətirməyə məcbur qalırlar.

Niyə? Nədir qırx yaşında bir valideynin nəvə həsrəti? Tez qocalmaq arzusu? Məgər o uşağın həyatı sənin ona verəcəyin yeməkdən, maşından, evdən, paltardan ibarətdir?

Yetmiş yaşlı bir qoca uşaqların gözü önündə heç bir xəcalət və məsuliyyət hissi olmadan qapıda dolaşan pişiyə daş atır, təpik vurur, içini çəkib boğazına dolmuş bəlğəmli tüpürcəyi rahatlıqla qapı bacaya tüpürür, əlində olan zibili yerə atır və s.

Hələ üstəlik ailə də daxil olmaqla hər kəsin az qala uşaqların nəfəs almasına belə qarışması, onlara hər addımda qadağalar qoyması da var, bu da çox keçmədən özünü bir xəstəlik kimi üzə çıxarır.

İndi bütün bunları düşünüb deyirəm, görəsən, bizim uşaqların bir-birinə qarğış tökməsi niyə normal görünür, bəli bu artıq sual deyil, bu artıq elə cavabdır.

Qarğışın ümumiyyətlə bizim insanlar arasında yayğın olması dəhşətdir.

Sürət zamanı

Bu yaxınlarda uşaq ədəbiyyatına aid hekayələr toplusu oxuyurdum və ağlıma gələn ilk sual o oldu ki, bu hekayələrə bizim uşaqların reaksiyası nə olardı?

Gərgin, əsəbi, adi davranış qaydalarını bilməyən, bütün gün kin, nifrət içində olan uşaqların həyatı həqiqətən sual altındadır.

İndi həyatımız həqiqətən çox sürətlidir, hər şey sürətlə dəyişir və irəli gedir. Elm, texnologiya durmadan inkişaf edir.

Dəhşətli kəşflər var bu gün dünyada. Sistemlər də sürətlə dəyişir. Bəzən yazıçı dostlarımla danışanda deyirəm bu sürət zamanında ədəbiyyatın rolunun tamamilə kölgədə qalmasından qorxuram,amma yenə də özümə təsəlli tapa bilirəm.

Sürətlə yayılan xəstəliklər və onlara tapılan müalicələr, bir tərəfdə hələ də davam edən mənasız ideologiyaların müharibələri, bir tərəfdə yürüdülən siyasətlər, iqtisadi müharibələr, dəyişən diktatorlar, inkişaf edən azad ölkələr və orada insanların qarşılaşdığı hələ bizim bilmədiyimiz problemlər.

Dünya həmişə olduğu kimi bu gün də çaşqınlıq içindədir, amma bu gün bütün bu hadisələr daha sürətli olur və fərq yalnız elmin daha da irəli getməsində, müasir dünyanın yaratdığı problemlərdədir.

Bəs bu həqiqi xaosun içində dünyaya yeni bir insan gətirmək həqiqətən bizim insanların düşündüyü qədər asan işdir?

Bütün bunların içində onlara öyrətdikləri yeganə şey qarğışdır. Nədir qarğış? Ölümü, bəlanı, bəd hadisələri insanların bir-birinə arzu etməsi.

Mən çox istəyərəm bu ölkədə işıqlı, saf, rəngli və gözəl hisslərlə yaşayan, elmə, təhsilə, incəsənətə marağı olan uşaqlar yetişsin.

Bu sürət zamanında, inkişaf etmiş dünyada mənim problemlərimdən biri də budur. Mən istəmirəm həmin o körpələr böyüyüb qatil, axmaq bir insana çevrilsinlər.