Mehriban Əliyeva – çox pis rol modelliyi?

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Demokratiya - problemlərin həlli deyil, demokratiya imkandır, deyiblər. Demokratiya həm də müxtəlif qrupların imkanlara malik olmasıdır.

O qruplardan biri də qadınlardır. Qadınların maliyyə imkanlarına təkbaşına yiyələnməsi, qadınların siyasi karyeraya kişi iradəsi olmadan müstəqil surətdə yiyələnə bilməsi.

Ötən həftə Mehriban Əliyevanın vitse-prezident postuna təyin edilməsi həm də vacib bir sosial problemi aktuallaşdırdı. Özü də 8 mart qabağı.

O problem budur: Azərbaycanda qadınlar kişi dəstəyi olmadan, kişi çiyinlərinə dırmaşmadan yüksək maliyyə imkanlarına, siyasi karyeraya malik ola bilmirlər.

Mehriban Əliyevanın təyinatından sonra mən ölkənin minlərlə qadınının reaksiyasını dəhşət içində izləyirdim. Əvvəla, onlar bu hadisəni cins həmrəyliyi kimi qeyd edirdilər, buna ölkənin siyasi profilini dəyişdirən siyasi hadisə kimi yox, bir qadın məsələsi kimi baxırdılar, deyirdilər ki, ilk növbədə bir qadının Azərbaycanda hakimiyyətə gəlməsini alqışlayırlar.

Hətta bu münasibətlə "siyasətdə gender bərabərliyi", "feminizm" kimi sözlər havada uçuşmağa başladı.

Halbuki, qadınların faktiki olaraq yalnız kişilər üzərindən siyasi hakimiyyət və yüksək maliyyə müstəqilliyi əldə etdiyi bir ölkədə Mehriban Əliyeva da bir kişi üzərindən vitse-prezident olub və bu, qadınlar üçün çox pis rol modelliyidir.

Fotonun müəllifi mehriban-aliyeva.az
Image caption "Mehriban Əliyevanın Birinci vitse-prezident postuna təyin edilməsi həm də vacib bir sosial problemi aktuallaşdırdı"

Bu, qadınlara nə mesaj verir, qadınlar bu hadisədən özləri üçün nə nəticə çıxarırlar? Budur, bir qadın bir rəy sorğusu videosunda deyir ki, kaş İlham Əliyev mənim ərim olardı. Yenə də ağ atlı oğlan.

Təhlükəsizlik Şurasının həmin iclasına baxanlar asanlıqla görə bilərlər ki, Azərbaycanda yuxarı siyasi zümrə qoca kişilərdir. Ümumiyyətlə, Qoca Kişi - Azərbaycanda çox nüfuzlu sosial qrupdur.

Qoca kişi olmağın necə deyərlər, "legendası var". Onlar nuranidir, müdrikdir, dünyanın işlərindən yaxşı başları çıxır.

Hətta Azərbaycan ədəbiyyatının səksən faiz qəhrəmanları qoca kişilərdir. Hekayələr belə nəql olunur, Məhərrəm kişi həyətə çıxdı, fikirli-fikirli toyuq-cücəyə baxdı. Qurban kişi, Dadaş kişi, Piri baba...

Sovet quruculuğu vaxtı Azərbaycanda ər-arvadın birlikdə ictimai siyasi işlə məşğul olmasının ənənələri olub, misal üçün, Ayna Sultanova - Həmid Sultanov.

Fotonun müəllifi wikimedia.org
Image caption "Ayna Sultanovanın həyat tarixçəsini oxuyanda görürük ki, o, lap əvvəldən müstəqil qurub öz siyasətçi həyatını."

Amma onların hər ikisi öz sosialist karyeralarını müstəqil surətdə qurublar. Ayna Sultanovanın Azərbaycanın "ilk sosialist qadını" kimi təyinləri var. Belə bir ölkədə həmin vaxt bir gənc qadının siyasi şüura və istəyə malik olması balaca məsələ deyildi.

Ayna Sultanova daha yaxşı siyasətçi olub, nəinki Həmid Sultanov. Tarixdə Həmid Sultanovun tez-tələsik imzaladığı qərarla yazıçı, publisist Firudin bəy Köçərlini güllələnməyə göndərməsi qalıb, Nəriman Nərimanovun onu buna görə danlaması qalıb...

Ayna Sultanovanın həyat tarixçəsini oxuyanda görürük ki, o, lap əvvəldən müstəqil qurub öz siyasətçi həyatını.

Üstündən onillər keçib. İndi bura elə bir ölkədir ki, ilk baxışdan yollarda qadınlar bahalı avtomobillər sürürlər, qadınların adına evlər və villalar var, amma bütün bunları qadınlar özləri qazanmayıblar, əksər hallarda qadınlar kişini qazanıblar və kişi də bütün bunları onun üçün alıb.

Belə bir mühitdə yeni nəsil qadınlar üçün rol modelliyi qadının müstəqil surətdə, kişi köməyi olmadan nailiyyələr əldə etməsidir, ər, qardaş, ata dəstəyi olmadan.

Bu barədə daha geniş