Həyatından şikayətlənən, nə istədiyini bilməyən insanlar haqqında...

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Beş-altı ay bundan əvvəl istər daim qarşılaşdığım, görüşdüyüm insanlar, istər gördüyüm işlər, əyləncələr, istər sosial şəbəkələr - hamıdan, hər şeydən uzaq yaşamaq qərarına gəldim.

Dağlıq bir ərazidə, yaşayış yerindən uzaq, internetsiz, yalnız ərzaq gətirən dostumu on gündən bir görərək düz iki ay yaşadım və iki ayda ancaq kitab oxudum.

Elə bu vaxt ərzində ən böyük qazancım oxuduğum kitablar oldu.

Həmin iki ayın sonunda özümə belə bir sual verdim: "Bu vaxt ərzində daha çox nə çatışmırdı?" Çox düşünmədən sualın cavabını tapdım.

Həyatımda yeganə iki ay idi ki, bu ölkədə heç kimdən şikayət eşitmirdim, problemlərindən, xəstəliklərindən danışan, həyatından, yaşamaqdan şikayət edən insanlar olmurdu.

Adətən "necəsən?" sualını verəndə ilk cavab "yaxşı" sözü olur. Əvvəllər elə bilirdim "yaxşı" cavabının çox vaxt yalan deyildiyini təkcə mən bilirəm, sonra anladım ki, əslində bunu hamı bilir.

Məhz bu səbəbdəndir, "yaxşı" cavabını eşidən insan yenidən başqa formada sual verir, məsələn, "özün necəsən?", "başqa nə var nə yox?" və s.

Sanki qarşılarındakı insanın həqiqətən yaxşı olmasına inana bilmirlər və görünən odur ki, elə ikinci sualdan şikayətlər başlayır.

Məsələn, daimi hansısa xəstəlikdən əziyyət çəkənlər, müxtəlif problemləri olanlar, nəyəsə tələsənlər, nədənsə şikayətlənənlər, kədərli, dərdli insanlar olur.

Bəs necə olur heç nə düzəlmir, öz yerini tapmır, qaydasına düşmür?!

İndi Azərbaycanda nədənsə narazı olan, nədənsə şikayətçi olan insanlar haqqında danışanda bu vəziyyəti iki cür qiymətləndirmək olar:

Əsassız şəkildə hər şeydən şikayətçi olan, nəyinsə düzəlməyinə çalışmayan insanlar, bir də həqiqətən problemlərinin nə olduğunu bilən, yalan danışmayan və onları düzəltməyə çalışan insalar.

Somerset Moemin "Luiza" adlı hekayəsi var. Yeri gəlmişkən həmin yazıçıdan "Teatr", "Ay və qara qəpik" kimi maraqlı əsərləri tapıb oxuya bilərsiniz.

Hekayədə qəhrəmanın həyatını oxuyanda həmin - əsassız şəkildə hər şeydən şikayətçi olan və nəyinsə düzəlməyinə çalışmayan insanlar gözümün qarşısına gəlmişdi.

O, daimi xəstəliyindən şikayətçidir, öləcəm deyib illərlə öz həyatını normal yaşayır amma yanında olan insanları bədbəxt edir, onları öldürür.

Bəzən görürsən gənc bir insan həyatından şikayətlənir, heç nəyin yolunda olmadığını deyir, amma nə istədiyini də bilmir. Nə təklif etsən mənasız adlandırır, danışdıqların onunçün yalandır, oyundur, guya yeganə həqiqət ölümdür.

Bu müşahidələrimi ümumi qiymətləndirsəm həmin şikayətlərin, problemlərin sonda heç bir nəticəsi olmadığını deyə bilərəm. Çünki onların əsaslı səbəbini, mənasını görmürəm. Bəlkə bütün bunlar boşluqdan yaranır.

Məsələn, əlli yaşlı bir insan artıq hər şeyi bildiyini, hər şey etdiyini düşünür, əlini ağdan-qaraya vurmur, yaşamaq üçün lazım olan nə varsa övladlarının üstünə atır.

Beləcə əksər gənclərdə tez qocalmaq arzusu, həyatlarını kiminsə həyatı üzərində yaşamaq, əziyyət çəkməmək istəyi yaranır. Dönüb geriyə baxanda da görürsən o insanların həyatı mənasız adət-ənənələrlə, şikayətlərlə, deyingənliklə keçib.

Çox vaxt özlərinə tapdıqları şikayətlər, problemlər yetmir, onlar qonşunun, qohumun, dostun, övladlarının dərdini çəkməyə başlayırlar.

Beləcə qadağalar, qeybətlər yaranır, həyat isə amansızdır, dayanmadan davam edir. Sonda onlar heç düşünmədikləri vaxtda artıq həyatın bitdiyini anlayır və öz həqiqi istəklərinə qovuşurlar.

Bir çox insan dövlətdən narazıdır, hazırda demək olar ki, ölkədə heç nə öz yerində deyil. Bu vəziyyəti müşahidə edəndə həmin- həqiqətən də problemlərinin nə olduğunu bilən və onları düzəltməyə çalışan insalar gözümün qarşısına gəlir.

Bu insanların bəzən hər şeyə qarşı inamsızlığı, ümidsizliyi yaranır. Cəmiyyətdə, bəzən ailələrdə insanlar arasında bir-birinə inamsızlıq olur. Bəzən nə deyilsə də, dünyada nə baş versə də ilk olaraq yalan olduğunu düşünürlər, inanmağa çətinlik çəkirlər.

Bu inamsızlığın, ümidsizliyin səbəbi isə nə qədər tənqid olunsa da, şikayət olunsa da dövlətin insanlara qarşı münasibətinin dəyişməməyidir.

Onlar təhsil sistemindən, səhiyyədən, sosial problemlərin həlli yolundan narazıdırlar, bunu düzəltməyə çalışırlar amma nəticə əldə edə bilmirlər.

Çünki təhsilsizlik, səhiyyədə olan problemlər, sosial problemlər və s. birinci haqqında danışdığım- əsassız şəkildə hər şeydən şikayətçi olan, nəyinsə düzəlməyinə çalışmayan insanların həyatını formalaşdırır.

Nəticədə cəmiyyətdə bölünmə yaranır. Əgər hər kəs problemin nə olduğunu dəqiq bilsə, onları düzəltməyə çalışsa, inanıram ki, bu şikayətlərin, bədbinliyin, qayğısızlığın yerini normal, xoşbəxt, həqiqi həyat əvəz edəcək

Bu barədə daha geniş