Dəyişən Bakı - maşınlar və piyadalar

Bakı Fotonun müəllifi Lars Baron/ Getty

Keçən il Azərbaycan televiziyasına baxırdım. Lenin Sarayının qabağında Nisə Qasımova mahnı oxuyurdu. Yəqin ki 80-ci illərin əvvəli idi.

Sovetsayağı kliplərdən biri idi. Nisə xanım fontanın arxasında dayanmışdı, müğənni ilə sarayın arasında isə yol var idi. Bildiyimiz Bül-Bül prospekti.

Birdən fikrim avtomobillərə getdi, daha doğrusu avtomobilin olmamasına. Nisə Qasımovanın bir neçə dəqiqəlik mahnısı ərzində Bül-Bül prospektindən yalan olmasın bəlkə də 2-3 maşın keçdi.

Şəhərdə maşın yox idi. Və birdən anladım ki, Bakı hardasa 30 il əvvəl tamamilə başqa şəhər olub, infrastruktur və nəqliyyat baxımından.

O vaxt küçələr dar idi, indi bildiyimiz bir tərəfli küçələrin bəziləri o zaman iki tərəfli idi.

Bir qohumum var, nəqliyyat sahəsi işçisi olub və o gün mənə danışırdı ki, Azadlıq prospekti 28 Maydan üzü yuxarı iki tərəfli küçə olub, həm yuxarı gedə bilirdin həm də aşağı.

Bakıda yaşayanlar, xüsusilə də çoxdandır ki yaşayanlar bu fərqi çox gözəl görürlər. Şəhər çox dəyişdi son illərdə. Bu dəyişmənin çox vacib bir ünsürü də avtomobillərdir.

Şəhər avtomobil üçün bir şəhərə çevrildi son illərdə. Qərbdə sənaye inqlabı və avtomobil sənayesinin inkişafı nəticəsində yaranan bu fenomenə "Auto City" adını vermişdilər, yəni "Avto Şəhər".

Sovet İttifaqında da bu proses, yəni avtomobilləşmə, ciddi miqyaslara çatmışdı, amma kapitalizm bunu pikə yüksəltdi.

İndi yaşadığımız avtomobilləşmə kapitalizmin və bazarlaşmanın əlamətidi. Əvvəl bazar bir neçə yerdə idi, indi bütün şəhər bazardı - o mənada ki, hər yerdə istehlak və xidmət var.

Bu bazarı dəstəkləmək üçün malların daimi nəqliyyatına ehtiyac yaranır. Yollar bu nəqliyyatı və daşınmanı təmin etməlidi.

Eyni zamanda şəhər yaşayış ərazisi olaraq böyüdü. Hər yerdə yaşayış olduğu üçün yeni yollar yarandı.

Bu arada həm də banklar çoxlu kredit verdi və hamı maşın aldı.

Maşınlar və piyadalar

Bu bir çox müasir kapitalist şəhərin aqibətidir. Böyük bir maxinaya çevrilir şəhər, hər şey sürətli hərəkət etməlidi - insanlar, əmtəə, məlumat, yemək, hər şey. Yəni əslində şəhər özü bir maşına çevrilir. Daxilindəki hərəkətlər sürətlənir, mexanikləşir, rutinləşir.

Şəhərin avtomobil üçün olması o deməkdir ki, piyadalar üçün imkanlar azaldı, piyada marginallaşdı. Həm də piyada yola yaxınlaşdığı zaman daimi təhlükə hissi içində yaşamağa başladı.

Avtomobil icad olunmadan və daha sonra sənayeləşmədən əvvəl bu təhlükə mövcud deyildi. Piyadalar küçələrdə üstünlük təşkil edirdi.

Köhnə fotolara və filmlərə baxsanız görərsiz ki, küçələr insanların gəzintisi üçün idi, arada bir də fayton filan keçərdi. Bu bütün dünyada belə idi. Piyada qorxu içində deyildi, təhlükəsiz hiss edirdi özünü.

Maşınlar bunu dəyişdi. Müasir cəmiyyətin tələbləri başqa idi. 1924-cü ildə Los-Angeles şəhərinin Nəqliyyat Kommissiyasının məsləhətçisi McClintock söyləmişdir ki, köhnə qaydalar dəyişməlidir və müasir nəqliyyat vasitələri piyadalardan daha çox haqqa sahib olmalıdırlar.

Belə də oldu. Hər yerdə avtomobil daha vacib olmağa başladı.

Maşınların gətirdiyi yeni faciələr yarandı, eyni zamanda. "Avtomobil qəzası" deyə bir hadisə ortaya çıxdı. Həm maşını idarə edən həm də piyada üçün eyni dərəcədə həyat təhlükəsi yarandı.

Şəhərlərdə avtomobillərin kütləviləşməsinin iki əsas səbəbini qeyd edirlər, çox zaman. Birincisi, maşın insanlara azadlıq verdi. İkincisi, avtomobil istehsal edən şirkətlər bu məhsulu yaxşı təbliğ etdilər.

Avtomobil yolları genişləndiyi üçün, trotuarlar daraldı, istifadəsiz hala gəldi bəzi yerlərdə. Bəzi yerlərdə piyadalar yerin altına girməli oldular, yolu keçmək üçün.

Yeri gəlmişkən, qabaqcıl şəhərlərdə yeraltı keçidlər yaxşı hal sayılmır, həm də insanların təhlükəsizliyi baxımından.

Bu yaxınlarda Facebook-da bir sual paylaşdım. Sual belə idi: "Necə oldu ki, azərbaycanlı sürücülər piyada keçidlərində piyadalara yol verməyə başladılar?" Bir çox maraqlı cavablar səsləndi.

Cərimələr insanların davranışına təsir etdi deyənlər oldu. Sürücülərin davranışı bir-birinə təsir etdi, yəni biri dayandı zebrada, o biri də ona baxdı dayandı.

Piyadanı vurmaq qorxusu, piyada ilə empatiya qurmaq niyyəti də var cavabların içində və sairə. Bunların hamısı ilə razıyam. Amma dərsdə sual vermiş və istədiyi cavabı almamış müəllim sindromu ilə son ştrixi əlavə edəcəm.

Mən, həmişəki kimi, biraz da dərinə gedəcəm. Mənə elə gəlir ki, işin içində şəhərin ictimai məkanının ədalətli paylaşılması, sosial bərabərsizliyə və ümümiyyətlə dominantlığa etiraz var.

Bəzən güc münasibətləri bilmədiyimiz və gözləmədiyimiz yerlərdə təzahür edir. "Zebra" məsələsindəki dəyişikliklər mənə görə, həm də, onunla bağlıdır ki piyada özünü daha vacib hiss etmək istəyir.

Hər bir sürücü hər bir piyadaya, yumşaq desək, yuxarıdan aşağı baxır. Eyni zamanda piyada da bir sürücüyə aşağıdan yuxarı baxır. Bu bir sosial təbəqə fərqidir, bir dominantlıq məsələsidir, "kimin kimə yol verməsi" hadisəsidi.

Zebra hadisəsi, məncə, şəhərin maşınlaşması ilə bağlı sosial bərabərsizliyin artmasına qarşı insanların müqavimətinin simvoludur. Maraqlıdır ki, sürücülər də əslində bu müqavimətin bir hissəsi hiss edir özünü.

Və təbii ki, inzibati cərimələr də öz rolunu oynadı, amma mənə elə gəlir ki, burada psixoloji və sosial məqam vacibdir, həm də bir siyasi iradə var.

"Birinci maşın sonra insan" anlayışı tədricən dəyişir, çünki, dediyim kimi, avtomobil həm də sosial bərabərsizliyin simvoludur və burada bir sosial etiraz var.

Etirazın bir təzahürü də velosiped hərəkatıdır ki, hələ bizdə çox zəifdir. Bir çox ölkələrdə velosipedlər sırf avtomobilləşməyə müqavimət kimi yayıldı.

Misal üçün, Hollandiyada velosiped istifadəsi həm də ona görə artdı ki, avtomobil qəzalarında ölən insanların, xüsusilə uşaqların, sayı artmağa başladı.

Burada həm də kritik kütlə məsələsi vacibdir. Həm maşın həm də piyada çoxdur şəhərdə və bu da daha effektiv idarəetmə ehtiyacı yaradır.

Əgər fikir vermisinizsə yol polisinin sürücüləri səbəbsiz saxlama halları çox azdır, əvvəlkinə nisbətən. Oyunun qaydaları dəyişib.

Səbəblərdən biri (ve bəlkə də ən vacibi) odur ki, nəqliyyat vasitələri çox artdı və dövlət anladı ki, köhnə üsullarla idarəetmə yararsızdir.

Yəni sosial modernləşmə institusional dəyişiklik gətirdi.

Yeni dəyişikliklər isə hər zaman olacaq. Çünki cəmiyyət canlıdır və yerində durmur.

Bu barədə daha geniş