Arsenalda Wenger erası davam edəcəkmi?

Arsene Wenger Fotonun müəllifi Dan Mullan/ Getty
Image caption Arsene Wenger

Son bir neçə həftə ərzində Premyer-Liqada ən çox müzakirə olunan mövzu Arsenal və onun baş məşqçisi Arsen Wenger-dir.

Düzdür, son həftə Claudio Ranieri-nin Leicester-dən çıxarılması bütün başlıqları zəbt edib, futbol ictimaiyyətinin diqqətini Wenger-dən yayındırmışdı, lakin o xəbər bir partlayış kimi sovulub getdi və Ranieri-ni artıq heç xatırlayan da yoxdur.

Wenger mövzusu isə Arsenalın son turda Liverpool-a məğlubiyyətindən sonra yenidən futbol aləminin nəzərinə çarpdı.

Və burada söhbət sırf məğlubiyyətdən deyil, onun ətrafında baş verən hadisələr barədə gedir.

İş ondadır ki, Wenger-in Liverpool-da meydana çıxardığı heyətdə komandanın əsas zərbə qüvvəsi, Premyer-Liqa mövsümündəki keçirdiyi 25 oyunda komandasının 25 qolunda iştirak etmiş (17 qol və 8 məhsuldar ötürmə) Alexis Sanchez yer almamışdı.

Çilili hücumçu komandası 0:2 hesabı ilə geridə olanda meydana buraxıldı və onun çıxışı ilə Arsenal üstünlüyü ələ ala bildi. Lakin londonlular buraxılan toplardan birinin əvəzini çıxsalar da (məhz Sanchez-in ötürməsindən sonra), son saniyələrdə daha bir qol buraxıb, məğlub oldular.

Sanchez hazırda dünyanın ən yaxşı hücumçularından sayılır və onun sağ-salamat olduğu halda əsas heyətdə yer almamağı təbii ki, suallar yaratdı.

Oyundan sonra Wenger hücumda Olivier Giroud ilə Danny Welbeck-ə üstünlük verməyini taktiki səbəblərlə izah etdi.

Yəni o, Liverpool-un pressinqinin altından çıxmaq üçün topların hücum xəttinə uzun ötürmələrlə çatdırılmasını nəzərdə tuturdu ki, bunun üçün ön xəttdə məhz fiziki mübarizədə yaxşı olan bu futbolçuların yer alması labüd idi.

Lakin Wenger-in cavabı İngiltərə mətbuatını qane etmədi və qəzetlər Sanchez-in ehtiyat skamyasında əyləşməsinin başqa səbəbini aramağa başladılar. Və təbii ki, tapdılar.

Nəticədə bir neçə qəzet xəbər verdi ki, oyun ərəfəsindəki məşqdə Sanchez bir neçə komanda yoldaşı ilə qızğıncasına sözləşərək, məşqin ortasında meydançanı tərk etdi. Bu xəbər isə məsələni tamamilə dəyişdirdi...

Azarkeşlər qələbələr tələb edirlər

Wenger artıq uzun müddətdir ki, çempionluq qazanmadığına görə azarkeşlərin tənqidi altındadır. Bu tənqid ildən ilə artır, bu mövsümdə isə lap çoxalıb və təbii ki, komandanın sahibləri də bu tənqidin təzyiqi altına düşürlər.

Demokratik cəmiyyətlərdə isə, hakimiyyətdə olanlar istər-istəməz tənqidə cavab verməlidirlər. Bu halda həmin cavabın ən gözlənilən forması isə Wenger-in işdən azad edilməsidir.

Təbii ki, Wenger bunun baş verməyini istəmir. Dünyanın ən tanınmış klublarından birinə 20 il başçılıq etdikdən sonra, oradan qovulmaq, 67 yaşlı fransız üçün arzuladığı karyera sonluğu deyil. Yenə də, təbii ki.

Bir neçə ay bundan əvvəl Wenger-in Arsenaldakı işini təhlil edərkən, yazmışdım ki, əslində komandanın heyətində olan futbolçuların səviyyəsinə, kluba yatırılan və oradan qazanılan pulların nisbətinə baxsaq, Wenger çox uğurlu və bacarıqlı məşqçi və menecerdir.

Misal üçün Chelsea və Manchester-in iki nəhəngi futbolçuların alınmasına Arsenaldan xeyli çox pul xərcləyir, onların göstərdiyi nəticələr isə bəzən Wenger-in komandasındakından daha zəif olur. Belə ki, Arsenalın sahibləri üçün bu fransız əsl xəzinədir.

Lakin Şimali London azarkeşləri məhz klubda kifayət qədər pulun olduğunu vurğulayaraq, komandanın oyununu gücləndirmək üçün dünya səviyyəli oyunçuların niyə alınmadığını soruşurlar.

Azarkeşlər bunun günahını Wenger-də görərək, onu tez-tez xəsislikdə günahlandırırlar.

Komandanın heyətində olan iki böyük ulduzdan biri olan (Mesud Özillə yanaşı) Sanchez-in belə açıqcasına narazıçılıq bildirməyi Wenger üçün mənfi nəticələnə bilər - indi onu komandada birliyi və özünə olan hörməti qoruyub-saxlaya bilməməkdə ittiham edə bilərlər ki, bu da hər bir məşqçi üçün ən böyük qüsurdur.

Wenger də bunu gözəl başa düşür və ona görə bazar ertəsi verdiyi mətbuat konfransında o, qəzetlərin yaydığı məlumatın uydurma olduğunu bildirdi: "Bəli, Sanchez bir qədər çılğın ola bilər, lakin belə şeylər hər bir komandada baş verir".

Arsenalın kapitanı Per Mertesacker də komandanın baş məşqçinin arxasında durduğunu söylədi: "Biz ona inanırıq və oyunçuların hamısı Wenger-in rəhbərliyi altında xoşbəxtir".

Hər halda mövsümün sonunda görərik. Əminəm ki, Wenger kimi nəhəngi ona qədər heç kim işdən çıxarmayacaq...

Əlaqəli mövzular