Yaşayış yerindən uzaq, internetsiz və tək iki ay yaşamaq

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Həmişə istəmişəm ətrafım insanlarla dolu olsun, yanımda bir insanın olmağı məni daha rahat edib, nəinki tək qalmaq.

Buna baxmayaraq, əvvəlki yazımda qeyd etdiyim kimi mənim üçün heç nəyin əhəmiyyəti qalmadığı zaman olub. Hər şeyə qarşı soyuq, küskün, əsəbi, bezgin, bədbin, həm də depressiv idim.

Yeganə istəyim özümü haradasa, çox rahat bir yerdə tapmaq idi. Nə qədər çətin qərar olsa da bunu bacardım.

Heç nəyin yolunda olmadığını düşünürdüm. Hətta bəzi dostlar intihar edəcəyimdən qorxurdu, halbuki, qətiyyən etməzdim.

Yaşayış yerindən uzaq, dağlıq ərazidə ev var idi, dostum oranı yaşamağım üçün vermişdi. İki ay hər şeydən uzaq, internetsiz, tək, bəzən on, bəzən on beş gündən bir ərzaq gətirən dostumu görərək yaşadım.

Aradan vaxt keçəndən sonra bəzən telefonu götürüb yaxın insanlarla əlaqə saxladım, bunu öz istəyimlə elədim, məcbur qaldığım üçün yox. İki ayda gündəlik həyatımda etdiklərimdən yalnız kitab oxumaq qalmışdı, qalan hər şeydən imtina eləmişdim.

Birinci gün səhər açılanda ilk düşündüyüm sobanı odunla doldurmaq, çay dəmləmək, yeməyimi yeyəndən sonra siqaret çəkib kitab oxumaq oldu.

Çay, yemək, kitab öz yerində, amma siqaret alınmadı, axı dünən siqaret götürməmişdim.

Bunu ilk anda qəbul etmədim, dəfələrlə "siqareti atacam" demişəm, bir gün sonra yenidən başlamışam. O günə qədər elə bilirdim bu heç vaxt mümkün olmayacaq.

Bayıra çıxdım. Sanki kimsə mənə dedi ki, burada nə dükan var, nə də insan. İndi o ərazidən xeyli yol gedib yenidən insanlarla birgə həyata qayıtmaq qalırdı, ya da içəri girib öz qərarınla barışmaq.

Kimləsə əlaqə vasitəsi yox, insan yox - heç nə yoxdur. Sən və kitablarda olan insanlar var.

Heç vaxt o qədər rahat olmamışdım, həmişə məşğuliyyətlərim çox olub, dayanmadan yeni nələrsə öyrənmişəm.

Mən ora gəzinti üçün, təbiətdə yaşamaq üçün getməmişdim, orada təbiətdən hiss etdiyim yeganə təmiz dağ havası olmuşdu. Demək olar evdən bayıra çıxmırdım.

Məndən təxminən 30-40 km məsafədə yaşayan insanların həyatı isə olduğu kimi davam edirdi, onlar işləyirdilər, sabahı düşünürdülər, gələcəyə aid planlar qururdular, mən isə yalnız kitab oxuyur, yemək yeyir, yatırdım.

Başqa heç nə haqqında düşünmürdüm, haradansa informasiya almırdım. Hətta dostum gələndə ona sual belə vermirdim.

Bir az yuxarıda meşə var idi, ora gedə bilərdim, gəzə bilərdim, amma getmirdim. Təbiətlə də əlaqəmi kəsmişdim.

Bəzən özümü oxuduğum kitabda olan qəhrəmanlarla danışarkən tapırdım, bəzən kiminsə adımı çəkməyini, məni çağırmağını istəyirdim.

Bəzən düşünürdüm indi insanlarla olsam kiminləsə söhbət edirdim, hansısa işin arxasınca gedirdim, kimlərinsə dalaşmasını, kimlərinsə problemlərini, sevincini görürdüm, xəbərləri oxuyurdum, ya da hansısa mənasız iş vaxtımı alırdı, əsəbləşdirirdi və s.

Bunları düşünəndə geri qayıtmaq istəyirdim, elə bilirdim indi birinin mənə ehtiyacı var, məni axtarır. Elə bilirdim orada qaldığım müddət sonunda faciəmə çevriləcək.

İndi gənclər üçün həyat çox çətindir. Onlar məktəbə, məktəb bitəndə universitetə və s. tələsirlər.

Sonra işləməyə, sonra ailə, uşaq və qocalığa tələsirlər. Çox gənc bəzən özləri istəmədən xeyli lazımsız, mənasız düşüncələrin, işlərin qurbanı olur.

Çox az hallarda səyahətə çıxmağı, dünyanı, olmasa Azərbaycanı gəzməyi düşünən gənc görürəm. Sırf özlərinə vaxt ayırmaq istəyən gəncləri görmək müşgül məsələdir.

İkinci dəfə təhsil alanda universitetdən imtina elədim, dedim, təhsilimi başqa yerdə, başqa vaxt, başqa sahədə davam etdirəcəm.

Bunu eşidəndə hər kəs məni qınadı - "yaşın gedir, sonra gec olacaq, alınmayacaq" deyə-deyə fikrimdən döndərməyə çalışırdılar, amma bacarmadılar. Mən onlara hələ gənc olduğumu izah edə bilmirdim.

İki ayın sonunda yaşamağın həmişə gərgin, problemli, harasa tələsmək olmadığını dərk elədim.

Geri dönəndə dostlarım məni əvvəl gördüklərindən daha fərqli, daha pozitiv gördülər. İnsanlar düşünə bilər ki, iki ayımı boşluğa xərcləmişəm, ona görə kitabları qeyd edib, heç də boşa xərcləmədiyimi demək istəyirəm.

Kitab oxumaq, dağa getmək, tək qalmaq olmasın, başqa cür olsun. Məgər həyatımızın iki ayını sırf özümüzə xərcləmək haqqımız yoxdur?

Gəncləri çox əsəbi, yorğun, bədbin görəndə çox üzülürəm, onların problemləri çoxdur.

İstəyərdim gənclər özlərinə, öz seçimlərinə, istəklərinə vaxt ayırsınlar. İnsan həyatı həmişə gərgin yaşamağa məcbur deyil, həyat daha gözəldir.

Bu barədə daha geniş