Tural Şahtaxtinskinin bloqu: Başqa ölkələrin insanları

  • 17 Mart 2017
Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

İki məktəbli şəhərin səs-küylü, təhlükəli maşın yolunu keçərkən bir-birini dartışdırıb həyəcanla nəyinsə mübahisəsini edirdi, onların mübahisəsinə qulaq şahidi olmaq məndən asılı olmadı.

Elə bir az yaxınlaşan kimi eşitdim ki, bir-birini dünya görüşlərinin olmamasında, savadsızlıqda, az oxumaqda ittiham edirlər, onlara heç nəyin öyrədilmədiyini, başqa ölkələrdə yaşıdlarının daha çox şey bildiyini deyib gileylənirdilər.

Onlar təxminən altı-yeddinci siniflərdə oxuyardılar.

Zarafat iş deyil bu ölkədə o yaşda olan uşaqların belə mübahisələr etməsi, bir çox yaşıdlarından fərqləndiklərini də demək olar.

Hətta onlar dediklərinin hansı ölkələrdə olduğunu bilməsələr də, o ölkələrin adını heç eşitməsələr də əmindirlər, dəqiq bilirlər ki, başqa ölkələrdə vəziyyət belə deyil.

Buna sevinəcək qədər acınacaqlı halda olduğumuzu da demək olar. Məncə onlar böyüyüb daha çox şey biləcəklər, amma qorxuram həmişə yarımçıqlıqdan qorxalar, "az bilirəm", "başqa ölkədə olanlar bizdən çox bilir" travması onlardan getməyə.

O uşaqları görəndə öz məktəb illərim yadıma düşdü, sanki hər gün döyüşürdük. Mən 1992-ci ildə anadan olmuşam, məktəbə gedəndə ölkəmiz neftdən normal gəliri olan, müharibə olmayan və s bir ölkə idi.

Yəni o uşaqlarda olduğu kimi bizim də başqa ölkələrdə olan yaşıdlarımızdan fərqli olaraq az bilgili və ya nələrdənsə tamamilə bilgisiz olmağımıza, az öyrədilməyimizə, normal təhsil ala bilməməyimizə heç nə bəhanə ola bilməzdi.

Amma çoxumuz bunu gec anladıq.

Tural Şahtaxtinskinin bloqu: Qarğış edən uşaqlar

Düşünün, məktəbi bitirməyə hazırlaşan bir yaşıdın tələsərək üstünə gəlir, dünyanı kəşf etmişcəsinə, içdən, sanki hayqıraraq deyir, " bizi bədbəxt elədilər", "bizi oxutmadılar", "bizi yaxşı öyrətmədilər", "başqa ölkələrdə yaşıdlarımız dünyanı bilir, biz çayxanaya ayağımız açıldığına görə az qala sevinirik", "başqa ölkələrdə uşaqları döymək olmaz", "başqa ölkələrdə insanlar bərabər hüquqludur" və s.

Onda yaşıdlarımın bu tapıntısını düşünüb sarsılırdım. Üç il tez, beş il gec olsun. Nə fərqi var? Mən də ilk dəfə onlar kimi olmuşdum, onlar kimi həyəcanlanmışdım.

Böyüdük, daha çox oxuduq, daha çox gəzdik, daha çox gördük, amma içimizdə bir küskünlük oldu, bir sınma oldu.

Axı niyə biz normal məktəbli olmadıq, niyə bizdən soruşmadılar yazıçı, həkim, rəssam, bəstəkar yoxsa başqa nələr, əsas odur nə olmaq istəyirsiniz, niyə bizə kömək etmədilər, niyə bizi yarımçıq, qapalı, qadağalarla, azadlığımızı əlimizdən alaraq böyütdülər?

Niyə biz azadlığımızı sonradan vuruşaraq, döyüşərək qazanmağa məcbur qaldıq?

Ətrafımızda bizimlə bərabər böyüyən həmyaşıdlarımızın çoxu- o saf, gözəl, təmiz dostlarımız hərəsi bir yola düşdü, dünyadan, yaşadığı ölkədən, sənətdən, ədəbiyyatdan xəbərsiz qaldı.

Beləcə bölünmə oldu, beləcə yadlaşma oldu, beləcə soyuqlaşma oldu. Zamanla onu da gördük ki, bu ölkədə oxuyub, azad düşüncə sahibi olub, özünü xilas edə bilmək əslində qəhrəmanlıq imiş, hər adam bunu bacarmazmış. Bu qədər qəddar, kobud bir bölünmə...

Məsələn, qarşıdan bayram gəlir, bu bayramın bəzi adətlərini sevməsəm də ümumilikdə özünü çox sevirəm.

Uşaqlıq xatirələri ilə dolu bir bayramdır. Yaz gəlir, təbiət oyanır, təbiətdə maraqlı hadisələrin şahidi oluruq. Amma bayram gözümüzə görünmür.

İndi oturub həyacanla, gərgin halda haqsızlıqlara etiraz etdikləri üçün şərlənən dostlarımızın həbsdən çıxmağını gözləyirik, bir dostumuz qəzada ölür, biri intihar edir, biri dəm qazından boğulub ölür.

Hər gün sabahı neçə-neçə belə ölüm xəbərləri ilə açırıq. Adını çox eşitsəm də unutduğum, bir şəxs belə bir söz deyib : "Kimin öldüyünü soruşma, ölən elə sənsən." Sanki bizim üçün deyib.

Hər pis xəbər eşidəndə sanki ürəyimizdə, harasındansa nəsə qopub düşür. Məncə qopub düşən ömrümüzdən bir gündür, sanki səsini belə eşidirik. Çətindir hər gün ölümü eşidərək yaşamaq.

Biri həkim ehtiyatsızlığından, biri məmur özbaşınalığından, biri təhsilsizlikdən, biri aclıqdan - hərə bir şeydən əziyyət çəkir, sarsılır, hərə bir cür məhv olur.

İndi böyümüşük, bəlkə də çoxumuz başqa ölkələrdə yaşayan yaşıdlarımızdan daha çox oxumuşuq, daha çox öyrənmişik, amma o uşaqlar kimi hərəmiz bir şəkildə düşünürük, deyirik, başqa insanlara izah edirik ki, başqa ölkələrdə insanlar daha rahat, daha yaxşı yaşayır, axı biz də başqaları kimi daha yaxşı yaşaya bilərik. Bunları nəsə böyük bir şey kəşf etmiş kimi deməməliydik, biz bunları sadəcə yaşamalıydıq. Yaşamaq ümidi ilə.

Bu barədə daha geniş