"Qorxma, qardaş oğlu"

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Bir dəfə qatarla yol gedirdim, təxminən gecə saat üçdə qatar stansiyaların birində on dəqiqəlik dayandı. Gecə olmağına baxmayaraq, mən də daxil olmaqla bir neçə insan qatardan düşdü.

Çoxu həmin on dəqiqəni siqaret çəkmək üçün fürsət kimi qiymətləndirirdi. Mən də siqaretimi tez çəkib, qatara qayıtmağa tələsirdim.

Bir qədər tez bitirib yerə atdım, sonra yerdən götürüb söndürdüm, yaxında olan zibilqabına atdım.

Həmin an hiss elədim ki, kənarda olan insanların diqqəti məndədir, bir neçəsinin üzümə baxıb gülümsəməsini də gördüm.

Az hallarda olar ki, etdiyim hərəkətləri ətrafda olan insanlara izah edim, bilmirəm niyə, bu dəfə də o an düşündüyümü tez-tələsik o insanlara izah eləməyə çalışdım.

Dedim ki, siqaret kötüyü burada qalsa sonradan çoxları bura zibil ata bilər, beləcə bura zibilliyə çevrilər, bu da həm insanlara, həm də təbiətə ziyandır.

Sonra dedim bura qatar stansiyasıdır, ola bilsin ki, yanan siqaret kötüyü nəsə təhlükə yaradar, bu da gələcəkdə həm özümə, həm də başqa insanlara zərər vurar.

Bunları deyə-deyə utanc hissi keçirdim, məndən yaşda böyük olan insanlara belə adi, normal davranış qaydalarını izah eləməyim onları qıcıqlandıra bilərdi. Deyə bilərdilər ki, biz bunları bilirik, niyə özünü yorursan?!

Təxminən iki dəqiqəlik söhbətdən sonra onlar yanan siqaret kötüyünü yerə atıb yuxarı qalxdılar. İçində bir nəfər dedi ki, qorxma, qardaş oğlu, heç nə olan deyil!

Əvvəl utana-utana deyim ki, təhlükə olsa da, olmasa da bir insanın yerə zibil atması heç cür qəbuledilən deyil, özüm etdiklərimi isə hələ də özümə bağışlamıram.

Məsuliyyət hissi və ya qorxu

Yuxarıda qeyd elədiyim hadisə ola bilsin sizin üçün adi, kiçik bir məsələ olsun, amma tək bununla bitmir axı, uzaq yol gedərkən avtobus sürücüsünün sükan arxasında yatması, ona yol getməməyi, ən azı bir-iki saat yatmaq təklif etdiyimə görə sürücü də daxil olmaqla içəridə olan sərnişinlərin məni qınaması, mənə gülməsi, qorxmamağımı başa salması.

Dəfələrlə belə hadisələrin şahidi olmuşam. Harasısa ağrıyan insanın bunu dilə gətirəndə ilk reaksiya "qorxma", "boş şeydir" olması.

İllər əvvəl kirayə qaldığım evin daxilində olan qaz boruları sızma ehtimalı olduğu üçün təhlükəli idi, bunu idarə işçiləri də xəbərdarlıq etmişdi.

Nə qədər desəm də ev sahibi bundan qorxmamağımı başa salmağa çalışırdı, o insan heç bir məsuliyyət hissi keçirmirdi.

Tutaq ki, mənim və mənimlə bərabər yaşayan insanların partlayış nəticəsində ölməsi onunçün elə də ciddi bir şey deyildi, bəs o binada yaşayan digər insanlar? Hələ bizdən əvvəl özü o evdə yaşamışdı.

Ola bilsin o yanan siqaret kötüyünü yerə atmağım mən düşündüyüm qədər problemlər yaratmayacaqdı, hansısa təhlükənin açarı olmayacaqdı, o evdə də qaz boruları düzəlməsə partlayış olmayacaqdı və s, amma bu heç də o demək deyil ki, hər şeyə bu qədər məsuliyyətsiz olmaq lazımdır.

Məsuliyyət hissi qorxu ilə müqayisə olunur, qorxu isə ayıb sayılır, amma bütün bu məsuliyyətsizliklərin, qorxusuzluğun sonu faciə ilə nəticələnir və sonradan "kaş belə etməzdim" deyilir.

Təhsilsizliyin sonu faciə olur, sonradan kaş belə olmazdı deyilir. Bu qədər həkim ehtiyatsızlığı, bu qədər yol qəzaları, bu qədər antisanitarik vəziyyət, xəstəliklər və sonradan yaranan məsuliyyət hissi, qorxu hissi -bütün bunlar yaşamağın yeganə yolu kimi qiymətləndirilir, amma heç də elə deyil.

İndi insanların hər sahədə rahatlıqla maariflənmək şansı var, bu gün belə faciələri yaşayan və ya yaşamayan bir çox insanın təhlükəsizliyinin, sağlamlığının, rahat yaşamaq şansının sıfıra bərabər olması dövlətlə bərabər həm də özlərinin məsuliyyət hissinə belə yanaşmaqlarından irəli gəlir.

Bəlkə burada qeyd edilənlərin yazını oxuyanların bəzilərinə heç bir dəxli yoxdur, amma gəlin açıq etiraf edək, bunlar hamısı hər gün qarşılaşdığımız hadisələrdir.

Bizim də bu hadisələrdə payımızın olmaması üçün yerə zibil atan, maşını təhlükəli sürən, rüşvət verən (alan), küçədə kimisə döyən, təhqir edən, uşaqlara əl qaldıran, xəstəliyinə ehtiyyatsız yanaşan, öz işini məsuliyyətlə yerinə yetirməyən və s. insanların qarşısını almağımız lazımdır.

Bunlar heç də başqa insanların işinə qarışmaq deyil, bunlar həm özümüzün həm də cəmiyyətin gələcək faciələrdən qorunması üçün vacibdir.

Bu barədə daha geniş