Nərmin Kamalın bloqu: Hər gün eyni köynəkdə

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Nə qədər pal-paltarınız, neçə cüt ayaqqabınız var? Bir dəst geyim və bir cüt ayaqqabınız var, iki, yoxsa daha çox?

"Dünən bu paltarı geyinmişdim, bu gün hansını geyinim?" - səhərlər qarderobunuza baxaraq belə şeylər düşünürsünüzmü?

Nə gözəl, daha da çox olsun, həyatın üç-beş ləzzəti var, biri də bu deyilmi...

Ancaq yaxşı bilirik, elə adamlar da var ki, bütün həftə boyu, bütün ay, hətta bütün fəsil boyu eyni bir geyimlə evdən çıxır, eyni geyimlə evə qayıdırlar.

Bir cüt ayaqqabıları olur, yırtılana qədər hər evdən çıxanda onu geyinirlər. Aranızda belələri var, özü də çox, elə deyilmi?!

Eyni bir geyimlə uzun illər işə, dərsə, gəzməyə gedib-gələn adamlar görəndə bəzən yadıma bir əhvalat düşür.

1970-ci illərdə, havaların da belə vaxtıymış, səhər yeməyindən sonra zəng çalınır, Bayıl türməsinin zindan darvazası açılır, bir qadını azadlığa buraxırlar.

Qadın bir həftə ora vurnuxur, bura vurnuxur. Görür ki, yox, alınmır, "türmədən çıxmış pozğun qadın" adı onu kölgə kimi hər tərəfdə izləyir.

Qadın olmasının elə bir əhəmiyyəti yoxdur, kişi də ola bilərdi; keçmiş məhbusə, yaxud keçmiş məhbus, elə hər ikisi üçün çətindir.

Gəlir nənəsinin yanına. Nənəsi deyir, bəli, sən tutulandan sonra qəzetlər bu haqda çox yazmışdı, bəli, bütün şəhər sənin haqqında ağzına gələni danışmışdı, utanırdıq ki, sən bizim ailədənsən.

"Ancaq bunların hamısının bir çarəsi var" - deyir nənə. "Get özünə bir köynək al, möhkəm köynək olsun. O köynəyi cırılıb-dağılana qədər hər gün geyin. Köynəyi geyindiyin müddətdə özünü yaxşı apar. Yaxşı danış, yaxşı düşün, yaxşı dolan. Ondan sonra özün də unudacaqsan, hamı da yaddan çıxaracaq keçmişdə nə olmuşdu, nə olmamışdı."

Qadın köynək alıb hər gün o köynəyi geyinir, geyinmir, bilmirik, amma nənənin sözləri unudulmazdır.

Bir köynəyin yeyilib-dağılma müddəti qədər özünü yaxşı olmağa məcbur edən insan yaxşı olmağa öyrəşəcək, başqaları da onu yaxşı görməyə öyrəşəcək.

İstəkli və iradəli olmağın obrazıdır köynək. Çoxlu əlbisələr içində, amma naqis yaşadığını anlayan insanlar bir köynəyə sığınaraq belə dəyişdirə bilərlər özlərini.

Köynəyi geyinirsən, sanki bir oyuna girirsən, oyunun qaydasına riayət edirsən. Oyun da nədir? Dəyişilib yaxşı olmaq.

Nərmin Kamal: Mövludun arabası

Trump fenomenini ədəbiyyatla anlamaq

Şirniyyat dükanının adı niyə Padişah olsun?

Əlaqəli mövzular

Bu barədə daha geniş