Tural Şahtaxtinskinin bloqu: Bir-birinin belinə hoppanan gənclər

Tural Fotonun müəllifi Tural Şahtaxtinski

Bəzən olur insanlar haradasa şərait düşən kimi öz həyatlarından, başlarına gələn macəralardan danışmaq istəyirlər.

Bəzən onların ürəyi o qədər dolu olur ki, o qədər həvəsli olurlar ki, hətta danışdıqları səni əsəbləşdirsə də, sıxıcı olsa da dinləməmək, sözlərini kəsmək mümkün olmur.

İstəyirsən axıra qədər öz əhvalatlarını, həyatlarını, macəralarını, düşüncələrini danışsınlar.

Belə hadisələr çox olub, son vaxtlar diqqətimi çəkən gənclərin əyləncə bildikləri, həyatlarının ən gözəl, yaddaqalan günləri kimi qiymətləndirdikləri həmin əhvalatlar, macəralardır.

Onları diqqətlə dinlədikdə aydın olur ki, əslində, bu əyləncələrin, əhvalatların, macəraların çoxu heç də normal deyil, heç də yaxşı, maraqlı qiymətləndiriləcək bir şey deyil.

Məsələn, kiminsə döyülməsini, söyülməsini, təhqir olunmasını, incidilməsini qəbul eləmək olmur.

İnsanlar adətən gənclik illərində etdiklərini bağışlanan qiymətləndirir, amma hər şeyin üstündən belə asanlıqla keçmək olmur.

Bir çox gənci dinlədikdə, etdikləri hərəkətləri müşahidə elədikdə onları güldürən, əyləndirən, onlar üçün yaddaqalan əhvalatların demək olar ki, çoxunda cinayət, ya da cinayətə meyllilik olduğunu görürsən.

Cinayət olmasa da sağlam düşüncənin olmadığı, radikal mühafizəkarlığın, qapalı həyatın faciələri görünür.

Məktəbdə, universitetdə, məhəllədə olan dava-dalaşlarından, güclü olduqlarını sübut edən hərəkətlərindən, kimisə əzə bilmək, təhqir edə bilmək bacarıqlarından o qədər sevincli, ürək dolusu danışırlar ki, öz yaşadığın həyata şübhə edirsən.

Bütün bu baş verənləri kənara atıb nəyin uğrunda mübarizə apardığını, nələrin düzəlməyi arzusunda olduğunu bir də düşünürsən və özünə sual verirsən- "Görəsən hər şeyin düzəlməsinə bu qədər ümidli olmaq haradan qaynaqlanır?"

Sualı düşünmədən unutmağın tərəfdarıyam, çünki o sualları düşündükcə ən sadə ümidlər belə yerindəcə ölə bilər.

Onların əyləncəsi

Məktəb illərində rayonda teatra getmişdim, orada gördüyüm mənzərə hələ də gözümün qarşısından getmir. Tamaşa yeni başlamışdı, bir də gördüm içəri təxminən on nəfərə yaxın oğlan girdi.

Onların içində məktəblilər də, onlardan yaşda böyük olanlar da vardı. Teatr başlayan kimi onlar gülüşməyə başladılar və qarşıda oturan qızla oğlana nələrsə atırdılar.

Çox keçmədi ara qarışdı bir-birinə, hamısı bayıra çıxası oldu. Çox güman dava-dalaş məqsədi ilə. Həmin hadisənin üstündən təxminən yeddi il keçib, amma hələ də heç nə dəyişməyib.

Orada olan gənclər öz etdikləri hərəkətdən zövq alırdılar, bu onların əyləncəsi idi.

Bəlkə də oradan çıxandan sonra kiminsə burnu qanayıb, qolu qırılıb, amma bu hadisə artıq onlar üçün gözəl bir xatirə kimi tarixə düşüb. Asanlıqla demək olar ki, onlar başqa cür əyləncənin necə olduğunu bilmirdilər.

Bəzən küçədə qarşıma qışqırıb-bağıran, bir-birini arxasınca qaçan, bir-birinin belinə hoppanan gənclər görürəm, bəzən spirtli içkinin təsiri altında olurlar.

Bu məni qətiyyən narahat etmir, bir neçə gənc özü üçün əylənir, əylənsin. Amma onların yanından keçəndə düşünürəm ki, bu dəqiqə kiminsə qolu qırılacaq, kiminsə burnu qanayacaq.

Çünki çox vaxt o gənclərin içində daimi püskürməyə hazır bir aqressiya olur, onlar anidən kiməsə ilişə bilərlər, kiməsə xəsarət yetirə bilərlər. Belə hallarla hər an qarşılaşmaq mümkündür.

Bunlar hamısı böyüklərin onlara ötürdüyü təfəkkürdən irəli gəlir, bəli onlar qəbul etmədikləri fərqliliklərə aqressiv olurlar və beləcə, nə istəsələr edə bilirlər.

Əksər yaşlılar öz gəncliyini yalnız belə əhvalatlarla xatırlayır. Çünki heç kim onları qınamır, etdikləri hər şeyə haqq qazandırırlar.

Ümumiyyətlə, mən çox görmüşəm evə döyülüb gələn uşağı atası kiminləsə dava etdiyi üçün yox, döyüldüyü üçün danlayıb. Az deyil qohumda-qonşuda belə insanlar.

Onlar qadınlara qarşı aqressiv böyüdülürlər, hər an xoşlarına gəlməyən nəsə baş versə qadına qarşı şiddətlər, təhqirlər, təzyiqlər onlar üçün haqqdır.

Gənclər birinci düşünməkdən məhrum edilir, sonra ətrafda baş verən bütün zərərli hərəkətləri elə də olmalı imiş kimi qəbul edirlər.

Bu aqressiv gənclərin öz başlarına gələn əhvalatları dinləmək, dinlədikdən sonra onlarla etdiklərinin səhv olduğu istiqamətində müzakirələr aparılmasının tərəfdarıyam.

Qətiyyən gülüb keçmək, səbrli olub susmaq olmaz. Çünki bəlkə də onlar öz etdiklərinə qarşı fərqli fikir söyləyən insanlarla ilk dəfə qarşılaşacaqlar.

Yoxsa heç nədən utanmadan, çəkinmədən, rahatlıqla etdiklərini hər yerdə danışa və yeni macəralar arxasınca gedə bilərlər. Bununsa sonu bəllidir.

Son vaxtlar artan cinayyətlər, bir-birinə ən adi mübahisə zəmnində xəsarət yetirən insanların çoxalmasını diqqətinizdə saxlayın.

Əlaqəli mövzular

Bu barədə daha geniş