Nərmin Kamalın bloqu: Azadlığın üç növü

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal
Image caption Nərmin Kamal

Azadlıq prospektində maşında gedirdik. Bir İran azərbaycanlısı ilə bir Rusiya azərbaycanlısı arxa oturacaqda söhbət edirdilər.

Onlar əvvəlcə bir-birinə məhəbbətlərini ifadə etdilər, eyni millət, qardaş olduqlarından başladılar, amma az keçmiş, onların söhbətinin mövzusu çox dəhşətli bir məcraya yönəldi: mənim müstəmləkəçim sənin müstəmləkəçindən yaxşıdır.

Mamed dedi, ruslar daha yaxşı müstəmləkəçidir, bizə filan-filan mədəniyyətləri öyrədiblər. Samed dedi, yox, farslar daha yaxşı müstəmləkəçidir, dünyada hər nə çıxsa, tərcümə edib bizə oxudurlar.

Sanasan, iki nökər söhbət edir, hərəsi öz ağasını tərifləyir. Bəlkə də iki uşaq öz ataları haqda danışır.

Sonda Samed dedi ki, oldu, pərşənbə günü görüşərik. Mamed dedi, pərşənbə hansı gündür? Samed dedi, pərşənbə də.

Mamed bilmədi hansı gündür. Araya köməkçi girdi, təklif olundu ki, Samed pərşənbə sözünü ingiliscə desin, bəlkə başa düşək o söz nədir. Samed ingiliscə bilmədiyini dedi. Söhbətləri tutmadı.

Onları bir zaman bölənlərin məqsədi nə imişsə, demək olar, məqsədlərinə çatıblar. Azadlıq prospekti, gediləsi uzun yol.

Fiziki, mənəvi və sosial azadlıq

Fotonun müəllifi Shaul Schwarz/ Getty

Fəlsəfəni ayrı-ayrı filosofların traktatlarından deyil, sistemli fəlsəfə dərsliklərindən fənn kimi öyrənənlərə belə bir cümlə tanışdır: Azadlığın üç növü var: fiziki, mənəvi, sosial azadlıq.

Bu elə bir cümlədir ki, Bakıda fəlsəfə imtahanlarında onu bilməyəndə rüşvətxor müəllimlərin əlinə bəhanə düşür, "məqbul" yazmırlar.

Nədir mənəvi azadlıq? Mənəvi azadlıq insanın hansı fəlsəfəyə, hansı etikaya, hansı dinə, hansı mifə istəsə inanmasıdır, istəməsə inanmaması.

İnsan öz daxili aləmini istədiyi kimi qura bilər. Öz "doğru-yanlış", "yaxşı-pis" anlayışları ola bilər.

Amma real həyatda bu qədər asan olmur. Çünki mənəvi azadlığı kütləviləşdirmişik, hər ölkədə hakim mənəvi doktrina var, xəritə üzrə hər ölkəni bir din və təriqətləri qapaq kimi örtüb.

Belə olan ölkədə fərqli bir mənəvi seçimi olan insan boğulmağa, özünü rabinzonad hiss etməyə məhkumdur.

Maraqlı burasıdır ki, eyni bir mənəvi doktrina ilə çox maraqlananda insan onun təsiri altına düşür, dünyaya onun gözüylə baxır və dünyanı o doktrina ilə izah etmək də ona müyəssər olur.

Məsələn, bir dənizə romantik kimi də baxmaq olar, elmi araşdırmalar məqsədilə də. Hər iki halda dəniz ona o gözlə baxan adama geniş imkanlar açacaq.

Dünyanı hər bir doktrina ilə izah etmək mümkündür, özü də uğurla. Marksist etika ilə də, hindi təlimi ilə də, islamla da, satanist etika ilə də, postmodern etika ilə də... Hər birindən tutaraq məntiqi səhvə yol vermədən izah etmək mümkündür dünyanı.

Belə olan halda bir doktrina ilə dünyanı izah etmək hünər deyil. Hünər odur ki, qəlbən bir mənəvi doktrinaya bağlı olduğun halda, bu labirintdə başqalarının da həqiqətə gedən yolu olduğunu qəbul edəsən, tanıyasan.

Yalnız belə olan halda aramızda mənəvi azadlıq mühiti formalaşa bilər...

Azadlığın digər növu dediyimiz sosial azadlığı reallaşdırmaq da bir o qədər çətindir. Hər gün mətbuatda oxuduqlarımız elə insanın sosial azadlığı gerçəkləşdirmək uğrunda mübarizəsinin xəbərləridir.

Belə baxanda, dünyada yeganə mümkün azadlıq elə fiziki azadlıqdır, əlini, ayağını hara isəsən tərpədə bilirsən. Nə istəsən yeyir, istəsən yemir, otağın harasında istəsən əyləşirsən.

Ötən həftə atam evimə qonaq gəldi, onun qarşısına yüyürdüm, aparıb əyləşdirdim rahat bir yerdə, tez süfrə açdım, yeməklər düzdüm, sonra qarşısına iki pult da qoydum ki, birdən baxmalı verilişin olar, ötürmə, aç bax, tez-tez soruşdum ki, ürəyin nə istəyir, de gətirim, de təşkil edim; böyük diqqət və qayğı.

Birdən qonağım usanmış səslə dedi: Adamın bütün azadlığını alırsan əlindən.

Yenə Azadlıq. Yenə o söz. Sadə insanın gündəlik həyatında. Bu dəfə özümü azadlığa can atan yox, azadlığı pozan rolunda gördüm.

Əcəb asandır fiziki azadlığı bərpa etmək. Biri yerini sıxlaşdırırsa, keç başqa yerdə otur. Boğulursansa, aç pəncərəni.

Fiziki azadlığın əldən çıxan kimi hiss edir və geri alırsan. Azadlığın digər iki növü - mənəvi, sosial azadlıqlar daha çox başqalarından asılıdır, onları "istəməyərək istədiyini" heç özün də hiss etmirsən.

Nərmin Kamal: Mövludun arabası

Hər gün eyni köynəkdə

Avropanı cəlbedici edən nədir?

Əlaqəli mövzular

Bu barədə daha geniş