Tural Şahtaxtinskinin bloqu: Qarışqanı belə incitməyən insanlar

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Tez-tez eşitdiyimiz bir deyim var: "Qarışqanı belə incitməyən, (öldürməyən) adam."

Bunu insanlar özləri və başqaları haqqında deyirlər, mənası da odur ki, həmin sözə laiq olan insan çox yaxşı insandır.

Əslində insanlar bunu bir-birinə sözün məcazi mənasında deyirlər, yəni şərt deyil ki, bu sözə laiq insanlar həyatda heç vaxt qarışqanı incitməsinlər, öldürməsinlər.

Bəs qarışqanı incitməmək, öldürməmək nədir? Yəni bu kiçik, bəzən gözlə görünməsi belə çətin olan canlını yerdə görsən ayaqlamayasan, süfrədə görsən silib atmayasan, mətbəxdə görsən özünü görməməzliyə vurasan- bir sözlə harada qarşına çıxsa onlara qarşı insaflı davranasan.

Bu deyimdən doğan bir reallıq da var ki, bir çox insan harada qarışqa görsə tez onu incitməməyi, öldürməməyi, qorumağı düşünür, yəqin ki, beləcə özündə mənəvi rahatlıq tapır.

Bu çox gözəldir. Həddindən çox gözəl, amma həqiqət başqadır.

Mən düşünürəm, bu kiçik, eyni zamanda zəhmətkeş canlının üzərindən bəzən insanlar vicdan əzabı çəkmədən, rahatlıqla öz xeyirləri üçün, öz çirkli məqsədləri üçün istifadə edirlər.

Məsələn, onlar ən qəddar, ən amansız insan ola bilərlər, amma qarışqa yuvasını dağıdan birinin qarışısını almaqla bütün günahlarını həm özləri-özlərinə bağışlayar, həm də başqaları tərəfindən bağışlanmasını düşünüb mənəvi rahatlıq taparlar.

Əsas məqsəd odur ki, bu əməllərini kiməsə göstərə bilsinlər.

Bəzən həmin, "qarışqanı belə incitməyən adamlar" nədənsə rahatlıqla qapı-bacada hürən itə daş atar, yuva qurubsa yuvasını dağıdar, balaları varsa balalarını ondan ayırar, ayaqları arasında dolaşan pişiyə təpik atar, pəncərəsinin qarşısında yuva qurmuş quşların yuvasını dağıdar.

Neçə il bundan əvvəl olduğu yadımda deyil, yaşadığım binanın bloklarında qaranquşlar yuva salardı.

Bir gün eşitdim ki, bəs qonşu əsəbləşib, qapısının üstündə olan yuva ilə birlikdə, blokda olan iki-üç yuvanı da dağıdıb.

Mənə bunun haqqında deyilənlər çox maraqlı gəlirdi, eşidirdim ki, onu qınayanlar deyirlər: "günahdır", "qaranquşların evini dağıdan adamların həyatı alt-üst olur", "ölümlü-itimli olur", "işləri düz gətirmir."

Bir tərəfdən də düz etdiyini vurğulayıb deyirdilər ki, "Yazıq kişi yuxu yata bilmirdi, əsəbindən dözməyib dağıdıb."

Hər kəs özünə görə bir söz deyib susandan sonra məsələ öz həllini tapdı. Yəni unuduldu.

Amma mən müşahidələrimdən belə nəticəyə gəldim ki, əslində bu hamının ürəyincə olub.

Sadəcə içlərində dərin qorxu izi buraxmış mövhumat, qəribə, qəliz, heç cür məntiqə sığmayan inancları onlara guya bloku "səs-küylü edən", guya "iyrənc şəkildə çirkləndirən" əslində isə çox gözəl olan o qaranquşları qovmağa imkan verməyib.

Hətta bəziləri bir-birinə izah eləməyə çalışırdılar ki, əslində o yaxşı insandır, günah qaranquşların günahıdır. Bəlkə də bu yolla qorxularına, inanclarına qalib gəlmək istəyirdilər.

Tez-tez qarşılaşdığımız başqa bir reallıq da var.

İl boyu hər cür saxtakarlıq edib, insanları incidərək pul qazanan, rüşvət alan, kiməsə şər atan, kiminsə evini başına uçuran, başqalarının əzabları üzərindən özünə rahat həyat şəraiti quran bir insan hansısa bayramda bir kasıbın evinə ərzaq payı göndərər və özünün də daxil olmaqla onu tanıyan hamının gözündə həmin deyimdə nəzərdə tutulan, qarışqanı belə incitməyən insanlar qədər "saf", "təmiz", "yaxşı" insan kimi görünə bilər.

Hər şey insanların ağlını hara və necə işlətməyindən, nə qədər və necə düşünməyindən, nəyə və necə inanmağından aslıdır.

Məsələn, düşünüb hər cür pis əməllərinin bağışlanması üçün, saxtakarlıqları gizlətmək üçün, özünə mənəvi rahatlıq tapmaq, başqalarının gözündə "yaxşı" insan kimi görünmək üçün o kiçik, zəhmətkeş qarışqanı incitməməkdən rahatlıq tapa bilərsən, hətta bununla bağlı deyimin də sənə deyilməsindən zövq alarsan, ya da həqiqətən heç kimi, heç nəyi incitməyən biri ola bilərsən.

Əlaqəli mövzular

Bu barədə daha geniş