Kişi olmaq nə deməkdir?

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal
Image caption Nərmin Kamal

Nə qədər güclü yağış yağsa da, atam çətir götürməz, çünki onun fikrincə, "kişi xeylağı çətir tutmaz".

"Kişilik" nə deməkdir? Son illər İrlandiyada bu mövzuda xalq müzakirəsi keçirilir. Müzakirəni izləyib görmək olar ki, kişilərin bir hissəsi günümüzdə kişiliyin, maskulinliyin böhran keçirdiyini deyir.

Kişilərin başqa bir qismi isə mətbuatda onlara etiraz edir, maraqlı söhbətlər açırlar.

Düzdür, bizlərdə də "köhnə kişi", "kişilik, cayıllıq" dəyər sayılır, "kişi qadın yanında ağlamaz", "kişi arvada sevirəm deməz", Cahandar ağa kimi ədəbi xarakterimiz də var, amma dünyada maskulin tipin məşhur örnəyi sərt "irland kişisi"dir.

Bir mahnı da var, Sinead O'connor oxuyur, sən necə də qəzəblisən, nə qaşqabaqlısan, ay sərt irland kişisi...

Çox maraqlıdır, indi irlandlar bu barədə nə deyirlər.

Özü irland kişisi olsa da, ənənəvi irland kişi tipinə qarşı mövqe tutan tanınmış yazar Patrick Freyne "The Irish Times" qəzetində maraqlı bir yazı yazıb.

Yazının əvvəlində deyir ki, 10 yaşı olanda hərbçi atası onu özüylə dağa gəzməyə aparıb.

Onlar çayın sahilində çadır qurublar, kol-kosdan qarağat dəriblər, sosiska qaynadıb yeyiblər. Hərdən də hərbi koordinatları xəbər verən radio dinləyiblər.

Üstündən 30 il keçəndən sonra atası uşağa deyib ki, o vaxt dağda kəşfiyyatçıların iş apardığı haqda şayiələr dolaşırdı, mən fikirləşdim ki, səni də özümlə dağa aparsam, kənardan kəşfiyyatçıya yox, oğluyla gəzməyə çıxan ataya oxşayacam, ona görə səni də apardım.

Uşaq 30 il sonra atasının onu ora gəzməyə yox, hərbi kəşfiyyat məqsədilə apardığını biləndə sual verib ki, bəs təhlükəli deyildi? Ata cavab verib: "Yox, mənim silahım var idi".

Yazıçı deyir, indiyə qədər etdiyi yeganə ənənəvi kişi işi bu olub: özünün də xəbəri olmadan hərbi kəşfiyyata çıxıb, on yaşında.

Deyir, həmin hərbçi atamdan kişilik mövzusunda bəzi vacib mesajlar almışam.

"O mesajlar bunlardır: Atam fiziki görünüşcə kobud insan idi, əlindən hər iş gəlirdi, heç vaxt evə usta çağırmazdı, idmanı sevən bir hərbçi kimi tez-tez vertolyotdan dənizə tullanırdı. O, evdə uşaqların bezini dəyişdirir, bizi yedirir, ev işlərinin əlli faizini edirdi, bu o zamanlar (1980-ci illərdə) nadir hadisəydi və atamın arvadı məğrur bir feminist olan anam idi."

Deyir, mən atama oxşamamışam, amma incəsənətə meylim, idmana nifrət etməyim atam üçün heç vaxt problem olmayıb.

Deyir, bir dəfə atamı belində və kürəyində bir neçə tapançayla kartof qızardan görmüşəm, söz təxəyyülü kasad olan adamlar bunu "kişilik əldən getdi" adlandıra bilərlər.

Kişiyana və qadınyana olmaq

Fotonun müəllifi Rosemary Matthews/ Getty

Müzakirəyə qoşulan irland komediya aktyoru Al Porter deyir ki, komik şoularda auditoriya qarşısında bir kişini maskulinliyini azaltmaqla lağa qoymaq çox asan gülüş doğurur, dəhşətli dərəcədə asan, çünki maskulinlik dar anlayışdır.

Ənənəvi olaraq, maskulin olmaq (kişiyana olmaq) feminin (qadınyana) olmamaq sayılır ki, bunun da kökləri qadına nifrətə ("misogyny") və homofobiyaya gedib çıxır.

Feminin cizgilərə malik olmaq qorxusu bir çox kişilərin kimliyinə xasdır. 14-15 yaşlarda onların artıq kişi kütləsinin xoşuna gəlmək üçün nə danışmaq, necə davranmaq lazım olduğu haqda təsəvvürləri olur.

Amma maskulinlik dəyişkən bir şeydir. Məsələn, irland yazıçı deyir ki, mən uşaq olanda kişilərin öz xarici görünüşlərinin qayğısına qalması, əl-qolla danışması, emosional halını büruzə verməsi, uşaqları xoşlamaq, musiqili tamaşalara baxmaq, idman etməmək qadınyana olmaq sayılırdı.

Sonralar bu siyahı xeyli dəyişikliyə uğradı, yazıçı Patrick şəxsən onda bu xüsusiyyətlərin hamısının olduğunu deyir.

"Müşahidə etmişəm ki, hər hansı bir söhbət zamanı kişilər dərhal söhbətə dominantlıq etməyə can atırlar. Camaatda belə bir təsəvvür var ki, kişilərin sözü daha vacibdir, onların deməyə daha vacib sözləri var.

Bunu biləndən sonra daha söhbətlərə dominantlıq etməməyə çalışıram, amma bir orta yaşlı adam kimi insanların qadınları daha çox müzakirə predmeti etdiklərini müşahidə edirəm" - yuxarıda adını çəkdiyim irland yazıçı yazır.

Yəni bu, cinsinə, yaşına, sinfinə görə, bir qrup insana layiq olmadığı avtoritetin verilməsi deməkdir. Bu, kişilərin özgüvəni üçün yaxşıdır, amma cəmiyyət üçün pisdir. Odur ki, buna "zəhərli maskulinlik" deyilir.

Bizim cəmiyyətdə də zəhərli maskulinlik, ənənəvi gender gözləntiləri var: "qadın kimi olmaq" və "kişi kimi olmaq".

İrlandiyada "Hissiz və qaşqabaqlı olmaq, içkili olmaq, uşaqlara şəfqət göstərməmək, - budur kişi kimi olmaq".

Hətta orada Ruhi sağlamlıq işçiləri hissiz qaşqabaqlı kişi obrazına qarşı ictimai kampaniya aparırlar.

Bəs Azərbaycanda "qadın kimi olmaq" və "kişi kimi olmaq" nədir? Elə İrlandiyada nədirsə, bizdə də odur.

Onların müzakirələri bizə yaxşı tanışdır. Azərbaycanda Sovet dövləti sayəsində bu mif xeyli dağıldı, amma indi müxtəlif mənbələrdən, xüsusən Türkiyənin teleseriallarından qaşqabaqlı avtoritar kişi səsləri yenidən Azərbayacana yayılmaqdadır.

Ancaq İrlandiyada da, elə Azərbaycanda da bir dəyişiklik başlanıb. Kişi cinsinin dominantlığına qarşı çıxan qruplar təklif edirlər ki, hamı üçün imkanlar açılsın.

Kişilər bir cür deyil, bir bezin qırağı deyil, müxtəlif cürdürlər. Kişilərə bir cür kimlik sırımağa son qoymalıyıq.

Kişilik əldən getdi - deyənlər bununla seçim imkanına qarşı çıxırlar. Kişi olmağın, insan olmağın çoxlu yolları var.

Necə bir kişi olmağı seçmək istəyirsinizsə, seçin, vahid "kişi" obrazına uyğun olmağa çalışmayın.

İstəsəniz, yağış yağanda çətir götürməyin, amma islanmaq istəmirsinizsə, çətir götürün.

İrland yazıçı Patrick deyir ki, kişilik əldən getmir, sadəcə əlimizə imkanlar gəlir, kişi olmağın müxtəlif imkanları.

Azadlığın üç növü

Hər gün eyni köynəkdə

Avropanı cəlbedici edən nədir?

Bu barədə daha geniş