Nərmin Kamalın bloqu: 51 faiz 49 faizi yenməlidirmi?

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal
Image caption Nərmin Kamal

Türkiyədə parlament sisteminin prezidentlik sistemi ilə əvəzlənməsinin referenduma çıxarılması da, referendumun nəticələri də məyusedici oldu.

Siyasi təhlil apara bilmərəm, amma ümumi fəlsəfi prinsiplər haqda danışası olsaq, 51 faiz 49 faizi yenməlidirmi?

Rəsmi nəticəsi 51-49 faiz olan bütün seçkilər Çoxluqlar nəzəriyyəsindən bir paradoksu (Sorites paradoksu) yada salır. Paradoks belədir:

Bir buğda tayası təsəvvür edin. O tayadan bir buğda götürsək, tayanın tayaılığından bir şey əskik olmaz, o, yenə çoxluqdur.

Oradan daha bir buğda götürsək, yerdə qalana yenə də çoxluq demək olar. Beləcə, hər dəfə bir buğda götürməklə yerdə qalan tayaya baxırıq, ona yenə də çoxluq, taya demək mümkündür.

Nəhayət, elə bir buğda gəlir ki, onu götürəndə yerdə qalanı artıq taya adlandırmaq olmur. Bəs o hansı, neçənci buğda idi ki, buğdalardan taya keyfiyyətini aldı.

Eyni zamanda bir dənə buğda, bircə buğda tayadan tayalıq xüsusiyyətini ala bilməz axı. Paradoks da elə bundadır.

Demokratik səsvermədə 51 faiz 49 faizi 1 faizə görə yenibsə, həmin 1 faiz çoxluqdurmu?

Bu 1 faiz qarşımıza təkcə 51-49 faiz nisbətində çıxmır. Əgər hər hansı seçkidə əvvəlcədən yetərsay 60 faiz həddi hesab olunsa və bir namizəd səslərin 59 faizini yığsa, qalib sayılmayacaq və yenə "1 faiz çoxluqdurmu" sualı yaranacaq.

Problem bundadır ki, nəinki 1 faiz, 51 faizin özü də çoxluq deyil, çoxluq hesab olunmamalıdır. Türkiyə kimi böyük bir dövlətin quruluşunu dəyişmək üçün 51-49 faiz nəticəsi ilə qərar vermək çox kobud ümumiləşdirmədir.

Fotonun müəllifi OZAN KOSE/ Getty

Bu cür ciddi qərarlar Konsensus demokratiyası modeli əsasında səsverməyə çıxarılmalıdır ki, daha çox ortaq məxrəc əldə olunsun və mübahisəli hissə az olsun.

Yəni sadəcə çoxluq yox, mütləq çoxluq (70-80 faiz kimi) belə əhəmiyyətli səsvermədə bir tərəfi ("Bəli", yaxud "Xeyr" cavabını) dəstəkləməlidir.

Yaxud olmasın siyasi səsvermələr, olsun eynicinsli nikahlara evlilik icazəsinin verilməsi haqda ümumxalq səsverməsi kimi məsələlər.

Səs verənlərin 49 faizi lehinə, 51 faizi əleyhinə səs verir. Azlıqda olmasından asılı olmayaraq, hər kəsin hüquqları qorunmalıdır. 51 faiz seçicinin 49 faizə "Yox, olmaz" deməsi düzgündürmü? Düzgün yol böyük azlığın məyus olmadığı yoldur.

Ümumiyyətlə, konsensus demokratiyası pluralist cəmiyyətlərdə konsensus əsasında qərar verilməsinə əsaslanan modeldir.

Onun bir çox xüsusiyyətləri var. "1 faiz səs çoxluğu ilə də olsa, qalib gələn tərəf bütün hakimiyyəti tutur" əvəzinə, konsensus demokratiyası elə bir yol təklif edir ki, orada bir qrup o birilər üzərində dominantlıq etmir, orada sadəcə hər şey bölüşdürülür.

Məqsəd konsensus olduğuna görə, bütün səslərin eşidilməsi üçün çalışılır.

Ancaq nə qoyub nə axtarırıq, məqsəd konsensus deyil. Məqsəd demokratiya dərisi geymiş avtoritar liderdir, pələng dərisi geymiş qəhrəmandır.

Thomas Jefferson'un məşhur deyimi kimi: "Demokratiya kütlə hakimiyyətidir, orada əhalinin 51 faizi 49 faizin hüquqlarını əlindən alır."

Hələ üstəlik, saxtalaşdırma da varsa. Onda bu, 51 faizin çoxluğu da yox, bir nəfərin çoxluğu olur.

Bu barədə daha geniş