Qara geyimli insan qara fikirlidirmi?

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski
Image caption Tural Şahtaxtinski

Uşaqlığım yadıma düşür, evdə hər şeyi ağ-qara göstərən bir televizor var idi.

Onun qarşısından durub təkcə otaqda dövr eləmək kifayət idi ki, həyatı yenidən rəngli görəsən.

Buna baxmayaraq, illər sonra o televizorların yeri dəyişəndə məndə qəribə bir heyranlıq hissi yaranmışdı, sanki orada gördüklərimi heç vaxt başqa yerdə rəngli görməmişdim.

Sanki əşyaları, təbiəti rəngli görməyim ilk dəfə idi. Bəlkə də bunu uşaq vaxtı görsəydik, hisslərimizi dostlarımızla bölüşə bilərdik, amma elə yaşda gördük ki, kimsə bu yeniliyin həyəcanını bölüşə bilmədi.

Bir qohumum var idi, hər dəfə bizə gələndə deyirdi, " Köhnə televizorlar heyf oldu, bu rəngli televizorlara baxa bilmirəm. Ölənəcən televizora ağ-qara baxacam."

"Qara fikirli insan", belə bir deyim var.

Elə o insanın özü də qara fikirli insan idi. Hər hadisəyə ilk baxışdan mənfi yanaşırdı. Zəhmli idi. Bir uşağın başını tumarlamaz, bir insanın üzünə gülümsəməzdi.

Fotonun müəllifi Express/ Getty

İndi düşünürəm, o insan həyatı rəngli görməkdən ya qorxurmuş, ya da rəngli həyata nifrət edirmiş. Bəlkə ona görə ən böyük arzusu ömrü boyu televizorda hər şeyi ağ-qara görmək idi.

Elə insan var hər bir əşyası qaradır. Deyir ki, bu mənim sevimli rəngimdir, belə daha rahat hiss edirəm. Amma bir cəmiyyətdə çoxluğun qara rəngə meyllli olması məncə heç də sevgidən, istəkdən və ya seçimdən irəli gəlmir.

"Qadın kimi geyinmə"

Müşahidələrim göstərir ki, bir çox insan geyimi daha rəngli, daha fərqli olan insanlara qarşı heç cür dözümlü deyil.

Onları küçədə döyməsələr də, söyməsələr də ən azı bacardıqları qədər zarafat edərlər, çəkilib bir kənarda sakit-sakit gülərlər, dodaqlarının altında nələrsə deyərlər, ya da baxışları onları ələ verər.

Bəzən təhqir edənlər də olur. Tanıdıqları insanlara isə rahatlıqla hər hansı bir yolla qarşı çıxarlar.

Mən inanmıram geyim insan üçün ciddi bir şey ola, məsələn, özüm bəlkə də ildə bir dəfə yeni geyim alıram. Axırıncı dəfə nə vaxt aldığım yadımda deyil.

Çünki bu məsələ məni o qədər də maraqlandırmır. Bu baxımdan deyə bilmərəm rəngli geyinən insanların hər biri daha aydın, açıq düşüncəli insanlardır, qara geyimli insanlar isə daha qapalı, daha bədbin.

Bəlkə də burada hər iki halda istisnalar var, amma iş təkcə geyimlə bitmir.

Həyatı rəngli sevmək özü hər şeyə təsir edir.

Cəmiyyətimizdə kişilərə nisbətən qadınlar istifadə elədiyi əşyaların rəngli olmasına daha çox önəm verirlər. Bu baxımdan məsələn, rəngli geyimdə olan kişilərə qarşı "qadın kimi geyinmə" deyə irad tutulur.

Təbii ki, burada əsas problem cəmiyyətdə insanların qadınlara qarşı olan kobud münasibətidir. Çox heyif ki, biz bu problemi hələ də həll edə bilməmişik.

Adi bir həqiqəti qəbul edə bilmir insanlar. Bütün insanlar bərabərhüquqludur. Bu qədər sadə.

Belə olduğu halda ortaya daha iyrənc problemlər çıxır. Məsələn, kişilər belə yanaşmanı özlərinə təhqir bilirlər. "Qadın kimi" - bunu bir-birinə söyüş kimi istifadə edən insanların olması özü böyük problemdir.

Beləcə rəngli əşyaların istifadəsindən imtina yaranır.

Bu isə mühafizəkarlığın, qapalı düşüncənin, fərqliliklərə aqressiv yanaşmanın məhsuludur.

Dediyim kimi televizorun ağ-qaradan rəngli görüntüyə keçməsi məni həyəcanlandırmışdı, sanki uşaqlığımda izlədiyim filmləri, təbiəti, əşyaları daha aydın, daha gözəl görürdüm.

Ona görə də insanların istifadə elədiyi əşyaların, evlərin, küçələrin rəngli olması mənim üçün daha ürəkaçan, daha gözəl bir mənzərədir.

Evdə uşaq vaxtı geyindiklərimə baxıram, bir neçəsi hələ də qalıb. Uşaqlığımda daha rəngli geyinmişəm, bu, insanın ən gözəl, pisliklərdən uzaq, "qara fikirli" olmadığı, hər şeyi daha gözəl gördüyü xoşbəxt bir dövrüdür.

Təbii ki, geyimdə seçim sənin olmur, amma danılmazdır ki, uşaqlar rəngli həyatı sevirlər. Şəkillərdə gördüyüm qədər bir az böyüdükdən sonra məktəb illərində uşaqlığımdan az da olsa fərqli olaraq rəngli geyinməkdən qaçmışam.

Bu isə cəmiyyətin təsiri altında olmaqdır, elə yaş dövrü var ki, insan ətrafında nəyi daha çox görür ona maraq göstərir, burada seçim ümumiyyətlə sənin olmur.

Sonra isə geyim önəm kəsb etməyib, amma geyimlərimin içində qaradan uzaqlaşma olub. Yəni yox dərəcəsində. Bəlkə də bir-iki qara geyim. Bu isə artıq öz seçimimdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş