Nərmin Kamalın bloqu: Köhnə kasıblar və yeni kasıblar

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal
Image caption Nərmin Kamal

Azərbaycanda son illər müəyyən gənclər arasında ənənəvi və yeni sol hərəktlara maraq var.

Ən ümumi şəkildə desək, solçular nə istəyirlər? İnsanlar arasındakı status, hakimiyyət, var-dövlət kimi uçurumları ləğv etmək, səmanın altında doğulan hər kəsi imkanlar baxımından bərabər görmək istəyirlər.

Söhbət kommunist olmaqdan getmir, sol hərəkatları çox geniş spektrdir, çoxçeşidlidir və çox geniş mövzudur.

Bakıda gənclər arasında 2000-ci illərin əvvəllərində də Sol eşqi var idi. O zaman sosial şəbəkələr yox idi.

Bizi qoyaydın, telefonda saatlarla Charles Fourier-dən, Karl Marksdan, Nina mətbəəsindən, Che Guevara-dan danışaq.

Geniş xalq kütlələrinin taleyindən danışdığımız halda özümüz çox elitist idik, özümüzü müəyyən yazıçıların kitablarından hörülmüş qalaya salmışdıq.

Yadıma gəlir, o zamanlar biz bir neçə gənc 1 may günü Bakıda sol tarixi ilə bağlı olan müəyyən heykəllərin yanına görüş verirdik, gedib görürdük ki, bir nəfər durub orda, olurduq iki nəfər, deyinə-deyinə gedib otururduq çayxanada.

Problem bunda idi ki, biz işsiz-gücsüz idik, nə əməyimiz, işimiz vardı ki, iş sahiblərinə üsyan edək, nə də məhz Azərbaycanın bugünkü vəziyyətində solçu olmağa dair adekvat ideyalarımız var idi ki, ideoloq olaq.

Bir dəfə mətbutda sol mövzularında köşə yazılarıyla məşhur olan bir yazarımızla görüş təyin etdik. Cəmi-cümlətanı 6 nəfər toplandı, hamısı yazarlar.

Biz gedib bir kafedə əyləşdik ki, məqsədlərimizi, metodlarımızı müəyyən edək. Hamımız eynəkli, arıq-uruq, pulsuz, yetimbala qələm adamları idik.

Bəs bu gün?

Fotonun müəllifi Alexander Hassenstein/ Getty

Bakını gəzirəm, iri ticarət mərkəzlərinin foyesində bir fincan qəhvə alıb əyləşirəm. Günümüzdə iri ticarət mərkəzləri ("mall"lar) insanların ən çox qaynaşdığı yerlərdir.

İnsanlar içəri girir, gəzir, nələrsə alır və çıxırlar. Burdan aldıqlarını sabah əyinlərinə taxıb işə, dərsə, gəzməyə gedəcəklər.

Bir-iki gün sonra yenə bura gələcəklər. Əcəb sadə həyatdır. Əvvəllər onların üzlərindəki çox qayğılı, çox ciddi ifadəyə baxıb öz-özümə deyirdim: elə bil bəşəri əhəmiyyətli iş görməyə gəlib, dükanda bunu qoyub onu götürür, onu qoyub bunu götürür, ömründən saatlar gedir.

Sonra başa düşdüm ki, həqiqətən də ciddi iş görürlər. Axı keçmiş zamanlarda insan özünü və başqalarını əməllərinə görə tanıyardı, indi isə aldıqlarına görə tanıyır.

İndi insan başqalarından daha yaxşı alıcı olmağa çalışır. Dükanda rast gəlib alırlar, alana qədər heç bilmirdilər ki, o əşyaya ehtiyacları var, özlərində olmayan pulla, kreditlə alırlar, tanımadıqları adamları heyrətləndirmək üçün alırlar.

Bu təşnənin sonu yoxdur. Sonsuz yarışdır. Keçmişdə kasıb o adama deyərdilər ki, minimum ehtiyaclarını ödəyə bilmir.

Bugün isə kasıb o adama deyilir ki, satın almağı yaxşı bacarmır, qüsurlu istehlakçıdır, vitrinlərdə gördüklərini ala bilmədiyi üçün özünü kasıb hiss edir. İndi Azərbaycanda hər iki növ kasıb var.

Əgər sən solçusansa, sənin necə deyərlər, iş materialın kasıblardır.

Kasıblar çox zəngin mövzudur. "Onlar yoxsulluğun para qazanmaqla unudulacaq bir günah olduğunu sanacaq qədər məsum insanlardır", Orxan Pamuk bir əsərində deyir.

Kasıblar kapitalistlərə də lazımdır. Kapitalistlər onları bir az da olsa sağlam, təhsilli, vitaminli etməyə çalışırlar ki, lazım gələndə orduları olsun, ehtiyat orduları.

Amma solçulara başqa mənada lazımdır kasıblar. Solçular onlara Karl Marksın əsərlərində yazılanları deməklə, proletariatı öz əməyinə sahib çıxmağa çağırırlar.

Amma hanı proletariat? Hanı Marksın, Leninin dediyi proletariat? İndi vəziyyət xeyli dərəcədə fərqlidir.

Müasir filosof, özü də elə bu il vəfat edib, Zygmunt Bauman "İş, istehlakçılıq və Yeni Yoxsulluq" (Work, Consumerism And The New Poor) adlı kitabında deyir ki, istehsalçılar cəmiyyətində kasıb olmaq bir şeydir, istehlakçılar cəmiyyətində kasıb olmaq isə ayrı şeydir.

Əgər istehsalçılar cəmiyyətində həyat seçimləri iş, peşə qabiliyyətləri, əmək üzərində qurulursa, müasir istehlakçılar cəmiyyətində həyat nə isə satın almaq üzərində qurulur.

Bir zamanlar kasıb olmaq işsiz olmaqla əlaqəli bir şey idisə, bu gün kasıblıq ilk növbədə qüsurlu istehlakçı olmaq deməkdir.

İstehsalın səviyyəsi 18-20-ci əsrlərdən fərqli olaraq, artıq geniş əmək qüvvəsindən asılı deyil. Kimsə əmək sərf etsə də, etməsə də, istehsal gedir, milyardlarla çeşiddə mallar istehsal olunub supermarketlərə göndərilir.

Solçuların vacib termini olan "Labour" (Əmək) sözünün müasir dövrdə mənası nədir, bir halda ki, bizi istehsal yox, istehlakçılıq təyin edir.

Bauman deyir, kasıb icmalardan çox uzaqlarda yaşayan özgələri tərəfindən qoyulmuş standartlarla istehlak yarışlarında iştirak etməyi bacarmayan insanlar qüsurlu istehlakçılara - Yeni kasıblara çevrilirlər.

İndi belə bir cəmiyyətdə biz nə alırıq, oyuqsa, bizi aldığımız şeylər müəyyən edirsə, şoppinq etməyən kasıbın nə mənası var?

Bu gün kasıblıq cəmiyyətdə bir vacib rol oynayır. Onların mövcudluğunun mənası, rolu başqalarına xəbərdarlıqdır.

İnsanlar istehlakçı qaçış zolağında daimi nə isə alırlar ki, ordan aşağı düşməsinlər, ordan düşmək boşluğa düşməkdir. İnsanlar hər şeydən çox kasıbların sırasına qoşulmaqdan qorxurlar.

Bax, budur müasir Azərbaycan solçu gənclərinin də günü-güzəranı: kitab oxumaq, şərh etmək.

Əlaqəli mövzular

Bu barədə daha geniş