Biz dünyəviliyi qoruyub saxlaya bilmişikmi?

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Tanıdığım gənc müəllim bir dəfə gözləmədiyim anda söhbətimizin ortasında pafoslu şəkildə dedi:

"Bizim mövhumata, təhsilsizliyə, dini radikalizmə uduzmamağımızın, dünyəviliyi qoruyub saxlamağımızın əsas səbəbi Cəlil Məmmədquluzadənin, Axundovun, Həsən bəy Zərdabinin, Haqverdiyevin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun, Ömər Faiq Nemanzadənin və bu sıralamada adları çəkilməyən başqa belə dəyərli şəxslərin yazdıqları, gördükləri işlərdir."

Özü isə mövhumatçı, təhsilsizliyin, cəhalətin, saxtakarlığın yanında olan, keçmişdən qalan mənasız, insan həyatını zəhərləyən bir çox adətlərin daşıyıcısı, bu günlə ayaqlaşa bilməyən, tolerant ola bilməyən, fərqli fikirləri qəbul etməyən, insan hüquq və azadlıqlarını tanımayan, anlamayan bir insandır.

Bir dediyi ilə başqa dediyi söz, etdiyi hərəkət uyğun deyil.

Biz həqiqətən yeganə sərvətimiz sayılan dünyəviliyi qoruyub saxlaya bilmişikmi? Buna cavab vermək mənim üçün çox çətindir.

İndi gördüyüm qədər həmin dünyəvilik sürətlə əlimizdən çıxır, sanki hər gün bir az da geriyə qayıdırıq, əlimizdə olanları itirməklə məşğuluq.

Amma bunu çoxlarımız qəbul eləmək istəmirik, çünki mənzərə bizi aldadır.

Bu, həm də bir insanın öz işini bilməyən həkimə inanmasına bənzəyir, o, sağalmağa olan son ümidini itirənə qədər təhlükəni hiss etmir və qəfil hər şey əldən çıxır. Belə hadisələr də bizə yad deyil.

Qəbul etsək də, etməsək də həqiqət dəyişmir, bəlkə vəziyyət mən düşündüyüm qədər acınacaqlı deyil, amma təhlükəni görüb reallıq hissindən uzaqlaşa bilmirəm.

Bu təhlükənin yaradıcıları və onlara aldananlar var.

Bir cəmiyyət üçün uzun illər çəkilməz bəlaya çevriləcək təhlükəni yaradan bu insanlar sanki düzgün olanı bilirlər, ona görə də bunu dilə gətirirlər, amma özləri düz bildikləri kimi yaşamaqdan qaçırlar, beləliklə, özlərinə bir zərbə, onlara inananlara isə başqa bir zərbə vururlar.

Bu bəlkə də hansısa sərgidə rəsm əsərlərinə baxıb heç nə anlamayan, heç bir zövq almayan, heç bir hiss yaşamayan insanın ətrafdakılardan seçilmək qorxusu kimidir, o, orada özündən uzaqlaşıb ətrafda olan insanları öz hərəkətləri və dediyi sözlərlə aldatmaqla məşğul ola bilər.

O vaxta qədər ki, onun özünü aldatdığını hiss edən biri olar.

Həqiqətlə üzləşmək qorxusu

Sovet çökdükdən sonra Sabirin, Cəlil Məmmədquluzadənin, Axundovun dövründə yazdıqları, mübarizə apardıqları cəmiyyət yenidən müzakirə edilmədimi?

Və indi daha çox müzakirəyə ehtiyac duymurmu? Deməli, o zaman da kənardan görünən mənzərə çoxlarını aldadıb.

Bir fərq var ki, burada məcburiyyət yoxdur, əksinə elə bu günkü acınacaqlı vəziyyətin yaranmasına məqsədli şərait yaradılıb.

Hansı ki, biz indi cəhalətin, təhsilsizliyin, mövhumatın tam otasında sayılırıq. İnsan hüquqlarından, azadlıqdan isə heç danışmağa dəyməz.

Məcburiyyət olmamağına baxmayaraq bir çox insan bu cür yalanlar danışır.

Bu mövzuya bir də sosial şəbəkələrdən misal çəkmək olar.

Sosial şəbəkələrdə qarşıma çıxan bir çox insanın əsas problemi yuxarıda misal çəkdiyim ədəbiyyat müəllimində olan problemdir.

Məsələn, indi sosial şəbəkələrin birində bizə fikrimizi yazmağımız üçün belə bir sual verilir "nə düşünürsən?"

Orada bir insan bir neçə şəxsiyyətə bölünə bilir, evdə bir cür olur, küçədə bir cür, sosial şəbəkələrdə isə bir cür.

Və beləcə özləri də hər düşdükləri vəziyyətə inanırlar, heç bir nəticəsi olmayan fikirlər söyləyirlər, çünki o fikirlər başqalarından sadəcə əzbərlənib, yazdıqları fikirlərə uyğun insanlar olmurlar.

Nə istəsən iddia edə bilərsən, inananlar və inanmayanlar ola bilər. Asanlıqla inananları saxlaya, inanmayanları kənarlaşdıra bilərsən.

Bəzən biri ədalətli, sağlam cəmiyyətdən, insan hüquq və azadlıqlarından ağız dolusu danışır.

Amma özü "kişi qadını döyər", "valideyn uşağa nə istəsə edər", "yaltaqlıq ağıllı insanın çıxış yoludur", "gücün yanında ol" prinsipi ilə yaşayır.

Həmin insana desən ki, ağılsızsan, insana dəyər vermirsən, insan hüquqlarını tapdalayırsan, qətiyyən qəbul eləməz.

Belə insanlar həqiqətlə üzləşməkdən qorxurlar.

Yəqin ki, yeganə yol yalan danışmağa qalır. Bu isə onların özləri ilə bərabər ətrafında olan bir çox insanı aldadır, ümidli edir, təhlükəni hiss etmirlər, reallıq hissindən uzaqlaşırlar.

Kənardan mənzərə gözəldir, ümidvericidir, amma yaxınlaşdıqca görürsən ki, oralar xarabalıqdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş