Tural Şahtaxtinskinin bloqu: "Biz milçək kimi bir şeyik"

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Tanımadığım insanlarla uzaq yol gedəndə adətən ortaq bir problemin mövzusu açılır, nə qədər susmağa çalışsam da yol getdiyim zaman ərzində hansısa hadisə bizi danışdırır.

O, susurdu, həqiqətən danışmağa həvəsli görünmürdü.

Həm bu danışmaq məsələsi bir az qəlizdir, bəzən yanında oturan insan çox mənasız olur, ağlına gələni danışır, gah məsləhət verir, gah danlayır, gah təhqir edir və etdiklərinin fərqində olmur.

Qarşısındakı insanın hansı reaksiyanı verəcəyi onu maraqlandırmır.

Bakı avtovağzalından bir avtobus tapıb yola düşənə qədər insan özünü keçmişdə baş vermiş hansısa döyüşdə hiss edir.

Bu döyüşlər adətən adamı həyatdan soyudur, hələ getdiyin yol da başqa bir döyüş olur.

Bəllidir, bu ölkədə hər gün insanı həyatdan soyudan başqa-başqa döyüşlər də olur.

Qəfil qəza şəraiti, səs-küy və tez də hadisənin yanımızdan ötüb keçməsini müşahidə edirdim, birdən kövrək bir səslə kimsə dilləndi, "Biz milçək kimi bir şeyik."

Bu səs yanımda oturan insandan gəlirdi. Davam edir: "Burada biz milçək kimi yaşayırıq, bilinmir kim başından vurub öldürəcək, kim ayağından.

Mən hər gün elə bilirəm evə ölüb qayıdacam, ya da evdə əsəbdən ürəyim partlayacaq. Bir maşınım var idi, taksi işləyirdim, kredit əlimdən çıxardı.

İndi başımı hara gəldi soxuram ki, iş olsun. Uşağım xəstə, özüm xəstə, evimin bir yanı nəmdən, bir yanı uçmağa hazır divardan, bir yanı da hələ yaşamaq üçün hazır olmadığından evdə yaşamaq çətindir."

Təxmini belə bir söhbət, davamını yazmaq uzun çəkər. Dinlədikcə düşünürdüm, axı bu insanın nəyi var həyatda? Özünü milçək kimi hiss edən, ümidsiz, hər şeydən əli üzülmüş bir insan.

Nə qədər belə insan var, onlar heç nədən zövq ala bilmirlər, kimisi "adam"ı yoxdur deyə əziyət çəkir, kimisi "adam"ı var deyə, yəni özünü heç sayan, "adam" axtaran insanlar az deyil. Dövlətin yaratdığı belə bir absurd vəziyyət var.

Ümumiyyətlə hər şeydən əli üzülən insanlar da var.

Sağlam məhkəmə, təhsil, səhiyyə və s sistemi olmayan bir dövlətdə belə də olmalıdır.

Telefonu götürüb sosial şəbəkəyə girirəm, işıqlı, savadlı gənclər bir kampaniyaya başlayıblar. Qoşulanlar əlində bir kağız tutub sosial şəbəkələrdə paylaşırlar. Kağızda böyük hərflərlə belə yazılıb: "İntihar etmə!"

Bunu görən kimi telefonu özümdən asılı olmayaraq tez cibimə saldım, əlimlə də üstündən bərk-bərk sıxdım.

Qorxdum. Yanımda oturub, həyatda hər şeydən əlini üzmüş, ümidsiz, özünü milçəklə müqayisə edən insanın o yazını oxumasından qorxdum. Bəlkə də oxuyub, düşünə bilərdi: "Niyə də etməyim?"

İntiharlar haqqında yazı yazacaq gücdə deyiləm, hər gün ən azı bir intihar xəbəri gəlir.

Bu yazı intiharlar haqqında yazı sayılmır, mən yanımda intihar etmək istəyən bir insanla necə davranacağıma çətinlik çəkən biriyəm, heç uzağa getməyək, bəzən insan özü ilə bacarmır.

Ümidli olmaq gözəldir

Amma həmin gün məni bu bədbin, ağır düşüncələrdən, ümidsizlikdən çıxaran bir hadisə də baş verdi.

Avtobusdan düşdüm, su almaq üçün mağazaya girdim, orada maraqlı bir söhbətin şahidi oldum.

Gecə yarısı, üzü gülən, şən, elektrik qızdırıcısı üçün spiral almaq istəyən orta yaşlı insan satıcıya deyir: "Buradan spiral alanda sizə demişdim, çox yaxşı spiral idi, deyəsən daha olmur heç yerdə. Demişdim ki, o spiraldan saxlayın gəlib alacam."

Satıcı donuq sifətlə, gözlərini bir az qıyıb ona baxırdı. Sonra izah elədi ki, o burada yenidir, başqa satıcı olub.

Həmin insanın cavabı mənimçün möhtəşəm idi: "Mən bilirəm siz deyildiniz, mən bura bir il əvvəl gəlmişdim, demişdim ki, spiral nə vaxtsa yansa bir də gəlib burada qalan iki dənəni də alacam".

Satıcı güldü, elə o da güldü, mən də güldüm. Hətta iki-üç dəqiqə zarafatlaşdılar.

İnsanın bu qədər pozitiv, ümidli, inamlı olmağı çox gözəldir. Bəlkə də bir il ərzində o mağazada nə qədər problem olub, neçə satıcı dəyişib, hərəsinin də öz həyatı, biri çətin olar, biri asan fərq etmir.

Bir il ərzində mütləq çox şey dəyişir, biz iki-üç saatın içində nə qədər hadisəyə şahid oluruq, neçə insan ömrü məhv olur, neçə insan həyatdan küsür, amma həmin pozitiv, ümidli, inamlı insan bir il ərzində düşünüb ki, əgər nə vaxtsa spiral yansa mənə saxlanmış iki spiral var.

Məsələ spiralda, bir ildə deyil deyil, gələcək üçün nəyəsə bu qədər ümidli, inamlı olmaqdadır.

Əlaqəli mövzular

Bu barədə daha geniş