Tural Şahtaxtinskinin bloqu: Fərqlənmək qorxusu və ölüm...

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Qapalı, çoxları üçün başqalarının şəxsi həyatı daha maraqlı olan, mühafizəkar, qadağalarla dolu, fərqliliklərə, yeniliklərə qarşı aqressiv cəmiyyətlərdə insanlar bir-birindən seçilə bilərlər.

Biri varlı ola bilər, biri kasıb, biri uzunboy, biri qısaboy, biri həkim, biri müəllim, amma orada bütün zamanlarda fərqlənməyən yeganə şey insanların bir-birindən xəbərsiz də olsa eyni cür məhv olmasıdır.

Mənim üçün həyatda daha ciddi məsələ ölümdür, ölüm hər şeyə gecikməkdir. Altmış-yetmiş il yaşayıb ölmək isə daha ağrılı olur, belə cəmiyyətlərdə.

Bu yaxınlarda bölgələrin birində dostlarla bazarı dolaşırdıq, yəqin ki, geyim və digər xüsusiyyətlərə görə oradakı insanlarla fərqli görünüşdə olmağımızdan insanların baxışlarının, hərəkətlərinin bizə qarşı dəyişdiyi aydın hiss olunurdu.

Xüsusən də dostumuzun birinin daha fərqli geyimdə olması.

Xoş üzlə qarşılayan, xoş üzlə yola salanlarla bərabər lazımsız sözlər deyən, acılayan insanlar da olurdu.

Müxtəlif məkanlarda gördüyümüz münasibətlərdən gəldiyimiz nəticəyə görə hər an gözlənilməz nələrləsə qarşılaşa bilərdik. Pis, yaxşı fərq etmir.

Vacib bir məsələni qeyd edim ki, bazarda qarşılaşmamağımıza baxmayaraq, ümumiyyətlə, bu ölkədə fərqliliyinə görə döyülənlərin, söyülənlərin, öldürülənlərin, təhqir olunanların olması bizim böyük bəlalarımızdan biridir.

Orada daha çox insanların baxışlarını müşahidə etdim, bu özü bəzən çox şeyi açıq-aşkar ortaya qoyur.

Budur, heç gözləmədiyimiz bir anda yaşlı bir insan bizimlə söhbət etmək istəyir. Elə o insanın da onu başa düşəcək birilə söhbət etməyə, içindəkiləri danışmağa nə qədər ehtiyacı olduğu təkcə baxışlarından bəlli olurdu.

Belə hadisələr çox olur. O insana biz maraqlıydıq, biz necəyik, nə edirik, nə istəyirik, məqsədimiz nədir, işimiz nədir və s.

Amma digər belə maraqları olan insanlardan fərqi onda idi ki, o insan bizi sanki öz doğması kimi görürdü, biz onun üçün bəlkə də bu həyatda ən doğma insanlar idik.

Özünün də dediyi kimi, həyatda heç kimi və heç nəyi olmayan bir insan. O, tez-tez xanəndə olduğunu qeyd edirdi.

Dostumuz onunla söhbətini mahnı oxumaqla davam etdirmək istədi, bu arada biz sakitcə onları dinləyirdik. O, bir-iki dəqiqə hansısa mahnını zümzümə etdi.

Gözləri, əl hərəkətləri, ayaqlarının titrəməsi, dodaqlarının quruması, gizlənməsi o insanın nə qədər sevincli və nə qədər narahat olduğunu bəlli edirdi.

Hər şeyi özü deyirdi, mənim əlavə fikir söyləməyimə ehtiyac yoxdur. Elə iki-üç dəqiqəlik zümzümədən sonra bazarda onun haqqında kiminsə danışmağını istəmədiyini, bundan çəkindiyini dedi.

"Məni belə kimsə görsə sabah camaat arxamca danışacaq. Deyəcəklər bu yaşda etdiyi hərəkətlərə bax."

Biz ona dəstək olduq, heç nəyə fikir verməmək lazım olduğunu dedik, amma onun üçün həyat bu qədər asan deyildi. İstək var, sevinclidir, doludur, amma bunlardan daha böyük qorxu var.

Sevdiyi sənətlə məşğul olmaqdan daha çox qorxması elə onun yanımızda olan gənc xanıma "gəl birlikdə oxuyaq" deməsidən görünürdü.

O insan əslində istəklərinə və qorxularına şərik axtarırdı, istəmirdi ki, bazarda onu görənlər tək olduğunu düşünsün, qınayanda da, arxasınca pis sözlər danışanda da heç olmasa başqa birinin də onunla olduğunu qeyd etsinlər.

Təklik, seçilmək, fərqlənmək onu çox qorxudurdu.

Ölüm ayağında

Həyatının ən azı əlli ilini qorxular və qadağalarla yaşayan bir insanın bundan daha böyük faciəsi yalnız ölüm ola bilər.

Bu günə qədər yazdıqlarımla bağlı müxtəlif təriflər, tənqidlər və suallar eşitmişəm.

Amma ölüm ayağında olan bir insanın yazdıqlarımla bağlı sual verməsi yalnız bir dəfə olub. Babam.

Onu sonuncu dəfə görəndə ömrünün sonuna iki gün qalmışdı. Məni görmək istəyirdi. Vəziyyətinin o yerdə olduğunu bilmədiyim üçün ölümündən iki gün əvvəl gördüm, yoxsa o qədər gecikməzdim.

Olanları olduğu kimi yazmayacam, məni görən kimi ilk sualının oxuduğu hekayələrimin birində ölən uşaqla bağlı olması dəhşətli idi.

O uşağın niyə öldüyünü soruşdu, belə desəm daha doğru olar- hekayədə uşağın öldüyünü qəbul etmirdi və məni sanki uşağın öldüyünü yazdığım üçün qınayırdı.

Bu sualın arxasında ən azı yetmiş illik bir həyat dururdu. Mən orada ölümün nə qədər ağrılı bir şey olduğunu bir daha hiss elədim, babam da öləcəyini bilirdi.

Açığı cavabını hələ də bilmirəm, bəlkə ölümə aid sualların cavabını bilsəm yazmağı dayandıraram.

Bəlli bir son bu qədər açıq-aşkar ortadadırsa, insanların illərlə öz azadlıqlarını, mənəvi dünyalarını, bütövlükdə özlərini məhv etməkləri anlaşılmazdır.

Bu barədə daha geniş