Nərmin Kamalın bloqu: Məmur yazıçı olanda...

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Bir qoca ərəbin dəvəsi itir, sübhdən gün batana qədər dəvəni axtarır, soraqlayır, tapa bilmir, axırda taqətdən düşüb dərdli-dərdli oturur yolun qırağında.

Tezliklə bir qız da gəlir oturur yaxınlıqdakı daşın üstündə. Qoca qıza deyir, dəvəmi itirmişəm, bəlkə sən mənim dəvəmi görmüsən?

Qız deyir, məni bir yaxşı oğlan istəyir, atam vermir, əslində atam verər, amma dayım onu fikrindən döndərir.

Qoca deyir, ay qız, mən sənə dəvə boyda dərddən danışıram, sən mənə nə danışırsan? Qız deyir, hərənin dərdi özünə dəvə boydadır.

İndi terror, qətliam olan şəhərlərin dərdlərinin yanında bizim bu gün haqqında danışacağımız məsələ balaca görünsə də, bu da bizim dərdimizdir. Dərdimiz mədəniyyət, sənət, ədəbiyyat dərdidir.

Ölkəmizdə məmurluqla, dövlət qulluğu ilə ədəbiyyat, sənət çayının suları bir-birinə qarışıb.

İkinci Dünya Müharibəsi vaxtı bir alman nasist zabiti Parisə gedir, orada rəssam Picasso-nun emalatxanasına baş çəkir.

Onun "Guernica" rəsmini görəndə əsərdəki xaosdan heyrətə gəlir və Picasso-dan soruşur: "Bu sənin əsərindir?" Picasso sakitcə cavab verir: "Yox, sənin əsərindir."

Bəli, əsərdəki xaotik dünya nasistlərin işidir, rəssam isə həmin dünyanı sadəcə görüb, kağıza köçürüb. Bu o deməkdir ki, mədəniyyət və hakimiyyət başqa-başqa adamların əllərində olmalıdır.

Əgər rəssam həm də dövlət müşaviri, baş nazirin birinci müavini olsa, o, öz zəmanəsini "Guernica" rəsmindəki kimi görməyəcək, görsə də o cür çəkməyəcək, onun çəkdiyi mövzular ya mədhiyyə olacaq, ya da nəlbəkiylə stəkanın məhəbbəti kimi mövzular.

Dövlətdə mədəniyyəti yaradanla siyasəti yaradan eyni bir şəxs olanda, mədəniyyət öz şuxluğunu, azadlığını, tənqidi funksiyası, gözəlliyini, əzəmətini itir. Necə ki, itirib.

Vəzifədən sui-istifadə

Mədəniyyət adamıyla siyasətçinin, məmurun eyni bir adamın simasında birləşməsi Azərbaycanda özünü daha eybəcər büruzə verir:

Azərbaycan orta məktəblərində müəllim iş yerindən, vəzifəsindən özünə tələbə tutmaq üçün istifadə edir, zəif şagirdlərinin valideynlərinə təklif edir ki, onu "ayrıca hazırlaşdıra bilər", ayrıca pul qarşılığında ayrıca hazırlaşdırılan uşağın gündəliyindəki qiymətlər qəfildən süni şəkildə qalxır.

Dövlət məmuru olan yazıçının da kitablarının, pyeslərinin məzənnəsi süni şəkildə qalxır.

Yaltaqlar və fürsətcillər ordusu onları tərifləmək üçün sıraya düzlənir, teatrlar yalnız onların və onların atalarının pyeslərini səhnələşdirir, dərsliklər yalnız onların və atalarının hekayə və şeirləriylə dolur, hər şey bir-birinin ardınca gəlir, domino daşları kimi.

Bu və digər yazıçılar öz vəzifəsindən, xidməti səfərlərindən, dövlətin xarici əlaqələrindən, dövlətin pulundan sui-istifadə edərək, kitablarını xarici ölkələrdə də çap etdirməyə böyük həvəs göstərirlər.

Problem ondadır ki, Qərb ölkələrində bu kitablar ədəbi əsər həyatı yaşamırlar. Diskriminasiya ilə iki-üç müəllifin Türkiyədən tutmuş Portuqaliyaya qədər, o qədər kitabı çıxa, amma Azərbaycan ədəbiyyatının nüfuzuna bunun heç bir isti-soyuğu olmaya.

Halbuki məmur-yazıçıların kitablarının xaricdə çapına xərclənən o qədər maddi vəsaitə bütün mədəni ölkələrdə mövcud olan beynəlxalq standartlarla işləyən, Azərbaycan ədəbiyyatını xarici nəşriyyatların seçiminə bərabər imkanlar kimi təqdim edən Tərcümə Proqramı yaratmaq olar ki, bu da Azərbaycan ədəbiyyatının inkişafı və dünyada tanıdılması üçün nə qədər faydalı olar.

Gürcüstanın Dövlət Tərcümə qurumu kimi, bəyənmədiyimiz Türkiyənin TEDA layihəsi kimi.

Ədəbiyyat gözəl aləmdir. Onu oxuyanı zənginləşdirir, zövq verir, insanın qəlbini böyüdür, müdrikləşdirir.

Azərbaycanlılar orta məktəbin ədəbiyyat dərsliklərindən sonra ədəbiyyatdan elə iyrənirlər ki, bir də heç bir şey onları bədii ədəbiyyat oxumağa məcbur edə bilmir. O dərsliklər ki, onlardakı ədəbiyyat məmur kabinetlərində yazılıb.

Yazıçı xislətiylə iri dövlət məmuru xisləti birləşə bilməz, xüsusən Azərbaycan kimi ölkədə. Onların dili də ayrıdır.

Özünüz baxın, dövlət məmurları "gecəqondu" deyirlər. Bu, orada yaşayan insanların həyatına kənardan baxışdır, ədəbiyyat isə onlara daxildən baxır.

O insanlar öz yaşadıqları yerə "gecəqondu " demirlər, "ev" deyirlər. Yazıçı da ora "ev" deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş