"Qadına bu yaraşmaz" deyənlərin "cinsi ayrıseçkilik" mübarizəsi

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

"İnsan hüquqlarını qoruya bilməyənlər qadın hüquqlarını qorumağa qalxıblar." Adətən belə sözlərlə qarşılaşıram.

Yazsam ki, belə sözlər deyən insanlar qadını insan kimi görmürlər, onda deyəcəklər, haqsızsan, sözü yozursan.

Özlərini müdafiə etmək üçün "insan hüquqlarını qoruya bilək, hər şeyi düzəldək, sonra cinsi ayrıseçkilikdən danışarıq" kimi sözlər deyəcəklər.

Belə düşünənlər çoxdur, guya hər şeyi düzəltməliyik, ondan sonra belə mövzulardan danışmalıyıq.

Amma özləri də fərqində olmadan yenə də insan hüquqlarını ayaqlayırlar. Elə cinsi ayrıseçkilik insan hüquqlarının bir başa pozulması deməkdir.

Bir nəfər cinsi ayrıseçkiliyə qarşıdır, amma özü də fərqində olmadan qarşısında olan insanı öz cinsindən seçməyə qalxır. Azadlığına sərhədlər çəkməklə məşğul olur.

Qadına bu yaraşmaz, qadına o yaraşmaz yanaşmaları ilə qəbuledilməz sərhədlər çəkir, ya da cinsi ayrıseçkiliyə işarə edən sözlər işlədir, amma bunların cinsi ayrıseçkiliklə əlaqəli olmadığını deyir.

Cinsi ayrıseçkiliyə yoxsa zorakılığa qarşı?

Bəs cinsi ayrıseçkiliklə mübarizə Azərbaycanda necə başladı və nəyə görə hələ də öz həllini tapa bilmir?

Azərbaycanda cinsi ayrıseçkiliklə mübarizə daha çox cinsi zorakılığa qarşı çıxmaqla aparılır.

Azərbaycan faciəvi qadın döyülmələri hekayələri ilə dolu bir ölkədir.

Neçə uşağı qız olduğuna görə elə körpə vaxtı acından öldürüblər, neçə yeni ailədə ilk qız doğulduğu üçün o, istənilməyən uşaq olub.

Neçə ailə ilk və ya ikinci, üçüncü uşaq qız olduğu üçün dağılıb.

Bütün bunlar da gələcəkdə həmin uşaqların həyatını faciəvi edib, dəhşətli çətinliklər qarşısında qoyub. Cinsi zorakılığa məruz qalmaq həyatı boyu onları izləməkdə olub.

Neçə qadın daim döyüldüyü üçün ağır xəstəliklərə düçar olub, həmin ağır xəstəliklərin ağır ağrıları altında dünyadan köçüb, neçə qadın döyüldüyü üçün psixoloji sağalmaz travmalar alıb?!

Bütün bunları edən kişilər isə əlini sallayıb küçədə rahat gəzişib.

Mənəvi və fiziki təzyiqlərdən əlavə bir də abortlar haqqında müzakirələr olub. Abortlar əsasən uşağın cinsiyyəti bilindikdən sonra olur. Yəqin ki, bu cür hadisələrin olmasını hara getsək eşidə bilərik.

Bu cür cinsi zorakılıqların, mənəvi, fiziki təzyiqlərin olması əslində cinsi ayrıseçkiliyin nəticəsidir. Amma cinsi ayrıseçkilik yalnız bunlarla bitmir.

Yəni elə döyülmək, təhqir olunmaq, abort və qız uşaqlarının uşaqlıqdan sevilməməsi, seçilməsi, döyülməsi, atılması məsələlərinin öz həllini tapması cinsi ayrıseçkiliyə son qoyulması sayılıb.

Bəs bütün bu mənəvi, fiziki təzyiqlərin, zorakılıqların, abortların olmaması üçün nə etmək lazım idi?

Niyə bu qədər müzakirə olunmağına baxmayaraq, hələ də yuxarıda yazdığım problemlər də qarışıq bu mövzu tam öz həllini tapmayıb?

Çünki məsələ tək yuxarıda qeyd elədiklərimlə bitmir. Yenə də qadınlar təhqir olunurlar, azadlıqları əllərindən alınır, hər addımda ayrıseçkiliyə məruz qalırlar.

Ola bilsin indi keçmişdə olduğu qədər döyülmələr, öldürülmələr olmur, amma bu hələ də hər şeyin bitdiyini göstərmir.

Cəmiyyətdəki vəziyyəti nəzərə alıb yazıram, bu gün bir qadın kişidən heç bir fərqi olmayan hərəkətlər edərsə, işdə, evdə, küçədə, danışıqda, düşüncədə və s. kişilər qədər sərbəst olarsa, ona qarşı qoyulan sərhədləri aşarsa, bunu faciə kimi qarşılayan insanların olması əslində, bütün həll olunmamış və həllinin tapılmağa çalışıldığı həmin şiddətlərə gətirib çıxarır.

Müşahidələrimdən belə nəticəyə gəlmişəm ki, Azərbaycanda cinsi ayrıseçkiliklə mübarizə yalnız cinsi zorakılıqlar, mənəvi təziqlər və abortlar çərçivəsində müzakirə olunur.

Bu baxımdan bu gün feminstlər təhqirlərlə, hədələrlə, təyziqlərlə qarşılaşırlar.

Cinsi ayrıseçkiliyi qadınlara qarşı ümumiyyətlə heç bir sərhəd olmadan, heç bir əlavə məna qatmadan istəyən insanlar, hər kəsin bərabərhüquqlu olduğunu düşünən insanlar cəmiyyət üçün yararsız, faydasız, cəmiyyətin faciəsi kimi qarşılanırlar.

Əgər mən burada yalnız qadınlara olan şiddətlərə qarşı yazsam bu, cəmiyyət tərəfindən daha düzgün qəbul olunar.

Amma bütünlüklə qadın-kişi bərabərliyindən danışıramsa, hər kəsin hüquqlarının bərabər olduğunu deyirəmsə, bu, çoxluq tərəfindən düzgün qəbul edilməyəcək.

Bu gün sadəcə öz həyatı haqqında özünün qərar verməsini istəyən qadınların ən xırda etirazına görə belə öldürülməsi, döyülməsi faktları varsa da, o da bu cür yanaşmaların nəticəsidir.

Həqiqət dəyişməz olaraq qalır. Bütün insanlar bərabərhüquqludur.

Əlaqəli mövzular

Bu barədə daha geniş