Tural Şahtaxtinskinin bloqu: Vicdanlı olmaqdan danışan rüşvətxor

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

"Kitab oğurlamaq oğurluq sayılmır". Neçə ildir bu sözləri eşidirəm, qəribədir, kitab oxuyan da oxumayan da deyir. Oğurlayan da, oğurlamayan da deyir.

Hər dəfə bu cümləni eşidəndə yadıma olmuş bir hadisə düşür.

Məktəbdən verilən kitabı itirən şagirdi rüşvətxor bir müəllim danlayır. Ona dürüst, məsuliyyətli, vicdanlı olmağın gözəllikləri haqqında danışır.

Hər cümlənin sonunda ya da əvvəlində özündən misal gətirir. Kitabın itməsini isə oğurluq kimi qiymətləndirir.

İtirildiyini yox, oğurlandığını iddia edir. Dövlətin malına göz dikmək kimi qiymətləndirir. Sonda fikrini bu cümlələrlə bitirir: "Kim kitab oğurluğu oğurluq sayılmır deyirsə, böyük səhv edir. Uşaqların tərbiyəsini pozur."

Yazı kitab oğurlanmasının oğurluq sayılıb-sayılmaması haqqında deyil. Bununla bağlı heç bir fikir söyləmək istəmirəm.

Oxunmayan, yandırılan, zibil qablarına atılan, oxunmaqdan başqa hər cür məqsədlər üçün istifadə olunan minlərlə kitabın olduğu bir ölkədə bu mövzu aktual ola bilməz.

Mən həmişə məhz bu cür insanlardan daha çox qorxmuşam. Çox qorxunc insanlardır. Sən həm rüşvətlə yaşa, həm də vicdanlı olmaqdan danış.

Neçə-neçə şagirdin həyatını oğurla, amma itmiş kitaba görə qarşındakını oğru adlandır. Həm seçki saxtalaşdırılmasında əlin olsun, həm də uşaqların gələcəyindən narahat olduğunu de. Qəribədir.

Ümumiyyətlə, gündəlik həyatımda çox qarşılaşdığım bir şey var. Tanımadığım bir insan heç dəxli olmayan yerdə özünün necə vicdanlı, dürüst, saf, ədalətli olması haqqında danışır. Sadəlikdən danışır. İnsanlıqdan danışır. Müdaxilə etməsən xeyli belə misallar gətirər.

Ölkədə baş verənləri nəzərə alsaq, əslində çoxlarımız vicdanlı insan axtarışındayıq. Hər sahədə buna ciddi ehtiyac var.

Maraqlısı da elə budur. Bu qədər özünü vicdanlı təqdim edən insan varsa, bəs bu vicdansızlıqlar, ədalətsizliklər haradan qaynaqlanır?

Hər kəsin yalan danışdığını düşünmək düz deyil. Amma hər kəsin düz danışması da mümkün deyil. Bu iki cümləyə gülməyim tutdu, deyəsən, çox qarışıq oldu.

Yəni o şagirdin yerində olmaq da var, olmamaq da. O şagird kimi neçəsi heç bilmir qarşılarındakı insan onlardan nələr oğurlayıb, onların vicdanlı olduğuna inanır.

Vicdan axtarışında

Məncə dünyada bizim qədər vicdan axtarışında olan az xalq qalıb.

İndi çox insan bir-birini zorla vicdanlı çıxarır. Az insan vicdansızı öz adı ilə çağırır.

Durduğun yerdə kimsə gəlib deyir ki, görürəm sən vicdanlı adamsan. Bir çoxu da yuxarıda yazdığım kimi özü özünü vicdanlı insan edir.

Həqiqətən buna ehtiyacımız var. Biz vicdanlı insan görəndə sevinirik.

Saxtakarlıq etməyən, insanların həyatını məhv etməyən, öz işini məsuliyyətlə yerinə yetirən insanlar görəndə sevinirik.

Halbuki, bütün bunların axtarışı çoxdan bitməli idi. Bu qədər aciz durumda olmamalıydıq. İnsanlar bir-birini bu qədər incitməməliydi. Bu qədər yalan, oğurluq, saxtakarlıq, vicdansızlıq olmamalıydı.

Yoxsa indi evlərini başına uçuranlarda vicdan axtarmağa məcbur qalır insanlar. Özlərinə təsəlli axtarırlar.

Tanımadıqları insanlarla söhbətə başlayanda ilk cümləni vicdanlı olmaq haqqında qururlar. Sanki qarşılarındakı insanın onları aldatmasından, onları süründürməsindən qorxurlar. Bu bir xatırlatma kimi olur. Yəni "vicdanlı olmaq da var, bunu unutma" demək istəyirlər.

O şagird bilmək olmaz sabah həqiqəti biləndə o müəllimdə necə vicdan, necə ədalət, necə həqiqət axtaracaq.

Bilmək olmaz o müəllimin boynuna hansı yollarla vicdanlı olduğunu qoyacaq. İnsanlar həm əziyyət çəkirlər, həm də onlara əziyyət verənlərə haqq qazandırırlar, hansısa bir yolla onları vicdanlı sayırlar.

Sanki son damcılar qalıb. İstəmirlər itib-batsın bu anlayışlar. İstəmirlər hər addımda aldansınlar, saxtakarlıqla, vicdansızlıqla qarşılaşsınlar.

Aləm qarışıb bir-birinə. Bir tərəfdən ölkə günü-gündən özünü lap itirir. Özümüz çəkdiyimiz əzablar bəs deyilmiş kimi başqa xalqların da başına bəla olmuşuq.

Özümüzdə olmayan azadlıq, sağlam təhsil, məhkəmə, səhiyyə az deyilmiş kimi başqa ölkələrdə də bu cür halların yaranmasına qol qoyuruq.

Uşaq kitabı itirib deyə onu "dövlətin malına göz dikən" adlandıran rüşvətxor, seçki saxtalaşdıran müəllim vicdanlı olmaqdan danışır. Bəs dövlət sənin kimi insanların varlığı üçün o uşaqdan nələr oğurlayıb?

Ölkədə vicdanlı insanların şərlənərək həbs olunması, təqib olunması, onlara müxtəlif yollarla təyziq olunması, günün birində küçədə oğurlanması, başqa ölkələrə qaçmağa məcbur qalması bəs deyilmiş kimi indi də ölkədən çıxıb gedən vicdanlı insanları oğurlayıb geri qaytarmaq istəyirlər.

Jurnalist Əfqan Muxtarlını Gürcüstandan bu cür yollarla oğurlayıb gətirməyə, şərləyib həbs etməyə nə ad qoymaq olar?

Baş Prokurorluq Əfqan Muxtarlının üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan Azərbaycan sərhədini qanunsuz keçdiyini və saxlanarkən Dövlət Sərhəd Xidməti əməkdaşına qarşı zor tətbiq etdiyini bildirir.

Bəlkə dövlət özü də vicdan axtarışındadır? Harada vicdanlı insan görürlər şərləyib həbs etmək fikrinə düşürlər.

Bu gedişlə axtarış heç bir nəticə verməyək...

Əlaqəli mövzular

Bu barədə daha geniş