Tural Şahtaxtinskinin bloqu: Bu nifrət təkcə xaricdən gələn insanlara deyil

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Yay idi. Həyət evləri olan küçələrin arası ilə marşrut avtobusları keçən yola doğru gedirdim.

Bir tərəfdən isti, bir tərəfdən tələsmək nəfəsimi kəsirdi. Küçələrdə insan görmək mümkün deyildi.

Elə bil o küçələrdə hərəkət edən canlı yalnız mən idim.

Yolun sonunda qarşıma çayxana çıxdı. Ayaq saxlayıb su içmək qərarına gəldim.

İstiyə baxmayaraq çayxananın həyətində bir neçə insan var idi. Domino oynayan, nərd oynayan, söhbət edən insanlar.

Suyu içib yoluma davam edirdim ki, gördüm hərə bir tərəfdən əcayib səslər çıxarır.

Üç çinli öz dillərində nəyinsə haqqında maraqla söhbət edə-edə mən gəldiyim küçələrə doğru gedirdilər. İkisi qız biri oğlan idi.

Onda bəlli oldu ki, o əcayib səslər çinlilər üçün çıxarılırmış.

Həmin vaxt Çindən Azərbaycana işləmək üçün insanlar gəlirdi. İndi bilmirəm yenə gəlirlər, yoxsa yox.

Bu əcayib səslərlə birgə söyüşlər, müxtəlif cür lazımsız sözlər də deyilirdi.

Birdən oğlan çevrilib dedi ki, ayıb olsun! Sən demə, o, azərbaycan dilini bilirmiş.

Heç özüm də bilmədən orada durub qalmışdım, tələsməyim yadımdan çıxmışdı. Məni saxlayan özümə verdiyim sual idi.

"Görəsən, bu insanlar niyə durduqları yerdə, özü də bu istidə problem axtarırlar, başqalarını narahat edirlər?"

İndi də o sualın cavabını dəqiq bilmirəm. Bilmirəm bunlar boşluqdan, düşüncəsizlikdən, savadsızlıqdan, yoxsa başqa xalqalara qarşı olan nifrətdən irəli gəlirdi?

Amma deyə bilərəm ki, bu cür hallar təkcə xaricdən gələn insanlara qarşı olmur.

Onlar çinlinin cavabını həzm edə bilmirdilər. Anlamırdılar ki, çinli onlara niyə ayıb olsun deyib.

Bir-iki dəqiqə araya sakitlik düşdü. Biri dözməyib dedi ki, bu dəqiqə gedib onları şillələyəcəm.

Əlavə bir problem çıxartmaq üçün özünü qabağa verən bir gənc idi. Amma sonra yaxşı ki, bu pis fikrindən döndü.

Bəlkə də onlar hələ də dərk eləmir ki, insanları narahat etmək, onları yol getdikləri yerdə söymək, arxaları ilə əcayib səslər çıxarmaq ayıb işdir.

Sanki belə insanlar məqsədli şəkildə problem axtarırlar. Dava-dalaş, qanqaraçılıq, səs-küy, deyinmək, kimisə durduğu yerdə narahat etmək axtarışındadırlar.

Bunu təkcə bir-birinə qarşı etmirlər. Bir də görürsən kimsə yol ilə gedən itə daş atır.

İnsanların içindəki kin

İki gün əvvəl Azərbaycan məktəblərində son zəng tədbirləri oldu. Belə tədbirlərdə şagirdlər məktəbi bitirdikləri üçün sevincli olurlar, əylənirlər.

Hərçənd məktəblərdə tədrisin durumu heç də ürək açan deyil, amma əylənirlərsə, sevinirlərsə buna bir sözüm yoxdur.

Bir nəfər sosial şəbəkədə paylaşılmış bir videonun altında olan şərhlər haqqında danışırdı, sonradan özüm də həmin şərhlərin bəzilərinə göz atdım.

Gördüm ki, yenə insanları durduğu yerdə narahat etmək istəkləri, onların əyləncəsini pozmaq, onlara problem yaratmaq istəkləri ilə dolu şərhlərdir.

Videoda məktəbi bitirmiş şagirdlər şəhərin mərkəzi küçələrinin birində rəqs edirdilər. Amma bu videonu görən bir çox insan bunu qəbul etmirdi. Hətta təhdidlər, təhqirlər dolu fikirlər yazanlar da vardı.

Danışmaqla bitəsi deyil. Belə hallarla hər gün qarşılaşıram. Sanki bilə-bilə qonşu qonşuya, həkim xəstəyə, müəllim tələbəyə problem yaratmaqla məşğuldur.

Bir də görürsən heç bir səbəb olmadan hanısa vəzifəli şəxs vətəndaşı narahat edir, öz işini görmək əvəzinə vətəndaşa narahatlıq yaşatmaqla məşğuldur.

Bəzən insanlara bu da azlıq edəndə təbiətə, cansız əşyalara keçirlər.

Ən böyük problem isə belə işlərin düzgün olmadığını o cür insanlara izah etməyin mümkünsüzlüyüdür.

Bu cür insanlar həqiqi problemdən qaçmağa çalışırlar, içlərində yığdıqları əsəbi, kini bir-birlərinə qarşı işlədirlər. Rahatlıq tapmırlar.

Sanki onlar lazımsız bir problem çıxarmasa sakitləşə bilmirlər, özlərinə yer tapmırlar.

Bunların çoxunu məişətdən uzaqlaşa bilməyən insanlar təşkil edir. İnsanlar real problemlərə qarışmağı, onları düzəltməyi özlərinə rəva bilmirlər.

Özlərini həqiqi problemlərin düzəlməsində iştirak etmək iqtidarında görmürlər. Nəticədə heç bir səbəb olmadan bir-birinə qarşı əlavə çətinliklər yaradırlar, beləcə başları bu çətinliklərə qarışır.

Məsələn, şagirdlərin rahatlıqla, heç nədən çəkinmədən, qorxmadan, öz istəklərilə küçədə rəqs etməklərini pis qarşılayan, o şagirdlərə imkanları olsa narahatlıq etmək istəyində olan, qarşısını almaq istəyənlərə maraqlı olmaz ki, o şagirdlər görəsən məktəbi necə bitirdilər.

Onların içindən hansısa sabah təhsil ala bilməsə bu hal onları narahat etməz.

Nəinki bir qrup şagirdin küçədə rəqs etməsi narahat edir. Burada pis olan nədir? Gərək ancaq problem olsun, pis xəbərlər eşidək?

Daha yaxşı, təki bütün insanlar küçədə rahat yolunu getsinlər, rəqs etsinlər, özlərini azad, sərbəst hiss etsinlər, gülsünlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş