Hər dəfə kasıblıqdan kimsə şikayətlənəndə, ağlıma fərqli suallar gəlir

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Ümumiyyətlə, kasıblıq nədir? Yəqin ki, cavab kimi müxtəlif fikirləri eşidə bilərik.

Bir neçə gün bundan əvvəl çantamı yığırdım. Fikirləşdim görəsən, mənim bu çantadakılardan başqa nəyim var?

Ağlıma heç nə gəlmədi. Mən özümün olan yalnız o çantadakıları bildim.

Bir dəfə kasıblıqdan şikayətlənən insana sual verdim ki, niyə özünü kasıb sayırsan?

Bir az uzun cavab verdi. Düzü, heç o cavab tam yadımda qalmadı. Amma dedi ki, arzuları var. Bu arzularsa, özünə lazım olmayan əşyalardır. Böyük ev, maşın, bahalı geyimlər.

Onun cavabı yadıma bir neçə il bundan əvvəl baş vermiş bir əhvalatı saldı. Məhəllədə evini satıb binanın qarşısındakı qarajda yaşayan biri vardı.

Səhərlər durub ağacları sulayardı. Heç bir ehtiyac yaranmadan bəlkə də üç-dörd dəfə tanımadığım kimlərsə o insandan şikayət edirdilər.

Onun evini satmasını heç cür qəbul edə bilmirdilər. Müxtəlif səbəblər gətirirdilər. Kimi evi satıb səyahətə getdiyini, kimisi də evi qumarda uduzduğunu deyirdi.

Bu cür bir neçə fərziyyə irəli sürənlər olurdu. Bunların heç biri mənə maraqlı deyildi. İki-üç dəqiqə məhəllədə duran kimi elə bilirdim ki, bu dəqiqə kimsə yaxınlaşıb ondan şikayət edəcək.

Bəs insanlar onun öz fikrini niyə qəbul etmirdilər? O ki, hamıya bildirmişdi: Evə ehtiyacı yoxdur. İstəyir bu, bir, iki, beş otaqlı olsun, fərqi yoxdur.

Ətrafdakılara bunu qəbul etmək çətin gəlirdi. Bunu mümkünsüz sayırdılar. Məncə kasıblıq əksər insan üçün budur.

Vaxtımız çox azdır

Mən puldan imtina etmək haqqında yazmıram. Dediyim kimi əsas məsələ əksər insanların kasıblığı bu qədər dərd etməsinin mənasızlığıdır.

Cəmiyyətdə sanki rəqabət var. Birinin evi ikimərtəbəlidirsə, birmərtəbəli evin sahibi özünü ondan kasıb sayır. Birinin evi yoxdursa, bu onun faciəsi hesab olunur.

Uşaq vaxtı dayımın kürkünü geyinmişdim. Yaşıdlarımla birgə səhər idmanı üçün hər gün sıraya düzüləndə, kürkün qollarının söküklərini, uzunluğunu görüb utandığımdan yox olmaq istəyirdim.

Möcüzəyə də inanan biri deyildim. Deyirdim, görəsən elə bir texnologiya var ki, orada hansısa rəqəmləri yığıb durduğun yerdə yoxa çıxasan?

Bu qədər mənasız xəyalpərəst olmuşam. İndi özümə sual verirəm, o zaman nədən, niyə utanırdım? O qədər rəqabət görmüşdüm ki, elə bilirdim kürk ala bilməmək faciədir.

Amma kürküm var idi. Gözəl idi. Məni soyuqdan qoruyurdu. Məni xəstələnməyə qoymurdu. Belə bir kürkə görə niyə utanırdım?

İndi gənclərin əksəriyyəti yaxınlaşıb kasıblıqdan danışanda həmin uşaqlıq komplekslərim yadıma düşür.

Bu cür adamlara demək mümkün deyil ki, geyim o qədər də ciddi məsələ deyil. Onlar bahalı maşınlar, geniş evlər arzulayırlar. Restoranda şirə içəndə ona yüz manat ödəmək istəyirlər. Bunları edə bilməməyi özlərinə kompleks edirlər. Dərd çəkirlər.

Əlbəttə təhsil, səyahət, xəstələnəndə dərman almaq, küçədə qalmamaq üçün özünə ev tapmaq, ümumiyyətlə, sərhədlənmiş dünyada yaşamaq üçün insana pul lazımdır.

Məsələn, mən özüm indi arzulasam da, ucuz belə olsa, velosiped ala bilmirəm. Amma bu mənim üçün heç də böyük dərd deyil.

Çünki mənim üçün bu, kimləsə rəqabətə girərək bəhsə-bəhs edəcəyim bir şey yox, nə vaxtsa reallaşdıra biləcəyimi düşünəcəyim bir işdir.

Rəqabət daha çox mal-mülk, pul qazanmaq üçün insanı hər yola əl atmağa vadar edir. Və bu doyumsuzluq hissi təmin edilmədikcə, insan gecə-gündüz kasıblıqdan əziyyət çəkir.

Bəzən bu rəqabət hissi, çox pul qazanmaq arzusu insanları qəddarlaşdırır. İndi çox insanın pula görə nə qədər qəddarlıqlar etdiyinin şahidi oluruq. Nə qədər insanın həyatını alt-üst edirlər.

İnanmaq lazımdır ki, cəmiyyətdən seçiləndə faciə baş vermir. Başqaları kimi yaşamağı dərd etmək daha faciəvidir, ən azı vaxt itkisidir.

Vaxtımız çox azdır. Həyat amansızdır, o vaxt itirənləri sevmir.

Əlaqəli mövzular

Bu barədə daha geniş