Tural Şahtaxtinskinin bloqu: Xərçəng xəstəliyinə tutulma qorxusu

Tural Şahtaxtinski Fotonun müəllifi Tural Şahtaxtinski

Uzun zamandır əksər insanlarda xərçəng xəstəliyinə tutulma qorxusunu müşahidə edirəm. Bu elə bir qorxudur ki, bəzi insanların ümumiyyətlə gələcəyə ümidi yoxdur.

Onlar danışdıqca görürsən ki, xəstəlik haqqında bilsələr də, bilməsələr də bu qorxunun təsiri altındadırlar.

Necə ki, hər gün artan intihar xəbərlərindən, yol qəzalarından, terrordan qorxuya düşən insanlar var.

Belə qorxusu olan insanların həmin xəstəlikdən əziyyət çəkən, bu xəstəliyə tutulub həyatını itirən bir nəfər də olsa tanıdıqları olur.

Xəstəxanalara gedəndə orada qarşıma yüzlərlə bu xəstəlikdən əziyyət çəkən insanlar çıxır.

Onların içində uşaqlar, gənclər, orta yaşlı insanlar və qocalar olur.

Əksər insanlar bu xəstəliklə bacarmırlar. Çünki mübarizə aparan insanların çoxu həkimlərə inanmır, çoxu da maddi vəziyyətə görə mübarizə apara bilmir.

Bu inamsızlıqlar səbəbsiz deyil, maddi vəziyyətə görə baş verənlər də göz qarşısındadır.

Bu xəstəlik, yaranma səbəbləri və qarışısının alınması haqqında yəqin ki, çoxlarınızın əldə edə biləcəyi bilgilərə sahibəm.

Yeni bir şey yaza bilməyəcəmsə xəstəlik haqqında geniş yazı yazmağı mənasız bilirəm.

Əsas məsələ insanlarda müxtəlif xəstəliklərin yaranma qorxusunun qaynaqlarıdır. Saysız insan belə qorxularla yaşayır.

Daha çox xərçəngdən misal çəkməyim ona görədir ki, indi bu xəstəliyin adı dildən düşmür.

Təxminən on altı il bundan əvvəl yaşadığım məhəllədə bir qorxu hökm sürürdü. Mən lap uşaq olmuşam.

Adi söhbətlər də böyüklərdən fərqli olaraq uşaqlara daha pis təsir edir.

Qorxuralar

Orada insanlar qonşu rayonda "cin" peyda olduğunu və iki-üç nəfəri öldürdüyünü deyirdilər.

Ümumiyyətlə bizim uşaqlığımızın müxtəlif qorxuları olub, bu yaxınlarda yazıçı Nərmin Kamal öz yazısında bu qorxular haqqında ətraflı yazmışdı, təkrarlamaq istəmirəm.

Həmin dövr "cin" peyda olması məsələsi uşaq ağlımla məni dəhşət qorxuya salmışdı. Yəqin ki, çox uşaq belə mövhumatın qorxusu altında olub. Hələ də bu söhbətlər dayanmır.

Müxtəlif qorxuların olduğu bu ölkədə bir də ərzaq qorxusu var. İnsanlar istifadə etdikləri yeyinti məhsullarına etibar etmirlər.

Ət dükanlarında, ərzaq dükanlarında bu etibarsızlıq, ümidsizlik, qorxu özünü büruzə verir.

Hətta bəzən geyim mağazalarında da bunun şahidi oluram.

Xəstəliklərdən qorxan insanların çoxu yedikləri ərzaqların keyhfiyyətsizliyini, tərkibini xəstəliklərin yaranma səbəbi kimi göstərirlər.

İndi sanki yeyinti məhsulları məcbur alınır. Hər kəsin özünə məxsus narazılığı var.

Onların tərkibinin ziyanlı olduğunu iddia edirlər.

Ümumiyyətlə mən uşaqlıqdan iki şeyi çox eşitmişəm: Telekanallarda "xəbərlər" proqramında hər şeyin yalan deyildiyini və yeyinti məhsullarının tərkibinin bərbad olduğunu, bu məhsulların insanlarda müxtəlif xəstəliklər yaratdığını.

Bu ikisini o qədər çox eşitmişəm ki, bəzən həqiqət olub olmadığını heç düşünməmişəm.

Məsələn, qablaşdırılmış toyuq almaq istəyəndə həmin an toyuğun təhlükəli yollarla ərsəyə gəldiyini, yeyəndən sonra ömrümdən ən az bir gün alacağını düşünmüşəm.

Belə şübhələrin yaranması hər insanda ola bilər.

Əksər insanlar aldığı məhsulun tərkibini oxuyur. Amma yalan yazıldığını deyirlər, yazılanlara qətiyyən inanmırlar. Yedikləri, içdikləri heç bir məhsulun tərkibinə etibar etmirlər.

Görürəm ki, rayonlardan Bakıya gələnlər Bakıda olan suyu birbaşa içmirlər. Bəziləri o su ilə əl-üzünü, dişlərini yumağa da etibar etmirlər.

Bu yaxınlarda Sumqayıtda uşaqların sudan zəhərlənməsi xəbəri yayılanda bu qorxu insanlar arasında daha da şiddətləndi.

Yedikləri məhsullardan qorxanlar üçün ölüm adiləşib, hər an ölümə yaxın olduqlarını düşünürlər.

Bir nəfər yanımda limonad içir. İçə-içə limonadın harada və necə istehsal olunduğu haqqında danışır.

Xarici mallara etibar

Həm necə, hansı şəraitdə düzəldiyini, ziyanlarını bilir, həm də alıb içir. Telekanallarda danışılanların yalan olduğunu bilsə də hər gün eyni saatda həmin yalanları dinləmək üçün televiziyanın qarşısında əyləşən insanlar kimi.

Belə insanlar sanki hər şeyi öz axarına buraxıblar. Böyük ümidsizlik içində sakitcə öz qorxularını yaşayırlar.

Xaricdən gələn istənilən məhsul daha etibarlı qarşılanır, hətta kiməsə həmin məhsuldan istifadə etmək ziyan olsa da xaricdən gəldiyinə görə qorxmadan istifadə edir.

Tanıdığım bir insana çox şokolad yemək ziyan vursa da xaricdən gələn şokoladı qorxmadan yediyini görmüşəm.

Mənim ərzaqlardan daha çox bu ölkədə təhsil, səhiyyə sistemindən, məhkəmələrdən qorxum var.

Ola bilsin bütün ərzaqlar bu qədər qorxulu deyil, amma bu qorxunun yaranma səbəbi var.

Bu qorxular dövlətin necə idarə olunduğunu, sistemin boşluqlarını bir daha göstərir.

İnsanları bu qorxulardan xilas etməyi düşünmədikcə, əksinə yeni qorxular yaratdıqca bu qorxu mühiti dayanmadan şaxələnir.

Əlaqəli mövzular

Bu barədə daha geniş