Tural Şahtaxtinskinin bloqu: Bu ölkədə başqa cür yaşamaq mümkünsüzdür?

Tural Fotonun müəllifi Tural Şahtaxtinski

Öz həyat təcrübələrini, yaşamaq haqqında düşündüklərini inadkarlıqla bölüşmək istəyən insanlar olur.

Onların içində fürsət düşəndə öz işlədiyi yerlərdən oğurluqlar etdiyini, fürsət düşəndə kiməsə böhtan atıb işində irəli düşdüyünü, kimisə aldadıb daha rahat həyat qazandığını danışanlarla qarşılaşıram.

Dəfələrlə eşitmişəm, bir az yaşı çox olan insanların içində öz təcrübələrindən bəhrələnməyimin vacibliyini vurğulayanlar olub.

Belə adamların əksəriyyəti saxtakarlıqları, yalanları, oğurluqları görməzdən gəlməli olduğumu, bacarsam elə əməlləri özümün də etməli olduğumu məsləhət görüblər.

Bu hallarda bir əhvalat yadıma düşür. Onda hələ uşaq idim.

Bir dostum vardı. Günümüz səhərdən-axşama qədər müxtəlif əyləncələr və yaşımıza uyğun problemlərlə keçirdi.

Təbii ki, bəzən bizə pul lazım olurdu. Amma bizim istəklərimiz xeyli fərqlənirdi. Hərdən bizə öz istəklərimizi həyata keçirmək üçün valideynlərimizin verdiyi pul yetmirdi.

Belə günlərin birində dostum kiçik bir oğurluq etməyimizi təklif etdi.

Bu təklif olanda bir dəfə də olsun oğurluq sözü dilimizə gəlmədi. Yəqin ki, oğurluğun nə olduğunu dəqiq bilmirdik.

Dedi ki, onu edək pulumuz olsun.

Belə bir işin baş tutmasını istəmədim. İndi o zamanlar yaşadığım hissləri izah edə bilmərəm, amma bilirəm ki, onunla qətiyyən razılaşmadım.

Elə həmin gün hər şey unuduldu.

On, bəlkə də on beş gün sonra evimizdən bir səs-küy qopdu ki, qorxumdan dişlərim sızladı. Həqiqətən dişlərim sızlamışdı.

O necə səs-küy idi?! Hamı adımı çəkib qışqırırdı. Hamı məni oğru kimi sorğuya çəkirdi.

Onda hələ şərin, böhtanın nə olduğunu da dəqiq bilmirdim. Amma hiss edirdim ki, bu nəsə başqa cür əzab çəkməkdir.

Bir dəfə ağladım, bir dəfə qışqırdım, bir dəfə də sakitcə dedim "mən oğurlamamışam." Sonra döyüldüm, təhqir olundum, təhdid olundum. Amma nə oldusa susdum.

Dostum mənə etdiyi təklifi özü tək etmişdi. İşin də üstü açılanda oğurluğu mənim boynuma atmışdı. Elə susmağım, utanmağım, yetərincə qarşı çıxa bilməməyim həmin vaxtlar məni ətrafdakılara oğru kimi tanıtdı. Beləcə hər şey elə uşaqlıqda, həmin günlərdə qaldı.

"İndi bacarırsan sən də elə"

Uzun illər sonra heç ağlıma gəlməyən bir yerdə həmin uşaqlıq dostumu gördüm. Onda çoxdan o məhəlləni də, o qonşuları da unutmuşdum. Bircə o hadisə, çəkdiyim əzablar bu günkü kimi yadımda idi.

Məni gülərək qarşıladı, qucaqladı, hal-əhval tutdu. Uzun sorğu-sualdan sonra hiss etdim ki, indi uşaqlıq dostum tamam başqa yerdə, mən tamam başqa yerdəyəm.

Fürsət düşmüşkən həmin günlə bağlı sual verdim. Hətta bu sualı gülərək verdim. Uşaqlıqda olanlara görə verdiyim sualın onu narahat etməsini istəmədim.

Onsuz da uşaqlıqda etdiklərinə görə onu başa düşürdüm, bağışlamışdım. Yəqin ki, hamı uşaqlıqda etdiklərinə görə bağışlanır, elə mən də.

Amma verəcəyi cavab da maraqlı idi, çünki dediyim kimi o hadisədən sonra bu haqda danışılanda hər yerdə, elə onun yanında da susmuşdum.

"Hamının yanında pis olmaq istəmədim, ona görə sənin adını verdim." dedi. Sonra dediklərini olduğu kimi yazmaq uzun olar.

Qısası o, həyatdan, yaşadığımız ölkədən danışdı. Sonra gülə-gülə "İndi bacarırsan sən də elə şeylər et, həyat budur."- dedi uşaqlıq dostum.

Elə sözlər dedi ki, sanki bu ölkədə başqa cür yaşamaq mümkünsüzdür.

Yəni həqiqətənmi mümkünsüzdür? Əlbəttə, bütün bu yazdıqlarım bir uşaqlıq xatirəsidir. Amma uzun illər sonra eşitdiklərim artıq uşaqlığa aid deyildi, bunlar bir daha məni yaşadığım ölkənin həqiqətləri ilə üz-üzə qoydu.

Bəzən kiməsə aldanıb, şərlənib bütün həyatı alt-üst olmuş insanlardan, şərlənib həbsə düşmüş siyasi, vicdan məhbuslarından danışıram. Elə də olur ki, bu hadisələr baş verəndə kimlərsə yanımda olur.

Amma görürəm ki, danışdıqlarımı, gözümüzün qarşısında olanları bir çoxları adi qarşılayır. Sanki zaman keçdikcə bütün bunlar insanların gözündə daha da adiləşir.

Əlaqəli mövzular

Bu barədə daha geniş