Cavid Ağanın bloqu: Təhqir söz azadlığıdırmı?

cavid

Günümüzdəki hər bir məsələdə və problemdə qarşımıza çıxan əsas suallardandır.

Gəlin qəbul edək, biz təhqirə dözümsüzük. Ulu babalarımız Asiyadan vurub Avropadan çıxan qara vəbaya dözüblər, babalarımız Hitler Almaniyasına qarşı müharibəyə dözüblər, qaçqın qonşularımız sürgünə və qırğına dözüblər, kasıblığa dözürlər, biz hər şeyə dözürük amma sosial mediada, tanımadığımız bir insanın sözü qarşısında acizliyimizi ifadə edirik.

Bunu hələ Siyavuş Novruzov ötən aylarda ifadə etmişdi: "İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir."

Yuxarıda gətirdiyim müharibə və vəba nümunələri, əslində Qərbdə sürətlə inkişaf etməkdə olan "safe space" hərəkatına qarşı gətirilən tənqidlərdəndir.

"Safe space" - yəni "təhlükəsiz bölgə" əslində LGBT üzvlərini təhqir edənlər, kobudluq göstərənlərə qarşı radikal addımlar atan universitet müəllimlərinin yaratdığı termindir.

Onlar homofob tələbəni dərs otağına almırdılar və beləcə LGBT üzvləri üçün "azad bölgə" yaranırdı.

Qərbdə "təhlükəsiz bölgə"ni tənqid edənlərin çoxu mühafizəkarlardır. Onlar deyirlər ki, LGBT fərdlərini təhqir etməyin qarşısını almaq üçün belə radikal addımlar atmaq əslində söz azadlığının qarşısını alır. Yəni, Qərb mühafizəkarlarına görə, təhqir söz azadlığıdır.

Azərbaycanda mühafizəkarlar

İndi isə gəlin bir də öz mühafizəkarlarımıza baxaq. Azərbaycanda tipik mühafizəkar necədir? Geylərə pis, lezbianlara yaxşı baxan, dindarlığı ancaq Qərbi tənqid etmək lazım olanda yadına düşən, qismən ksenofob və yeniliklərə qapalı bir şəxsdir.

Azərbaycan mühafizəkarı həyatı boyu mikroaqressiyasız bir gün keçirmir.

Bəs mikroaqressiya nədir? Mənasını bilmədiyimiz bir şeyi hər gün necə edə bilərik ki?

Mikroaqressiya içimizdəki irqçiliyin və faşizmin gizlənmiş halıdır. Mikroaqressiyası olan adam özündə irqçilik görmür.

Küçədə gəzərkən bir nigeriyalı və ya keniyalı tələbə görən adamın təcili onunla foto çəkdirmək istəməyi mikroaqressiya ehtiva edir.

"Space" telekanalında qaradərili aparıcının hava proqnozunu təqdim etməsinə reaksiya olaraq rəsmi "Azərbaycan" qəzeti belə bir məqalə yazmışdı:

"...Azərbaycan məkanındakı telekanalların ekranına baxmaqla Azərbaycan qadınının gözəlliyini duymaq, yaxud Azərbaycan kişisinin xarakterik cizgilərini asanlıqla sezmək olur…."Space" telekanalı … qaradərili "afrikalı"ya (bizim onun dərisinin rənginə heç bir etirazımız yoxdur, demokratik düşüncəliyik) Azərbaycanda havanın necə olacağını və nə sayaq dəyişəcəyini deməyi etibar edib!"

Gördüyünüz kimi Azərbaycan qəzeti rəhbərliyi də özünü irqçi saymamışdı.

Mikroaqressiyalar bununla bitmir - kişi, qabları "qadın işidir" deyib yumursa bu mikroaqressiyadır; afrikalıya "qarabala", asiyalıya "kitay" deyirsə bu mikroaqressiyadır; şizofreniya və ya başqa bir psixoloji problemi olan kiməsə "debil" demək mikroaqressiyadır; homoseksuala müxtəlif adlar qoşmaq da bu qəbildəndir.

Biz xəbərimiz də olmadan hər gün, hər saat insanlara təhqir yağdırırıq, onlar isə azlıqdadır deyə səs çıxara bilmir.

Elə isə gəlin qayıdaq əsas məsələyə - təhqir söz azadlığıdırmır? Əgər söz azadlığıdırsa, niyə ancaq mühafizəkarlara söz azadlığıdır?

Niyə erməniyə nifrət etməməkdən imtina edənləri təhqir etmək olar, amma kafe açan bir sahibkardan rüşvət alan polisi təhqir etmək cinayətdir?

Niyə LGBT üzvləri barədə açıq-aydın "onları yandırmaq lazımdır" deyənlər rahat küçədə gəzə bilərlər, amma sosial şəbəkədə bir-iki cümlə yazanları evindən bölməyə aparırlar?

Əgər söz azadlığı deyilsə, yüzlərlə millət vəkili, jurnalist, məmur, hərbi qulluqçu, polis, müəllim hamısı cərimələnməli və ya həbs edilməlidir.

Gəlin qərar verək, təhqir söz azadlığıdırmı? Məhəmməd peyğəmbər namaz qılan vaxtı Əbu Cəhlin onun üstünə dəvə içalatı tökməyinə necə reaksiya verməli idi? Tarix özü bunun cavabını verib.

Təhqir vulqar sözlə ifadə edilən bir neçə cümlədən başqa bir şey deyil. Heç bir maddi, mənəvi önəmi yoxdur, əgər o təhqiri edən sənin üçün önəmli biri deyilsə. Görünür, hamı bizim üçün önəmlidir. Bu isə ayrı yazının mövzusudur.

Əlaqəli mövzular

Bu barədə daha geniş