Cavid Ağanın bloqu: Semiotika - insan beynini yuma?

Cavid Fotonun müəllifi Cavid Ağa

Texnologiyanın həyatımızdakı rolu bizə hədsiz imkanlar verir. Moore qanunu adlanan, adını Intel şirkətinin həmtəsisçisi Gordon Mooredan alan və onun tərəfindən irəli sürülən ideyaya görə - loru dildə desək - texnologiya hər il 2 qat inkişaf edir.

Lakin texnologiya, həmçinin bizi virtual müdaxilələrdə müdafiəsiz birinə çevirir.

Bu müdaxilələr birbaşa manipulyasiya vasitəsilə ola bilər - məsələn, kiminsə şəklini Photoshop-la dəyişirsiniz və aləmə car çəkirsiniz ki, hamı onu sırf sizin gördüyünüz kimi görsün. Və yaxud kimlərisə "stalk" etmək üçün (izləmək) sosial şəbəkələrdə onlarla alət var.

Terror qrupları artıq bir video yayımlayaraq geniş insan kütləsinə bir bombanın partlamağına ekvivalent bir güclə təsir edirlər - yəni, bomba partlayanda 5 adam ölürsə, İŞİD videosuna baxan 100 adamdan 5-i artıq onlar kimi düşünə bilərsə, bu da eyni effekti verir.

Süni intellekt "Moore qanunu"na əsasən inkişaf edir və bu çoxlarını qorxudur. Bəs virtualdan öncə dövlətlər, şirkətlər, təşkilatlar insanlara necə təsir edirdi? Təbii ki, semiotika vasitəsilə.

Semiotika linqvistika kimidir. Amma o sözlərlə və səslərlə yox, işarələrlə məşğul olan elmdir.

LGBT barəsində tez-tez deyilən "gözümüzə soxursunuz" sözü əslində semiotikanın fərqinə varmaqdır. Onlar özünü "gözümüzə soxmasalar" biz onların normal olduqlarını, daim mövcud olduqlarını və olacaqlarını qəbul etməyəcəyik.

Bu gördüyünüz "Paris Match" jurnalının 1955-ci ilin iyun-iyul aylarında yayımlanan 326-cı sayının üz qabığıdır.

Fransız semioloq, filosof və dilçi Roland Bartın 1957-ci ildə "Miflər" kitabının ikinci hissəsi bu jurnalın üzünün izahına həsr olunub.

Jurnalın üz qabığındakı uşaq Yuxarı Volta müstəmləkəsindən olan "Fransız Qərbi Afrikası" uşaq ordusunda xidmət edən Diuf adlı gəncdir.

Birinci "mif" nədir, onu izah edək. Mif, semiotik anlayışdır.

Məsələn, Bart bu jurnalın üz qabığını analiz edir:

1. İşarə edən - bir kağız üzərində fərqli rənglər.

2. İşarə olunan - zənci uşaq, papaq, fərəqət durmaq.

Bunlar birlikdə 1-ci etapı - işarəni yaradır - Fransız bayrağına fərəqət durub salam verən zənci uşaq. O, fransız militarizminə işarə edir.

Növbəti etap isə mifdir, üz qabığının çatdırmaq istədiyi anlayışdır - Fransa imperiya olsa da onun təbəələrinin hamısı onu öz vətəni kimi görür və onun uğrunda ölməyə hazırdırlar, fərqi yoxdur qara və ya ağ.

Miflər oxucu tərəfindən oxunmur, miflər oxuyucuya birbaşa yeridilir. Miflər dilin parazitidir. Onlar həqiqəti axtarmır, həqiqəti insanlara yeni mənalarla təqdim edirlər.

Mifin 7 texnikası

Barta görə mifin 7 texnikası var. Onları Azərbaycana tətbiq edərək izah edəcəm:

1 - Peyvənd - Bunu bizim trollar çox yaxşı bacarır. Məsələn, kimsə polisin bir vətəndaşı vurub döyməsi ilə bağlı bir video yükləyir.

Troll isə gəlir deyir "mən demirəm ki, ölkəmizdə problemlər yoxdur amma gəlin prezidentin ətrafında sıx birləşək ki, problem düzəlsin".

Bu mifin peyvənd taktikasıdır. Sistem bir ünsürün səhvini qəbul edərək bütün systemin təftişindən canını qurtarır.

2 - Tarixi silmək - Miflər sadəcə elə dizayn edilir ki, onu görəndən sonra əsl həqiqəti unudasan.

Məsələn, Şah Abbasın saray tarixçisi Həsən Rumlunun "Əhsən ət-Təvarix" əsərində Şirvanın işğalına haqq qazandırılarkən yerli əyanların ədalətsizliyi səbəb kimi gətirilir amma nə Şeyx Cüneydin, nə də Şeyx Heydərin Şirvana yürüşlərindən və öldürülməklərindən bəhs edilmir. Tarix silinir.

3 - Başqalaşdırmaq - İnsana əslində başqa cür olduğunu yeritmək. Müharibəni qızışdıran şəxslər öz əllərini qana bulamır amma bir əsgər qarşı tərəfdən bir uşağın ölümünə səbəb olduqda əsgəri başqalaşdırmağa çalışırlar.

Məsələn, Zəhra Quliyeva erməni gülləsi nəticəsində öldürüləndə bu baş vermişdi.

Dövlət mif vasitəsilə öz əsgərinin beyninə yeridir ki, sən əslində yaxşı insansan. Səndə günah yoxdur, gərək o qız cəbhə xəttində yaşamayaydı. Sadəcə özünü pis hiss etdin, keçəcək.

4 - Tavtalogiya - bir şeyi təkrarlayaraq insanların beyninə yeritmək. Məsələn, yolda yazılan "Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev" ifadəsi.

Bu ifadənin mənası nədir? Yoxdur, tavtalogiyadır. Amma mif öz funksiyasını elə burda görür - sən düşünmə.

5 - Nə ondan, nə bundan - "biz kommunist deyilik amma biz kapitalist də deyilik", bu mif sayəsində cəmiyyətdə mənfi məna daşıyan iki sözdən də imtina edirsən və əslində onların ikisinin də funksiyasını daşıdığın halda deyirsən ki, heç biri deyilsən.

Müzakirənin qızğın yerində gəlib kimsə deyir ki, "mən nə müxalifətdənəm, nə də iqtidardan amma..." - beləcə mövzu dəyişir.

6 - Keyfiyyətin dərəcələndirilməsi - Rejim özünü əvvəlki rejimlərlə müqayisə edir və özünün elə də keyfiyyətli olmadığını etiraf edir.

Lakin keçmişə müqayisə ilə daha yaxşı olduğunu dönə-dönə qeyd edir. Bu, yəqin ki, ən qədim miflərdən biridir. Bu haqda daha geniş haşiyə çıxıram.

Bir həftə əvvəl İbrahim ibn Məhəmmədin Fərrux Yasara həsr etdiyi "Ədəb-ül Xilafə və Əsbab-ül Xisafə" kitabını oxudum. Çoxlu hədislərlə hakimə üsyan etməməyin önəmi göstərilir.

Hətta hökmdar sizə zülm etsə belə, cahil və fasiq olsa belə səsinizi çıxarmayın deyir, çünki hökmdar devriləndən sonra hər şey betər ola bilərmiş.

Sübut kimi də Müaviyənin Əliyə qarşı çıxmağı göstərilir. Necə də bizdəki "92-93-də bayıra çıxa bilmirdik" bəhanəsinə oxşayır, deyilmi?

7 - İzahı olmadan fakt iddia etmək - bu ən primitiv və ən sadə olanıdır. Buna görə də atalar sözləri ən qədim miflərdəndir.

Bəs indi? Artıq yeni dövrə qədəm qoymuşuq. Artıq semiotika və texnologiya öz gücünü birləşdirir.

Bütün dünyanı ələ keçirən və haqqında danışılan "Mem" kulturası istifadə edən kimin üçünsə möhtəşəm bir semiotik propaqanda aləti ola bilər.

Necə ki, ABŞ seçkilərində məncə həlledici ünsürlərdən biri idi. Hillary Clinton Donald Trump-ı "Qurbağa Pepe" memindən istifadə edərək insanlara faşizmi yeritməklə təqsirləndirirdi.

Bəs siz hansı tərəfdəsiniz? Semiotikanın qurbanı ya insanları əlinə alan?

Bu barədə daha geniş