Siyasət və fokus-mokus

Nərmin Kamal

Bukinistdən "Fokus" adlı bir kitab aldım. İçində 100-ə yaxın məşhur fokus nömrəsi və onların şəkillərlə izahları var. Necə deyərlər, bunu siz də bacararsınız.

Hamısını oxudum. İllüzionçular necə, hansı yolla şlyapadan göyərçin çıxarırmış. Səhnədə toyuğu necə yatırırlar.

Üzərinə örtük örtülmüş illüzionçunun ayaqları necə yuxarı qalxır və o, havada necə uzanır. Kibrit çöpləri açıq üzüaşağı tutulmuş qutudan yerə tökülmür, necə? Əlində bircə portağal və bir qəzet parçasıyla səhnəyə çıxan illüzionçu portağalı qəzetə bükəndən sonra sehrli hərəkətlər edib qəzeti açır, ordan portağal yox, alma çıxır, bunun sirri nə imiş?

Çoxlu nömrələr. Hamımız tamaşa edəndə heyrət eləmişik. Əslində bilirik ki, fövqəladə bir şey yoxdur, onun nə isə bir hiyləsi var, hiyləni cəld hərəkətlərlə bizdən gizlədir, amma yenə də adam baxanda inanan kimi olur, əylənir, şlyapadan göyərçin çıxmasına şənlənir.

Bizim dövrümüzdə dünyada çoxlu şoumen, illüzionçu tipli siyasətçilər var. Seçicilər təkcə ona görə əziyyət çəkib gedib səs vermirlər ki, bir neçə il bu şəxs və ya partiya onların dövlətini mümkün olan ən əlverişli şəkildə idarə etsin, maraqları qorusun, gəlirlərini artırsın və sairə.

Seçicilər həm də ona görə gedib səs verirlər ki, seçdikləri şəxs onları növbəti prezidentlik və ya parlament müddətində əyləndirsin.

Dünən də siyasi əyləncə olub, bu gün də Donald Trump, Recep Tayyip Erdoğan, Bəşər Əsəd, Vladimir Putin, Qurbanqulu Berdimuhammedov, Kim Jong-Un və başqa əcnəbi, yerli adlar var, hərçənd, bir problemi izah etmək üçün adlar çəkmək vacib deyil.

Axı burada səbəb ayrı-ayrı şəxslər deyil, tarixi inkişaf insanlığı belə bir mürəkkəb vəziyyətə gətirib çıxarıb, bu vəziyyətin adı tamaşa cəmiyyətidir. "Tənha kütlə" bu yolla özünü xoşbəxt hiss edir.

İnsanlar baxaraq əylənmək istəyirlər, hər şey və hər kəs tamaşaçının göz zövqünə hesablanır. Uşaqlıq illərimdə böyüklərə maşınların üzərindəki cürbəcür çıxıntıları göstərib soruşardım ki, bu nə üçündür, cavab verərdilər ki, bəzək üçün. Mən inanmazdım, elə bilərdim o hissələrin hansısa funksiyası var, bəzək üçün olmaz.

İndi isə o bəzəklər lap çoxalıb, əşyalar və insanların üzərində heç bir funksiyası olmayan, sadəcə bəzək üçün, baxılmaq, əyləndirmək üçün min dənə çıxıntı var. Buna pis və ya yaxşı deməyək, bu, sadəcə belədir.

Azərbaycanın şimal-qərb rayonlarına gedən yol "İsmaBikes" velosiped zavodunun yanından keçir. Keçən il prezident gəlib açılışını etmişdi.

Açılışda demişdi ki, bu il 50 nəfərin, gələn il 100 nəfərin işləyəcəyi zavodda Azərbaycan Bolqarıstanla müştərək müasir standartlara uyğun velosiped, əlil arabaları və sairə istehsal edəcək, velotreklər salınacaq. Zavodun inşası üçün 7 milyon manat xərclənmişdi.

Amma prezident gedən kimi zavodun fəaliyyəti dayandı, yerli istehsal velosiped yoxdur.

Zavodun yerləşdiyi İsmayıllıda kimi dindirsən bir sözlə deyir ki, prezidentin açılış mərasimində sürdüyü o velosiped italyan istehsalı velosiped olub.

Bu da bir növ fokusdur. Necə ki, fokusçu əvvəlcədən portağalın içərisini çıxarır. Sonra onun içərisinə ölçüsünə uyğun gələn alma yerləşdirir. Səhnədə portağalı qəzetə bükür, açanda portağalın qabığını qəzetlə birlikdə bükərək kənara atır, əlində qalır alma.

Tamaşa incəsənətin daimi hərəkətdə olan sahəsidir. Parlamentdə deputatların bir-birini yumruqlaması, siyasi liderin bazara çıxması, kütlələr qarşısında dramatik, intriqalı çıxışlar, seçkiqabağı vədlər, hər dəfə gündəm qaynarlaşanda mövzunu dəyişdirmək illüzionçuların işinə oxşayır.

Amerikanlar okeanın o tayında David Copperfield'in televiziya studiyasında oturduğu halda Azadlıq heykəlini "yox etməsi"nə baxıb içlərini çəkdikləri vaxt Sovet əhalisi də Kaşperovskinin televerilişlərinə baxır, tamaşa yolu ilə ağır xəstəliklərinin sağaldığına inanırdı.

Bu gün dünyada o siyasi liderlər uğur qazanır ki, onlar təkcə problemlərdən və onların həllindən danışmır, həm də yerli ənənələrə uyğun əyləndirirlər. Xalqlar şoumen siyasi liderləri Copperfield-i, Kaşperovskini sevdiyi sayaq sevirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş