Nərmin Kamalın bloqu: Dindən, nağıldan... indi biz dövlətdən də qorxuruq

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Bu il 1937-ci il qanlı repressiyalarının 80 illiyidir. 37-ci il gecə, qaranlıq küçə, qara maşın, evdə oturduğun yerdə beş dəqiqəlik bayıra çağrılıb bir də heç vaxt geri qayıtmamaq deməkdir.

Nənə-babalarımız danışırdı ki, axşamlar lap adi adamların da evlərinə bacadan qulaq asırdılar, səhər oyanıb eşidirdik filan qonşumuzu aparıblar.

Tənqid etmək olmazdı. Hakim siyasət haqqında cüzi fərqli fikir də mövcud ola bilməzdi.

Heç bu itkin düşən, öldürülən, təqib olunan adamlara görə yuxarıdan cəmiyyətə izahat, açıqlama da vermirdilər, buna ehtiyac hiss etmirdilər.

Hər bir izsiz-tozsuz itkin düşən, güllələnən, sürgün edilən adamın arxasınca cəmiyyətdə xof yaranırdı. Məqsəd də elə bu idi, qorxu, xof yaradaraq idarəetməni asanlaşdırmaq.

Getsin o günlər, gəlməsin. 37-ci ilin muzeyini açsınlar, bilet alıb gedək.

80 il keçib üstündən. 80 il bir insanın ömründən də uzun vaxtdır. Adicə, beş yaşlı uşaqdan soruşuram ki, sən keçən il niyə mənə elə demişdin, uşaq cavab verir, "o mən deyildim, o dörd yaşlı mən idim".

Bir ilə belə dəyişiklik olursa, 80ilə görün düşüncədə nə qədər dəyişikliklər olmalıdır.

Biz indi azad, müasir, qarşılıqlı hörmətə əsaslanan mədəni bir respublikada yaşayırıq. 37-ci il metodlarıyla xof yaratmaq heç yaraşmır bugünümüzə.

Bəzən elə hökumət tənqidçiləri şər-böhtanla həbs edilir ki, o adamların Azərbaycanda ictimai fikrə təsiri yoxdur. Bəs onların həbsi kimin nəyinə gərəkdir?

Bunu başa düşməmək üçün axmaq olmaq lazımdır. Məqsəd cəmiyyətdə xof yaratmaq, başqa gəncləri ictimai-siyasi fəaliyyətlə məşğul olmaqdan qorxutmaqdır.

Bu xof, bu qorxu bu gün ictimai-siyasi mövzuda danışan, yazan hər kəsə tanışdır.

Bir jurnalisti blokda evinə qalxan pilləkəndə güllələdilər, birinin hamamına, yataq otağına videokamera qoydular, birini evinə getdiyi yerdə tutub başına torba salıb sərhədi keçirdilər…

Bunları görəndən sonra başqaları bloka girəndə, yatağa girəndə, tənha küçədə gedəndə ətrafına şübhəylə baxır.

Ümumiyyətlə, qorxu bizim ömrümüzün ən populyar hissidir. O, bizə sevgidən, nifrətdən daha çox tanışdır.

"Siz qorxmursunuz ki?!"

Uşaqlıq illərimizdə Bakı camaatınınn balaca evlərinin üçdə birini tutan çarpayıda balışın altında bıçaq və çörək olardı.

Kim gecələr yuxusunda diksinsə, məsləhət belə olurdu ki, balışının altına bir parça çörək və bıçaq qoyulsun.

Biz uşaqlar, nə vecimizə, çörəyi gecəyarı acanda götürüb yeyirdik. Bıçaq isə həm cini, həm də oğru-qulduru qorxutmaq üçün idi.

Çıldaq indi də varmı, bilmirəm, 1990-cı illərə qədər populyar müalicə üsulu idi.

Yuxuda diksinib ağlayanda, qaranlıq otağa girməyə qorxanda bizi tutub Maştağadakı bir çıldaqçıya aparırdılar.

Çıldağa böyük hörmət vardı. Çıldaqçı əski-üskünü yandırıb adamların oynaqlarına basmaqla onları bir növ gələcək qorxulara qarşı peyvənd edirdi.

Aşura günlərində Bakı kəndlərində ələm uçuranların əlindən bizim uşaq dünyamız elə qorxurdu ki, gecələr çarpayımızın altından ələm - əl çıxacaq deyə qorxurduq.

Qurban bayramlarında inəyi, qoyunu küçədə oynadığımız yerdə gözümüzün qarşısında kəsiblər. Ölülərini məscidə etibar etməyib həyətdə yuyublar, nənəyə halallıq vermək adıyla biz balaca, məktəbli nəvələr hərəmiz bir "qruşka" su tökmüşük nənəmizin ölüsünün üstünə.

1990-cı illərin "psevdonauka"sı, ezoterik jurnalları, ruhlar və əcinnələr haqda televerilişləri ilə böyümüşük.

Hələ atamızla anamız dalaşanda, neçəmizin başına gəlib, biz fağır uşaqlar evdəki bıçaqları gizlədirdik.

Vəziyyət çox güman ki, o həddə çatmayacaqdı, bıçaqlaşma olmayacaqdı, amma biz qorxurduq, ona görə belə edirdik.

Televizorun qarşısında oynayanda bizə acıqlanırdılar ki, tullanmayın, birdən televizora dəyərsiz, düşər, trubkası partlayar, evimiz yanar, biz də ölərik.

Bugünə qədər o vaxt başına salınan texnika qorxusu qalır canımda. Maşına oturub açarı buranda yadıma o qorxulu modern hekayələr düşür, maşına açarı salıb buran kimi partlayır.

Yadımdadır, 1997-ci ildə Azərbaycan qəzetlərindən biri belə bir manşetlə çıxmışdı: "Siz qorxmursunuz ki?!" Bu sərlövhənin altında şəhadət barmağını burnuna dayayan bir qız şəkli vardı.

O vaxt, hansısa ölkə hansısa ölkəni bomba ilə hədələmişdi, söhbət ondan gedirdi. Hər nə isə, mən bu başlıqdakı poetik təlaşı o qədər sevmişdim ki, qızın şəklini o yazı qarışıq kəsib saxlamışdım.

İndi də deyirlər, Əfqan Muxtarlını, Gürcüstanda yaşayan azərbaycanlı jurnalisti küçədə evinə getdiyi yerdə tutub zorla sərhədi keçiriblər, qaçaqmalçılıq və sərhədi qanunsuz keçmək adıyla teatral bir məhkəməyə çıxarıblar.

Səbail Rayon Məhkəməsinin qərarı ilə xalif jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Jurnalist sərhədi qanunsuz keçmə, qaçaqmalçılıq və sərhəd xidmətinin əməkdaşına zor tətbiq etmədə ittiham olunur.

Belə çıxır ki, siz ictimai-siyasi işlə məşğul olan gənclər arasında qorxu, xof yaratmaqdan ötrü hər an hər kəsi ixtiyari ssenari ilə tutub işə sala bilərsiniz.

Biz azərbaycanlıların canı onsuz da dindən, nağıldan, məişətdən, sağdan, soldan qorxuyla doludur. İndi biz dövlətdən də qorxuruq.

Əlaqəli mövzular

Bu barədə daha geniş