Britaniya mətbuatı: "İranda hicaba etiraz edən qadınları "fahişəlikdə" ittiham edirlər"

Woman waving white headscarf in Iran Fotonun müəllifi Unknown
Image caption Ötən ayın sonlarında İranda qadınlar 1979-cu ildən bəri ilk dəfə ölkə boyunca məcburi hicaba qarşı daha cəsarətli etiraz göstərməyə başlayıblar

"The Daily Mail" qəzeti İran polisinə istinadən yazır ki, bu ölkədə hicablarını ictimai yerlərdə açaraq etiraz etdiklərinə görə həbs olunmuş qadınları "fahişəliyi yaymaq" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edə bilərlər.

Məqalədə deyilir ki, İranın hakimiyyət orqanları 1979-cu ildən bəri ölkə boyunca məcburi hicaba qarşı daha cəsarətli şəkil alan etiraz zəncirini dayandırmağa çalışır.

Ötən iki ay ərzində təkcə Tehranda 35 qadın həbs olunub. Bəzi xəbərlərə görə, həbs olunanlara işgəncə verilir.

Amnesty International təşkilatının məlumatına görə, həbs olunmuş etirazçılardan azı ikisinə - Nargez Hüseyniyə və Şahpərək Şəcərizadəyə qarşı "əxlaqsızlığı və fahişəliyi yaymaq" ittihamı irəli sürülüb.

Şəcərizadə ötən çərşənbə günü həbs edilib və deyilənlərə görə, onu həbsxanada döyüblər.

Fəalların verdiyi məlumata görə, ona həbsxana rəsmiləri tərəfindən iynə ilə "naməlum maddə" vurulub.

Xanım Hüseyni bir aydan çoxdur ki, həbs edilib. Onun həbsxanadakı durumu naməlum qalır.

Əgər "əxlaqsızlıq və fahişəlikdə" təqsirli bilinsələr, onları 10 ilədək həbsxana cəzası gözləyə bilər.

Amnesty bildirir ki, hicaba etiraz edən qadınları başqalarına görk olmaq üçün həbs edirlər.

Amnesty təşkilatının bəyanatında deyilir ki, İran hakimiyyəti məcburi hicab qaydası ilə onilliklər ərzində qadınların hüquqlarını pozub.

Təşkilat hicaba etiraza görə həbs edilmiş qadınların dərhal və qeyd-şərtsiz azad olunmalarını tələb edib.

Artıq mediaya "hicab inqilabı" adı ilə düşmüş bu hərəkata, bir uşaq anası, 31 yaşlı Vida Movahed başlayıb. Onun dekabrın 27-də baş örtüyünü açaraq ondan bayraq düzəltməsini göstərən foto dünya qəzetlərinin səhifələrini dolaşıb.

Sosial mediada yayılmış videolarda Movahedi ağ baş örtüyünü ağ bayraq kimi yellədir.

"İnqilab küçəsinin qızı" adını qazanmış Movahedi ötən həftəsonu sərbəst buraxılıb.

Belə görünür ki, hakimiyyət "inqilab qızının" harada olması barədə suallardan çəkinərək belə bir addım atıb.

Fotonun müəllifi Twitter
Image caption "İranın hakimiyyət orqanları 1979-cu ildən bəri ölkə boyunca məcburi hicaba qarşı daha cəsarətli şəkil alan etiraz zəncirini dayandırmağa çalışır", Britaniya mətbuatı yazır

İran fəalları Tvitterdə "o hardadır" həştəqli kampaniya aparırdılar.

Hicaba etiraz edən qadınları ABŞ da daxil dünyanın bir çox yerlərində keçirilən nümayişlərdə müdafiə edirlər.

İranda 1979-cu ildən bəri qüvvədə olan geyim məcəlləsinə görə, yaşı 13-dən çox olan qızların başlarını və bədənlərini örtməsi nəzərdə tutulur.

Bu qaydanın pozulmasına görə cərimə təqribən 25 dollardır. Bəzi hallarda 2 ay həbsxana cəzası da verilə bilər.

2013-cü ildən bəri hakimiyyətdə olan prezident Həsən Ruhani bir çox sərt islami qaydaların, o cümlədən məcburi hicab qaydasının yumşaldılmasına çağırıb.

İranda qadınların hicab qaydalarına riayət etmələrinə "əxlaq polisi" göz qoyur.

Bu barədə dəqiq statistika olmasa da, İran yol polisi 2015-ci ildə hicab qaydalarının 40 min dəfə pozulduğunu xəbər vermişdi.

Fotonun müəllifi Getty Images
Image caption Almaniya şəhərlərində dizellə işləyən avtomobilləri qadağan edəcəklər

Almaniya şəhərlərində dizellə işləyən avtomobilləri qadağan edəcəklər

Britaniya mətbuatının bu gün toxunduğu movzulardan biri də dizellə işləyən avtomobillərlə bağlı Almaniya məhkəməsinin qərarıdır.

"The Guardian" yazır ki, havanı çirkləndirən milyonlarla avtomobil Almaniya küçələrindən yox ola bilər.

Ölkənin Ali İnzibati Məhkəməsi aşağı instansiya məhkəmələrinin bələdiyyələrin dizellə işləyən avtomobillərə qadağan qoymaq hüququnu tanıyan hökmlərini qüvvədə saxlayıb.

Bu tarixi hökm bütün ölkə boyunca 12 milyon avtomobili və Avropanın ən böyük avtomobil bazarını təsirləndirə bilər.

Almaniyanın Leypsiq şəhərindəki Ali İnzibati Məhkəməsi Ştutqart və Düsseldorf şəhərlərinin bələdiyyələrinə dizel maşınlarına qadağa qoymaq icazəsi verən hökmləri qüvvədə saxlayıb.

Bu qərarın qəbul edilməsi üçün ilk əvvəl Deutsche Umwelthilfe ətraf mühiti mühafizə kampaniyası müraciət etmişdi.

Ekspertlər bildirirlər ki, bu məhkəmə presedentinin ardınca Almaniyanın bir çox şəhərləri dizel avtomobillərinin qadağası təşəbbüsünə qoşula bilər.

Məhkəmənin hökmündə deyilir ki, qadağan məsələsi tamamilə şəhər bələdiyyələrinin ixtiyarına verilir, lakin onlar bu tədbirin tətbiqi zamanı "aşırı sərtlik" göstərməməlidirlər. Məhkəmə ilkin mərhələdə təcili yardım ambulanslarına, zibilyığan maşınlara və polis avtomobillərinə güzəşt olunmasını tövsiyə edib.

Kampaniyaçılar bildirirlər ki, yol-nəqliyyat məhdudiyyətlərinin qoyulması havanın təmizlənməsi üçün həlledici faktordur.

Ekspertlərin daha kədərli statistikasına görə, Almaniyada hər il 6 minlə 13 min arasında adam atmosferin çirklənməsi ilə bağlı xəstəliklərdən vəfat edir.

Alimlərin inamına görə, havanın çirklənməsinin əsas baiskarı məhz dizellə işləyən maşınlardır. Onlar bildirirlər ki, Ştutqart, Düsseldorf, Köln və Münhen kimi şəhərlərdə havanın tullantı qazları ilə çirklənməsi normadan iki dəfə artıqdır.

Fotonun müəllifi MARK RENDERS
Image caption "Bu qadağadan nə qədər avtomobilin təsirlənəcəyi naməlum qalır, amma belə görünür ki, dizellə işləyən 15 milyon avtomobildən yalnız 9 milyonu təsirlənəcək".

Bununla belə, qadağanın tətbiqi milyonlarla avtomobilçini qeyri-müəyyən vəziyyətə sala bilər. Bu da qeyd olunur ki, məhkəmə qərarı dizelli avtomobillərin qiymətlərini "öldürəcək".

Hökumət sürücülərin narahatlığını aradan qaldırmaq üçün tədbirlərin tədricən tətbiq olunacağını bildirib.

Hüquqşünaslar deyirlər ki, məhkəmə heç bir avtomobilə qadağa qoymayıb, sadəcə olaraq, bu problemli vəziyyətə aydınlıq gətirib.

Kansler Angela Merkel isə bəyan edib ki, avtomobillərin havanı çirkləndirməsi yalnız böyük şəhərlərdə problem təşkil edir.

Məhkəmə qərarından sonra avtomobil şirkətlərinin səhmləri azacıq qiymətdən düşüb.

Kansler Merkel avtomobil nəhənglərinə münasibətdə üzüyumşaqlıq göstərməkdə günahlandırılır.

Bu qadağadan nə qədər avtomobilin təsirlənəcəyi naməlum qalır, amma belə görünür ki, dizellə işləyən 15 milyon avtomobildən yalnız 9 milyonu təsirlənəcək. 6 milyon avtomobil "Euro 6" ekoloji təmizlik standartlarına cavab verir.

Avtomobil sənayesi tacirlərin bundan sonra dizelli maşınların satılmasına daha az maraq göstərə biləcəyindən narahatdır.

Bəzi ekspertlər isə bildirirlər ki, dizelli avtomobillərin qadağasını lazımınca monitorinq etmək çətin olacaq.

Image caption Dənizdə çimməyin böyük riskləri var, "The Telegraph" yazır

Dənizdə çimməyin böyük riskləri var

"The Telegraph" qəzeti İngiltərədəki Exeter Universiteti Tibb Məktəbinin alimlərinə istinadən yazır ki, dənizlərdə çimmək qulaq ağrısı, qarın bakteriyalarına yoluxmaq kimi təhlükəli hallar yaradır.

Alimlər bildirirlər ki, Britaniyada dənizdə çimənlərin sayının artması qulaq ağrısı xəstəliyinin 77 faiz artması ilə müşayiət olunub.

Bundan başqa qarın-bağırsaq xəstəliklərinə tutulma hallarının riski 29 faiz yüksəlib.

Araşdırmaçılar deyirlər ki, dəniz suyunun təmizlənməsinə milyonlarla funt sterlinq vəsaitin xərclənməsinə baxmayaraq, çirklənmənin səviyyəsi təhlükəli həddə qalır. Bu, onunla əlaqədardır ki, sənayenin çirkab suları, kanalizasiya və əkin tarlalarının arxları hələ də dənizlərə çıxır.

Alimlər bildirirlər ki, dəniz suyu, xüsusilə də qulaq və qarın-bağırsaq xəstəliklərinin yayılmasına yol açır.

Britaniyada hər ay 11 milyon insan dənizdə üzür və son illərdə dəniz üzgüçülüyünün populyarlığı xeyli artıb.

Lakin Britaniya, ABŞ, Avstraliya, Yeni Zelandiya, Danimarka və Norveçdə 1961-ci ildən 120 min insan arasında aparılmış müşahidələr dənizdə çimənlərin müxtəlif xəstəliklərə yoluxma riskinin 86 faiz çox olduğunu göstərib.

Bu barədə daha geniş