Britaniya mətbuatı: Uşağın başına niyə qapaz vurmaq olmaz?

Düşdüyü vəziyyətə görə Türkiyənin "özü təqsirkardır"

"The Guardian" qəzetində Ranj Alaaldin yazır ki, Türkiyəni son bir ildən də az müddətdə çulğalamış sabitsizlik, etnik və təriqət qütbləşməsi Ankaranın "fəlakətli" siyasətinin nəticəsidir.

Məqalədə deyilir ki, siyasi sabitsizlik və prezident Erdoğanın bölücü hakimiyyəti bir yana qalsın, 2011-ci ildə Suriya münaqişəsi başlanandan bəri cihadçı qruplaşmalar Türkiyə-Suriya sərhədi boyunca məskən salıblar.

"The Guardian" yazır ki, Qaziantep hələ şənbə günü törədilmiş ölümcül bomba partlayışından əvvəl də İŞİD üçün sığınacağa çevrilmişdi.

Deyilənlərə görə bu şəhərdə qruplaşmanın əhəmiyyətli sayda dəstəkçiləri və resursları var.

Alaaldin yazır ki, əgər Türkiyənin, onun ərazisindən prezident Bəşər əl-Əsəd üzərinə hücumlar edən cihadçı qruplaşmalara səhlənkar münasibəti olmasaydı, onların da Qaziantepdə belə bir infrastrukturu olmazdı. Türkiyə isə Əsədin devrilməsini münaqişənin lap əvvəllərindən istəyir.

Məqalədə deyilir ki, Türkiyənin başlıca diqqəti kürdlərə və onların təşkilatı olan PKK-ya yönəlib.

"İndi isə cihadçı qruplaşmalar fəaliyyətlərini Türkiyənin öz torpağında genişləndiriblər. Türkiyə bir növ Yaxın Şərqin Pakistanına çevrilib" - yazır Alaaldin.

Jurnalist qeyd edir ki, Pakistanın 1990-cı illərdə baş vermis Əfqanıstan münaqişəsində Talibana dəstəyi, bu təşkialtı Əfqanıstanın sərhədlərindən kənara çıxarmışdı.

Məqalədə deyilir ki, indi Türkiyə Pakistanın yaşadığı vəziyyəti yaşayır.

Müəllifin fikrincə, Türkiyə hazırda, bir vaxtlar ekstermist şəbəkələrə göz bağlamasının qurbanına çevrilib.

"The Guardian" yazır ki, Türkiyənin xarici işlər naziri Ankaranın Suriya ilə sərhəd bölgəni İŞİD döyüşçülərindən "təmizləmək" əzmində olduğunu elan etsə də, bu sözlərin, ən azı yaxın gələcəkdə real əmələ çevriləcəyini gözləmək düzgün olmazdı.

Məqalədə deyilir ki, hökumətin vədi 15-20 milyon kürdü inandıra bilməyəcək, çünki kürdlərin fikrincə hölkumət onları dəfələrlə hədəfləyən İŞİD-ə ya razılıq əlaməti olaraq göz yumur, ya da ekstremistləri birbaşa dəstəkləyir.

Alaaldin yazır ki, İŞİD hazırda Türkiyənin probleminin yalnız bir hissəsidir və ölkədəki hazırkı siyasi və sosial mühitin özü zorakı sabitsizliyə və terrora şərait yaradır.

Məqalədə deyilir ki, illər boyu Erdoğan öz hakimiyyətini möhkəmlətmək və daha böyük konstitusiya səlahiyyətləri əldə etmək məqsədilə kürdlərə qarşı bölücü və qızışdırıcı ritorikadan istifadə edir.

"The Guardian" yazır ki, Avropa və ABŞ-ın başlıca məqsədi İŞİD-in kökünü kəsməkdirsə, Türkiyənin başlıca diqqəti kürdlərə yönəlib.

Müəllifin fikrincə kürdlərin PKK, ələxüsus da Suriyadakı PYD və YPG qrupları son illərdə İŞİD-ə qarşı döyüş meydanlarında uğurlar qazanması nəticəsində müəyyən beynəlxalq tanınmaya nail olub.

Məqalədə deyilir ki, İŞİD Suriya və İraqda məğlubiyyətlərə düçar olduqca əsas diqqətini Türkiyəyə yönəltməkdə davam edəcək, lakin Erdoğanın qüvvəsi öz hakimiyyətinin möhkəmləndirilməsinə sərf olunur.

Jurnalist yazır ki, belə bir şəraitdə qüvvələrini kürdlərlə birləşdiriərək İŞİD-ə qarşı birgə mübarizə aparmaq Türkiyənin heç ağlına da gəlmir.

"The Guardian" yazır ki, Türkiyənin cihadçı şəbəkənin kökünü kəsməyə həvəssiz və ya qabiliyyətsiz olması Avropa və ABŞ-ı Türkiyə və kürdlər arasında vasitəçilik etmək cəhdindən məhrum etməməlidir.

Məqalədə deyilir ki, bunun alternativi olaraq Türkiyənin mövcud siyasi və təhlükəsizlik çərçivəsini qəbul etməsi üçün ona təzyiq göstərilməlidir, çünki indi kürdlər bu çərçivənin əsas komponentlərindən biridir.

Burkininin qadağanı "reklama" çevrilib

Fotonun müəllifi Getty/ Matt King
Image caption Burkininin qadağanından sonra bu geyimin satışı kəskin artıb

"The Independent" yazır ki, Fransada müsəlman qadınlar üçün çimərlik paltarı - burkininin qadağanından sonra bu geyimin satışı kəskin artıb.

Burkinini on il bundan əvvəl "ixtira etmiş" avstraliyalı-livanlı Aheda Zanetti deyib ki, müsəlman qadınlar üçün çimərlik geyiminin Fransanın 15 şəhərində qadağan edilməsindən sonra bu geyimin satışı daha da artıb.

Zanetti deyib ki, burkini xüsusilə də qeyri-müsəlman qadınlar arasında populyarlaşıb.

Dizayner etiraf edib ki, satışın artmasına təkcə qadağanın reklama çevrilməsi deyil, həm də dinindən asılı olmayaraq bir çox qadınların burkinini müsəlman həmcinsləri ilə həmrəylik aksiyası kimi alması səbəb olub.

"Sizə deyim ki, bazar günü bizə internet vasitəsilə 60 burkini sifarişi olub, hamısı da qeyri-nüsəlman qadınlardandır" - deyib 48 yaşlı xanım Zanetti AFP agentlyinə.

Halbuki onun sözlərinə görə, həftəsonları yalnız 10-12 dəst burkini sata bilirlər.

Xanım Zanetti habelə öz ixtirasının tibbi-sağlamlıq əhəmiyyətindən də söz açıb. O deyib ki, burkini bir çox qadınları dəri xərçəngindən müdafiə edir.

Yeni qadağan qanununa görə burkini geyinməmək qaydasını pozanlar cərimə olunmalıdırlar. Lakin əslən Əlcəzairdən olan varlı bir biznesmen elan edib ki, burkiniyə görə cərimə olunanların cəriməsini özü ödəcəyək.

Mülkiyyət biznesmeni Raşid Nekkaz deyib ki, o özü şəxsən burkininin geyinilməsinə qarşıdır, lakin qadağanın özünü də qanunsuz sayır.

Onun fikrincə, əsl demokratiyalarda insanlar öz seçimləri ilə geyinmək haqqına malik olmalıdırlar.

Başın kiçik zədələnməsi də təhlükəlidir

Fotonun müəllifi Getty/ Jeff J Mitchell

"The Telegraph" qəzetinin elmi redaktoru Sarah Knapton yazır ki, başın lap bir balaca əzilməsi də psixiatrik problemlərə və hətta erkən ölümə səbəb ola bilər.

Bu nəticəyə gəlməzdən əvvəl Oxford Universiteti İmperiya Kollecinin alimləri İsveçdə 1973-cü ildən sonra doğulmuş bir milyondan artıq insanın həyatını müşahidə ediblər.

Alimlər uşaqlıq vaxtı alınmış baş zədələrinin sonrakı həyatda necə bir iz buraxdığını öyrənməyə çalışıblar.

Alimlərin əldə etdikləri nəticələrə görə hətta yüngül baş zədəsi almış insanlar, araşdırma dövründə başqalarından 60 faiz daha çox vəfat ediblər.

Araşdırmaçılar bunu da deyirlər ki, baş zədəsi alanların psixiatrik problemlərlə xəstəxanaya düşməsi şansı başqalarından 91 faiz çoxdur.

Baş zədəsi alanların təhsildə geri qalması şansı 55 faiz artıqdır.

"The Telegraph" yazır ki, statsistikaya görə hər 10 nəfərdən biri uşaqlıq illərində bu və ya digər şəkildə başından zədə alır.

Tədqiqatçılar valideynlərə baş zədəsi almış uşaqlardan göz-qulaq olmağı tövsiyə edirlər.

Məhkəmə psixitarityası professoru Sina Fazel deyir ki, beynin azacıq silkələnməsi də zaman keçdikcə böyük fəsadlar yarada bilər.

Lakin bir sıra alimlər bunu da bildirirlər ki, beyin əksər hallarda uşaqlıq vaxtı alınmış zədəni özü tədricən sağaldır.