Kabul universitetinə hücumda 13 nəfər ölüb

Kabuldakı Amerika Universitetinə hücumdan sonra azad olunmuş şəxslər Fotonun müəllifi Reuters
Image caption Universitetin içində qalmış tələbələr və universitetin əməkdaşlarının artıq azadlıqda olduğu bildirilir

Əfqanıstan paytaxtı Kabulda Amerika Universitetinə silahlı hücumda yeddisi tələbə olmaqla 13 nəfər həlak olub, polis bildirir.

Çərşənbə günü axşam saatlarında baş vermiş hücumdan sonra 10 saata yaxın davam edən əməliyyatın ardından təhlükəsizlik qüvvələri iki basqınçını da öldürüb.

Hücum zamanı tələbələr və ali məktəbin əməkdaşları universitetin içində qalmalı olublar. Polisin bildirdiyinə görə, onlar artıq azadlıqdadırlar.

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Ölənlərin arasında üç polis əməkdaşı və üç nəzarətçi də var.

35 tələbə və doqquz polis xəsarət alıb, təxminən 750 tələbə və işçi xilas edilib, Kabul polis rəisi Abdul Rəhman Rahimi BBC-ə bildirib.

Polis hadisəni "mürəkkəb" adlandırıb. Xüsusi təyinatlı qüvvələr hadisə yerində Amerika hərbi məsləhətçiləri ilə birgə olublar.

Bir neçə saat universitetin içində qalmış şəxslərdən biri Pulitzer Mükafatı qalibi olan jurnalist Məsud Hüseyni olub. O, gördükləri barədə tvit edib və kömək istəyib.

O, daha sonra qaçmağa nail olub və Associated Press xəbər agentliyinə hücum barədə danışıb. Partlayış baş verərkən o, 15 tələbə ilə birgə dərs otağında olub.

"Mən nə baş verdiyini görmək üçün pəncərəyə yaxınlaşdım və adi paltarda bir şəxs gördüm. O, üstümə qışqırdı və şüşəni sındırdı," cənab Hüseyni bildirib.

Daha sonra tələbələr dərs otağında gizləniblər. Cənab Hüseyninin sözlərinə görə otağa ən azı iki qumbara atılıb və bir neçə nəfər yaralanıb.

O və doqquz tələbə daha sonra qaçmağa nail olublar.

Fotonun müəllifi AP
Image caption Partlayış və atışma səsləri eşidiləndən sonra əfqan qüvvələri hadisə yerinə tələsiblər

Bundan iki həftə əvvəl universitetin bir amerikalı, bir avstraliyalı işçisi naməlum silahlılar tərəfindən qaçırılmışdır. Onların harada olması hələ də məlum deyil.

Kabuldakı Amerika Universiteti 2005-ci ildə fəaliyyətə başlayıb.

Universitetdə ingilis dili dərsləri, müxtəlif itisas dərəcələri və bakalavr dərəcəsi üzrə proqramlar tədris edilir.

Universitetin təxminən 1700 tələbəsi var və bəziləri işlədiyi üçün qiyabi təhsil alır.

Əlaqəli mövzular