Hindistan: kişi arvadının cəsədini 12 km məsafə boyunca çiynində daşıyıb

Kişi arvadının cəsədini daşıyır
Image caption Amang Majhi çərşənbə axşamının gecəsi vərəmdən ölüb

Hindistanda yoxsul kişi arvadının cəsədini öldüyü xəstəxanadan çıxararaq 12 km məsafə boyunca çiynində daşımalı olub.

İddia olunduğuna görə, xəstəxana cəsədi kəndə aparmaq üçün təcili yardım maşını ilə təmin etmədiyi üçün o, cəsədi özü daşımalı olub.

Dana Majhi-nin 42 yaşlı arvadı Amang Bhawanipatna şəhərindəki xəstəxanada vərəmdən ölüb.

Cənab Majhi deyib ki, kəndləri 60 km uzaqda olduğu üçün maşın tutmağa imkanı olmayıb.

Xəstəxana ittihamları rədd edir.

"Çarəsizlik"

"Qadın çərşənbə axşamı xəstəxanada qəbul edilib və həmin gecə də ölüb. Onun cəsədini əri xəstəxana işçilərinə xəbər vermədən burdan çıxarıb," tibb rəsmisi B. Brahma deyib.

Lakin cənab Majhi bildirib ki, onun arvadı çərşənbə axşamı, gecə saatlarında keçinib və xəstəxana işçiləri ondan cəsədi apramasını tələb etdiyi üçün çərşənbə günü cəsədi çıxarmalı olub.

"Mən xəstəxana işçilərindən xahiş edirdim ki, cəsədi aparmaq üçün avtomobillə təmin etsinlər, lakin heç bir faydası yox idi. Kasıb olduğum üçün şəxsi maşın kirayələyə bilmədim və cəsədi çiynimdə daşımaqdan başqa çarəm qalamdı," o deyir.

Image caption O, cəsədi 12 yaşlı qızının müşayiəti ilə daşıyıb

Cənab Majhinin sözlərinə görə o, çərşənbə günü erkən saatlarda cəsədi parçaya büküb və 12 yaşlı qızı Chaula-nın müşayiəti ilə kəndlərinə aparmaq üçün yola çıxıb.

O, 12 km ayaqla getdikdən sonra yolda digər insanların müdaxiləsilə təcili yardım maşını gəlib.

Kremasiya çərşənbə günü, axşam saatlarında həyata keçirilib.

Kompensasiya

Bhawanipatna şəhərinin yerləşdiyi Kalahandi rayonunun nəzarətçisi Brunda D bildirib ki, o, bu barədə eşidən kimi Amang-ın cəsədini daşımaq üçün nəqliyyat təşkil edib.

"Mən yerli hakimiyyətdən ailəyə Harischandra Yojana (kasıb ailələrə kremasiya üçün pulun verildiyi dövlət proqramı) çərçivəsində 30 dollar ödəməsini istədim," o deyib.