Britaniya mətbuatı: Mal əti adı altında at əti satanlara ittiham oxundu

Laboratoriyada hazırlanmış ət

"The Express" qəzeti yazır ki, London şəhər bələdiyyə polisi bir danimarkalıya və iki britaniyalıya qarşı dələduzluq ittihamı ilə cinayət işi qaldırıb.

43 yaşlı Alex Ostler-Beech, 57 yaşlı Ulrik Nielsen və 54 yaşlı Andrew Sideras nəhayət üç ildən də çox davam edən istintaqdan sonra məhkəmə qarşısına çıxarılacaqlar.

"The Express" yazır ki, at əti qalmaqalı 2013-cü ildə bütün Avropa qəzetlərinin başlıqlarına çıxmışdı. Mətbuat yazırdı ki, əhaliyə mal əti adı ilə tonlarla at əti satılıb.

At əti məktəb bufetlərindən tutmuş supermarketlərdə satılan hazır yemək paketlərinədək bir çox Avropa şəhərlərində heç nədən xəbəri olmayan adamlara yedizdirilib.

Mürəkkəb beynəlxalq sxem

Bu problem ilk dəfə 2013-cü ilin yanvarında İrlandiyanın ərzaq müfəttişlərindən biri tərəfindən aşkar edilib. Müfəttiş dondurulmuş "mal əti burgerlərinin" əslində at əti olduğunu iddia etmişdi.

Bundan sonra Birləşmiş Krallıq Avropa Komissiyasına xəbərdarlıq etmişdi ki, Findus UK Britaniya şirkətinin Fransa firmasından aldığı mal ətinin 80-100 faiz at əti olduğu müəyyənləşdirilib.

O vaxt nazirlər bildirirdilər ki, bu fırıldaq nəticəsində insanların sağlamlığına ziyan dəyməsə də, fırıldaq əməli baş verib.

Bu işlə əlaqədar müttəhim hesab edilən üç nəfər sentyabrın 27-də London şəhər məhkəməsi qarşısına çıxarılacaq.

London polisi bu adamlardan birini - Ostler-Beech-i 2013-cü ilin iyulunda həbs edib.

Avqustda Nielsen və üçüncü şübhəli dindirilib.

London bələdiyyə polisinin yaydığı bəyanatda deyilir ki, ittihamlar mürəkkəb beynəlxalq istintaqın yekunu olaraq irəli sürülüb.

Bu ittihamnamənin tərtib edilməsində Britaniya kral prokurorluğu və hökumətin Ərzaq Standartları İdarəsi iştirak edib.

İngilislərlə fransızların "Janna Dark davası" davam edir

Image caption İngilislər fransızlardan onların auksionda aldığı üzüyü istəyir

"The Guardian" yazır ki, Fransanın tematik parklarından biri 15-ci əsrdə yadelli ingilislərə qarşı döyüşən yeniyetmə qıza aid olduğu düşünülən gümüş üzüyü Britaniyaya qaytarmaqdan imtina edib.

"Orlean qızı" - milli qəhrəman Janna Darka aid edilən bu tarixi yadigar ötən il pulu ödənilərək Britaniyadan alınmışdı.

Məqalədə deyilir ki, "üzüyün yeni sahibləri əlahəzrət kraliçaya şikayət məktubu yazıblar".

Fransadakı tarix-mədəniyyət parkı Le Puy du Fou, 15-ci əsrə aid qızıl suyuna çəkilmiş gümüş üzüyü bu ilin fevralında Londonda təşkil edilmiş hərracda 300 min funt sterlinqə almışdı.

Lakin üzük Fransaya gətirildikdən sonra Britaniyanın mədəniyyət rəsmiləri onun ölkədən çıxarılması üçün lisenziyanının olmadığını əsas gətirərək üzüyün qaytarılmasını tələb edirdilər.

Əlahəzrətin bir sözü

Puy du Fou milli parkının prezidenti Nicolas de Villiers deyib ki, üzüyün qaytarılması tələblərinin heç bir qanuni əsası yoxdur.

"Bizim bu tələbə gülməyimiz gəlir, - deyib Villiers "The Guardian" qəzetinə, - Amma biz kraliçaya məktub yazdıq ki, bu işə bir aydınlıq gətirsin. Görünür, Buckinghem sarayı lazımi adamlara göstəriş verib. Çünki sonradan eşitdik ki, daha üzüyü istəmirlər".

De Villiers daha sonra deyib: "Bu bir rəmz, bir yadigardır ki, İngiltərədə 600 il əsir saxlanıb. Bu əslində pulla elə bir dəyəri olmayan balaca bir üzükdür. Lakin onun fransızlar üçün fövqəladə simvolik əhəmiyyəti var və biz onu nəhayət ki, geri almışıq".

Siyasətçi deyib ki, bu üzük "ölkəni qələbələrə aparan fövqəladə gənc qadının yadigarı kimi qiymətsizdir".

"Biz inanırıq ki, bu ümid və qələbə rəmzi fransızlara itirdikləri iftixar və özünəinam hissini qaytaracaq" - deyib De Villiers.

Bu üzüyün çox nişanı var

Orta əsrlərə aid üzüyün üstündə üç xaç işarəsi və İsa və Məryəm sözlərini bildirən IHS və MAR hərfləri var.

Tarixi rəvayətə görə üzük Janna Dark 1431-ci ildə Fransanın şimalındakı Ruen şəhərində küfrə görə tonqalda yandırılmazdan əvvəl həbsxanadaykən onun barmağından çıxarılıb.

"The Guardian" yazır ki, 1431-ci il martın 17-də kilsə məhkəməsində dindirilən Janna Dark "ingilisləri Fransa torpağından süpürüb atmaq əmrinin" ona Allahdan gəldiyini iddia etməklə işğalçıları qəzəbləndirmişdi.

Üzük barədə suala cavab verərkən 14 yaşlı sərkərdə qız bunun ona valideynlərindən yadigar qaldığını və hər dəfə ingilislərlə döyüşə girməzdən əvvəl bu üzüyə baxdığını demişdi.

O demişdi ki, ingilis işğalçılarla valideynlərinin ruhunu şad etmək üçün vuruşub.

Əldən-ələ keçən yadigar

Hərracın təşkilatçıları bildirmişdilər ki, müəyyən tarixi kəsimdə bu üzük kiminsə sifarişi ilə enləndirilib.

Auksionun broşüründəki məlumatda bu da qeyd olunurdu ki, üzük 1447-ci ildə vəfat etmiş kardinal Henry Beaufort-da olub.

Bəzi məlumatlara görə Janna Dark üzüyü edamından az əvvəl özü kardinala verib.

Beaufort-dan sonra üzüyün sahibi Portland hersoqunun ailəsi olub və sonra rəssam Augustus John-a keçib.

Üzük 1947-ci ildə Sotheby's auksionunda "bir Esseks centlmeninə" satılıb.

"The Guardian" yazır ki, 600 il ərzində əldən-ələ keçən bu üzüyün nəhayət Fransaya qayıtması fransızlara xüsusi qürur hissi gətirib.

Puy du Fou tematik parkı bu üzük üçün parkda xüsusi vəng tikilməsini planlaşdırır. İanələr hesabına tikiləcək vəngə giriş pulsuz olacaq.

"Bu üzük bizim üçün heç vaxt biznes olmayacaq. Bu, bizim donorlara vədimizə xilaf çıxmaq olardı. Bu yadigardır. Yadigardan isə pul çıxarmaq olmaz" - deyib De Villiers.

"Qatilin bir tükündən portretini çəkmək"

Fotonun müəllifi Mopic Alamy
Image caption Alimlər insanın sifət cizgilərinə uyğun gələn və fövqəladə müxtəliflikdə olan genləri müəyyənləşdiriblər.

"The Telegraph" yazır ki, cinayət yerindən tapılmış DNT materialı əsasında qatil və ya seksual təcavüzkarların fotorobotlarının yaradıla bilcəyi günə çox qalmayıb.

Məqalədə deyilir ki, alimlər insanın sifət cizgilərinə uyğun gələn və fövqəladə müxtəliflikdə olan genləri müəyyənləşdiriblər.

Araşdırmaçılar bildirirlər ki, burunun ölçüsü, sifətin eni kimi üz xüsusyiyyətləri spesifik mutasiyalara bağlıdır.

Bundan əvvəl aparılmış tədqiqatlara görə üz quruluşunun genlərlə bağlı olduğu bəlli idi, lakin indi alimlər məhz bu müxtəlif gen variantlarının konkret olaraq üz komponentlərinə uyğunluğunu aşkar ediblər.

PLOS Genetics jurnalında dərc olunmuş məqalədə deyilir ki, bu nəticələr tədqiqatçılara üz qüsurlarının necə yarandığı barədə ipucu verə bilər.

"The Telegraph" yazır ki, alimlərin fikrincə bu metod polisə genetik material əsasında qorxulu cinayətkarların portretlərini tərtib emək imkanı verə bilər.

Bunun üçün hadisə yerindən götürülmüş tük, ağız suyu, tər kimi genetik materialın araşdırılması kifayət olardı.

3118 könüllü

Məqalədə deyilir ki, araşdırma zamanı 20 üz komponentinə bağlı genlər 3118 sağlam könüllünün 3D təsvirləri ilə tutuşdurulub.

Pitsburq Universitetinin professoru John Shaffer deyib ki, sifət quruluşunun genlərlə bağlı olduğuna dair sanballı sübutlar var.

Alim deyib ki, bir ailənin və nəslin adamlarının müəyyən üz cizgilərinin oxşarlığı da buna sübutdur.

"The Telegraph" yazır ki, buna baxmayaraq son vaxtlaradək genlərin üz quruluşunu müəyyən etdiyinə dair faktiki olaraq məlumat olmayıb.

Alimlər ümid edirlər ki, bu araşdırmanın nəticələri gələcəkdə üz quruluşu qüsurlarının qarşısının alınması üçün istifadə oluna bilər.