ABŞ: Suriyada Türkiyə və kürdlərin qarşıdurması "dərin narahatlıq mənbəyidir"

27 avqust. Türk qoşunları Suriya sərhədinə gedir Fotonun müəllifi AP
Image caption Türkiyə Suriya ilə sərhədə tanklar göndərib

ABŞ bildirib ki, Suriyanın şimalında Türkiyənin, Türkiyə yönümlü qiyamçılar və kürdlər döyüşçülərin müharibəsi "qəbuledilməzdir" və dayandırılmalıdır.

Özünü İslam Dövləti adlandıran qrupun olmadığı ərazidə qarşıdurma "dərin narahatlıq mənbəyidir," ABŞ-ın İD-ə qarşı koalisiyası üzrə səfiri tvitləyib.

Türkiyə ötən həftə sərhədi keçdikdən sonra kürd "terrorçuları" adlandırdıqları döyüşçülərə hücum edib.

Lakin kürd YPG qüvvələri deyir ki, Türkiyə Suriya ərazisini zəbt etmək istəyir.

Ankara isə öz sərhədindən İD və kürd döyüşçülərini uzaqlaşdırma istədiyini bildirir.

Müxtəlif rəqəmlər

Bazar günü Türkiyənin Suriyada Cərablus şəhəri yaxınlığında son hava hücumları zamanı azı 25 nəfər həlak olub.

Türkiyə rəsmiləri ölənlərin hamısının kürd döyüşçüləri olduğunu deyiblər.

Britaniyada yerləşən Suriyada İnsan Haqları monitorinq qrupu isə bildirib ki, bazar günü Türkiyənin hücumları zamanı azı 35 nəfər mülki və 4 döyüşçü öldürülüb.

Bu iki hadisənin eyni məkanda baş verib- vermədiyi bəlli deyil.

Türkiyə beş gündür ki, Suriyada özünü İslam Dövləti (İD) adlandıran qrupa və kürd qiyamçılarına qarşı hücumlar həyata keçirir.

Monitorinq qrupu bildirir ki, Cəb əl-Qüssə yaxınlığında 20, əl-Əmərn yaxınlığında isə 15 nəfər ölüb.

Şənbə günü Türkiyə qoşunu da itki verib. Tankın içində olan bir əsgər raketlə vurulub. Türkiyə buna görə kürd döyüşçülərini ittiham edib.

Güney Yildiz, BBC News üçün təhlil

Türkiyənin kürd Xalqların Müdafiəsi Birliyi (YPG) və onların ərəb müttəfiqlərilə münaqişəyə girməsi hərbi əməliyyatları bir az da mürəkkəbləşdirə bilər.

Ankara kürdlərin Fərat çayının şərq sahilinə geri çəkilmələrinə çalışır. Yalnız bu halda Suriyanın şimal-qərbində kürdlərin nəzarət etdiyi iki ərazi arasında dəhliz bərpa edilə bilməz.

Türkiyə ərazilərin kürdlər tərəfindən zəbt edilməsinə qarşı Rusiyadan, Əsəd rejimi və İrandan dəstək alır. Digər tərəfdən ABŞ bildirib ki, Türkiyə və Amerika müttəfiqləri arasında toqquşmanın qarşısını alacaq.

Türkiyənin Suriyada kürdlərə qarşı kampaniyası, onunla Kürdüstan İşçi Partiyasının (PKK) üsyançıları arasında da münaqişənin alovlanması riskini yaradır.

PKK bu yaxınlarda Türkiyənin Suriya daxilində kampaniyası ilə əlaqədar öz əməliyyatlarını əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə daha geniş