Britaniya mətbuatı: İt insan dilini “başa düşürmüş”

Britaniya mətbuatı

İranın Dəməşqdəki gizli qərargahı -"Şüşə ev"

"The Daily Mail" yazır ki, İran müxalifət fəallarının ona ötürdükləri sənədlərdən İranın Dəməşqdə gizli baş qərargahının olduğu məlum olub.

Məqalədə deyilir ki, məxfi adı "Şüşə ev" olan bu qərargah Suriyada olduğu ehtimal edilən gizli İran ordusuna rəhbərlik edir.

İranın Milli Müqavimət Şurası fəalları iddia edirlər ki, ölkənin ali rəhbəri ayətullah Əli Xameneyi son beş ildə müttəfiqi Bəşər əl-Əsədin müdafiəsinə milyardlarla dollar xərcləyib.

Xəbər verilir ki, İranın gizli qərargahı Dəməşq hava limanının yaxınlığındakı 5 mərtəbəli binada yerləşir.

Məqalədə deyilir ki, gizli baş qərargah kəşfiyyat və əks-kəşfiyyat əməliyyatları həyata keçirir, habelə bu binanın seyflərində Tehrandan nəql olunan milyonlarla dollar nəğd pul saxlanır.

Sızdırılıb

"The Daily Mail" yazır ki, bu sənədlərin İnqilab Keşikçiləri Korpusunun hansısa rəsmisi tərəfindən sızdırıldığı düşünülür.

Məqalədə deyilir ki, bu sənədlər həm də İranın Suriyada ən böyük döyüş qüvvəsinə malik olduğu barədə ehtimalların doğruluğuna işarə edir.

Qərb təhlilçilərinin təxminlərinə görə hazırda Suriyada İranın komandanlığı altında 16 min şiə döyüşçü var.

İran rejiminə düşmən dissidentlər isə iddia edirlər ki, İranın komandanlığı altında olan döyüşçülərin sayı 60 minə çatır, halbuki Əsədin hökumət qoşunlarının ümumi sayı 50 min əsgərə enib.

Bu da xəbər verilir ki, ayrıca komandanlığı olsa da, İranla koordinasiyada fəaliyyət göstərən Livan Hizbullahı döyüşçülərinin sayı 10 min nəfərdir.

Nüvə xəbərini də bu qrup vermişdi

"The Daily Mail" yazır ki, İran Milli Müqavimət Şurasının bundan əvvəl də Tehran rejimi barədə iddiaları özünü doğruldub. Məsələn, 2002-ci ildə qrup İranın Natanz və Arak məntəqələrində nüvə qurğularının olduğunu faş etmişdi.

İranın komandanlığı altında olan şiə qüvvələrinə pakistanlıların, əfqanların, livanlı, fələstinli və bəlucların daxil olduğu söylənir.

Londondakı "Royal United Services" analitik mərkəzinin təhlilçisi Kamal Alam "The Daily Mail" qəzetinə bidlirib ki, iddialar tamamilə ağlabatan görünür.

O deyir ki, Suriyaya tez-tez səfərlər edir və oradakı iranlıların öz əməliyyatlarını necə cidd-cəhdlə gizli saxlamağa çalışdıqlarından xəbərdardır.

"Məsələn onlar farsca yox, ərəbcə danışırlar, ümumən İran hərbi formalarını geyinmirlər. Belə bir şəraitdə onların ölkədəki sayı barədə dəqiq rəqəm bildirmək çətindir" - deyir alim.

Məqalədə deyilir ki, Suriya rejimi də ölkədə İran hərbçilərinin olduğunu reklam etmir.

Qədim rəsm əsərləri niyə gözdən düşür

"The Guardian" qəzetinin sütunyazarı Johnathan John belə bir fikir irəli sürür ki, klassik rəsm əsərləri sürətlə gözdən düşməkdədir.

Kolleksiyaçılar 400 il bundan əvvəl böyük rəssamların fırçasından çıxmış şedevrlərə artıq maraq göstərmirlər, heç auksionlar da onların satışını təşkil etməyə həvəsli deyil.

Jones buna təəəccüb edir və yazır ki, niyə rəsm əsərləri gözdən düşür, lakin eyni dövrdə yaradılmış Shakespeare pyeslərinin oynandığı teatrlarda yer tapılmır.

Müəllif belə bir nəticəyə gəlir ki, bu pyeslər bir neçə yüz il bundan əvvəl yazılsa da, onları müasir rejissorlar səhnəyə qoyurlar. Lakin təsviri sənət bunu edə bilmir.

Jones yazır ki, qədim təsviri sənət bazarında yaranmış bu vəziyyət həmin bazarın uzun müddətdə nümayiş etdirdiyi saymazlıq və elitizmlə bağlıdır.

Onun fikrincə nəticədə belə bir yanlış fikir yayılıb ki, yüksək sənət geniş ictimaiyyət üçün deyildir.

Müəllif bu yanaşma ilə razılaşmır və yazır ki, təsviri sənəti də müasir üslubda təqdim etmək mümkündür.

"Məsələn, niyə məşhur tablolardan ibarət "Təsviri sənətdə seks və ölüm" adlı sərgilər keçirilməsin.

Jones-un fikrincə, belə sərgilərdə də teatrlarda olan izdiham yaranar.

Ucuz olsa yaxşıdır

Bununla belə, jurnalist yazır ki, böyük rəssamların şedevrlərinin gözdən düşməsi onu sevindirmir, axı onları da insan dühası yaradıb və üstəlik heç də hamı bu rəssamları tanımır.

Digər tərəfdən klassik tablolar Qərb mədəniyyətinin rəmzlərindəndir.

Jones yazır ki, qədim tabloların bazarında yaranmış ucuzlaşma ümumun xeyrinə işləyə bilər. İndi heç olmasa muzeylər bu şedevrlərdən bəzilərini almaq iqtidarında olarlar.

Jones ədəbiyyatla təsviri sənətin daha bir fərqinə diqqət çəkir. Yağlı boya ilə çəkilmiş qədim şəkillər bazarlarda başqa mallar kimi satılır və əmtəə hesab olunur. Lakin Shakespeare-in əsərləri haqqında bunu demək olmaz.

"Belə çıxır ki, hərracların ziyanına olan şey ictimaiyyətin xeyrinə işləyə bilər" - yazır Jones.

"Mən böyük sənətin bahalı olmasını istəmirəm, - yazır müəllif, - Qoy bu sənət ucuz olsun ki, insanlar onu görə bilsinlər".

İt insanın həmsöhbətidir

"The İndependent" yazır ki, son vaxtlarda aparılmış bir tədiqiqat itlərin insan dilindəki bəzi sözləri başa düşdüyünü göstərib.

Məqalədə deyilir ki, indiyədək heç vaxt belə bir araşdırma aparılmayıb.

Macarıstandan olan alimlər 13 itə maqnit-rezonans kamerasının içərisində uzanmağı təlim ediblər.

Bundan sonra onların başlarına elektrodlar bağlanıb və onlara qulaqcıqlar taxılıb.

Təcrübə göstərib ki, itlərin də beyni dil materialını eyni prosesdən keçirir.

Məsələn, itlər dilin emosional tərəfini beynin sağ, məna tərəfini isə sol yarımkürəsi ilə təhlil edirlər.

Təcrübədən bəlli olub ki, itlər yalnız nəvazişli sözlər eşidəndə iki beyin yarımkürəsindəki proseslər birləşir.

Alimlər deyirlər ki, bu həm də itlərin ayrı-ayrı sözləri başa düşdüklərini nümayiş etdirir.

Yaxşı söz yaxşı tonla

Aparıcı araşdırmaçı doktor Attila Andics deyir ki, dilin başa düşülməsi üçün beyin yarımkürələrində funksional bölgü mövcuddur.

Beynin sol yarımkürəsi bir qayda olaraq sözlərin mənası ilə məşğul olur, sağ yarımkürəsi isə intonasiya ilə.

İtlərdə eyni prosesin getdiyini isbat etmək üçün itlərə eyni sözləri həm tərif, həm də neytral intonasiya ilə deyiblər. Bu zaman onlara neytral mənalı və ya heç mənası olmayan sözlər də deyilib.

Maqnit-rezonans cihazının yazılarından bəlli olub ki, itlər yaxşı sözlərə, intonasiyasından asılı olmayaraq reaksiya verirlər. Neytral və mənasız sözlər onlarda heç bir maraq doğurmur.

Bu da aydınlaşıb ki, itlər hər halda yaxşı sözlər tərif intonasiyasında deyiləndə daha güclü reaksiya verirlər.

Alimlərin fikrincə bu, onu nümayiş etdirir ki, itlər nəinki bizim sözlərimizi, onlarının tonunu seçə bilir, hətta bu ikisini birləşdirməyi də bacarırlar.

İndiyədək qəbul edilmiş nəticə bundan ibarət idi ki, itlər insan nitqinin yalnız intonasiyasına reaksiya verirlər.

Alimlər inanırlar ki, onların araşdırması itləri insanlara daha yaxşı həmsöhbət edəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş