Britaniya mətbuatı: Dünyanın “ən hörmətli pasportu”

Britaniya mətbuatı

Türkiyə naziri Almaniyanı "mədəni irqçilikdə" ittiham edib

"The İndependent" yazır ki, Türkiyə naziri Almaniyanın Avropa nazirini prezident Recep Tayyip Erdoğan barədə bəyanatına görə kəskin tənqid edib.

Türkiyənin Avropa İttifaqı naziri Ömer Çelik almaniyalı həmkarı Guenther Oettinger-in qeydlərini "mədəni irqçilik" adlandırıb.

Cənab Oettinger Bild məcmuəsinə müsahibəsində demişdi ki, "Türkiyə, çox güman, Recep Tayyip Erdoğanın prezident olduğu müddətdə Avropa İttifaqının üzvü ola bilməyəcək".

"The İndependent" yazır ki, Türkiyə və Avropa İttifaqı arasında münasibətlər iyul ayında Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca şübhəlilərə qarşı repressiyalara görə daha da gərginləşib.

Avropa İttifaqının liderləri Türkiyəni "təmkin və mötədillik" göstərməyə çağırmışdılar.

Türkiyə bu tənqidlərə kəskin tənqidlə cavab vermişdi. Ankara bildirirdi ki, Avropa Türkiyənin üzləşdiyi təhlükəni lazımınca qiymətləndirməyib.

Prezident Erdoğanın 2004-cü ildə ləğv olunmuş ölüm cəzasını bərpa edəcəyi ilə hədələməsi Avropa Komissiyasının başçısı Jean-Claude Juncker tərəfindən kəskin tənqid olunmuşdu.

O demişdi ki, hökumət belə bir addımı atarsa, Türkiyə ilə bu ölkənin Avropa İttifaqı üzvlüyünə dair danışıqlar dərhal dayandırılacaq.

Dünyanın "ən hörmətli pasportu" almanlardadır

Fotonun müəllifi Alex Grimm/ Getty
Image caption Almaniya pasportu ilə vizasız olaraq 218 ölkədən 177-nə getmək olar

"The Telegraph" yazır ki, dünyanın "ən hörmətli" pasportunun Almaniya pasportu olması bir daha təsdiqlənib.

Henley & Partners vətəndaşlıq və planlaşdırma firmasının apardığı araşdırmada pasportun sanbalı onun vizasız səfər etməyə imkan verdiyi ölkələrin sayı ilə ölçülür.

Bu mənada Almaniya pasportu ilə vizasız olaraq 218 ölkədən 177-nə getmək olar.

Britaniya pasportu 175, ABŞ pasportu isə 174 xarici ölkəyə vizasız səfər etmək imkanı verir.

"The Telegraph" yazır ki, 2015-ci ilin reytinqində Britaniya pasportu Almaniya pasportu ilə yanaşı 1-ci yerdə idi, lakin bir il ərzində bir neçə ölkə almanların vizasız gəlişinə icazə verib.

İndi hətta İsveç pasportu da Briyaniya pasportunu keçib. Britaniya pasportu hazırda Fransa, İtaliya, İspaniya və Finlandiya pasportları ilə birlikdə üçüncü yeri tutur.

Dördüncü yerdə Belçika, Danimarka, Hollandiya və ABŞ pasportları gəlir.

Dünyanın ən qüdrətsiz pasportunu əfqanların gəzdirdiyi bəlli olub. Əfqanıstan pasportu ilə cəmi 25 ölkəyə vizasız səfər etmək mümkündür.

"The Telegraph" yazır ki, 199 ölkənin pasportlarının keçərliyi ötən bir il ərzində demək olar, dəyişməyib.

Lakin bəzi ölkələrin pasportları qısa müddətdə reytinq cədvəlindəki yerlərini yaxşılaşdırıblar.

Məsələn Tonqa 16, Palau 20, Kolumbiya 25, Timor-Leste isə 33 pillə yüksəlib.

Məqalədə deyilir ki, "investisiya yatır, vətəndaşlıq al" sxemini tətbiq edən Malta pasportu hazırda dünyanın ən nüfuzlu 8-ci pasportudur.

Buna bənzər sxemdən Portuqaliyada da istifadə olunur. Bu o deməkdir ki, Portuqaliyada vətəndaşlıq almaq üçün ora investisiya yatırmaq lazımdır. Hazırda Portuqaliya pasportu ilə dünyanın 172 ölkəsinə vizasız gedib-gəlmək olar.

"The Telegraph" yazır ki, ümumilikdə bütün dünya üzrə hərəkət sərbəstliyi artıb.

Məqalədə ən "qüdrətli" və ən "zəif" pasportları olan ölkələrin reytinq cədvəli verilib.

Dünyanın ən qüdrətli pasportları:

Almaniya - 177 ölkə

İsveç - 176

Finlandiya, Fransa, İtaliya, İspaniya, Britaniya - 175

Belçika, Danimarka, Hollandiya, Birləşmiş Ştatlar - 174

Avstriya, Yaponiya, Sinqapur - 173

Kanada, İrlandiya, Cənubi Koreya, Lüksemburq, Norveç, Portuqaliya, İsveçrə -172

Yunanıstan, Yeni Zelandiya - 171

Avstraliya - 169

Malta - 168

Macarıstan, Çexiya, İslandiya - 167

Dünyanın ən "zəif" pasportları:

Əfqanıstan - 25

Pakistan - 29

İraq - 30

Somali - 31

Suriya - 32

Liviya - 36

Eritreya, Efiopiya, İran, Nepal, Fələstin ərazisi, Sudan - 37

Kosovo, Cənubi Sudan, Yəmən - 38

Banqladeş, Konqo, Livan, Şri Lanka - 39

Burundi, Şimali Koreya, Birma - 42

Hər beş anadan biri uşağın adından peşmandır

Fotonun müəllifi Brent Stirton/ Getty

"The Guardian" yazır ki, İngiltərədə aparılmış rəy sorğusu hər 5 anadan birinin övladına verdiyi addan peşman olduğunu göstərib.

Ən çox peşmançılıq gətirən adların Charlotte, Amelia, Anne, Daniel, Jacob, James və Thomas olduğu bəlli olub.

Sorğuda iştirak etmiş 245 anadan 12 faizi ad seçiminin səhv olduğunu həmişə bilib. Anaların 3 faizi deyib ki, uşaq doğulan kimi ona qoyulan adın yanlış olduğunu düşünüb.

8 faiz bunu bir neçə gündən sonra hiss edib.

Lakin peşman anaların 23 faizi övladına səhv ad qoyduğunu uşaq bağçaya və məktəbə başlayanda düşünüb.

Bir ana şikayətlənib ki, uşaq doğulandan bir neçə gün sonra hardasa bir terrorçu qrup bu adı özünə götürüb.

Elə də olur ki, uşağa ad qoyulur, sonra isə çox məşhur bir filmdə, tamaşada eyni adlı mənfi qəhrəman görünür.

"Mənim uşağım öz adına nifrət edir" - anaların ən çox işlətdiyi şikayətdir.

"The Guardian" yazır ki, adların peşmançılıq yaratmasının əsas səbəbi onların geniş yayılmasıdır.

Anaların 10 faizi bidirir ki, onlara qoyulan ad övladlarına yaraşmır. Rəyi soruşulanların 11 faizi adın kifayət qədər orjinal olmamasından gileylənib.

Sorğuda iştirak edənlərin 6 faizi deyib ki, uşaqlarına qoyduqları adların qısa forması eybəcər səslənir.

Amma 1 faiz ana uşağının adından ona görə narazıdır ki, hansısa məşhur adam da o adı övladına verib.

Bu sorğunu aparmış Mumsnet analar saytının təsisçisi Justine Roberts deyib ki, uşağa ad qoymaq təzə valideynlərin gördüyü ilk məsuliyyətli işdir.

Onun fikrincə, adlardan peşmançılığı doğuran bir neçə səbəblər var.

"Əvvəla uşağa ad qoymaq üçün bir xeyli araşdırma aparırsan, bir neçə yaxın adamlarla məsləhətləşirsən və onları da razı salmağa çalışırsan, nəticədə isə seçim düzgün olmur" - deyib Roberts.

Burası da var ki, rəyi soruşulan analardan yalnız 6 faizi radikal addım ataraq uşağının adını rəsmi qaydada dəyişib. Daha 3 faiz də belə hərəkət etməyə hazırlaşır.

Mumsnet saytının forumunda bir ana deyib: "İndi qızımın beş yaşı var. Mən bundan sonra onun adını dəyişmək fikrində deyiləm. Amma bu adı ona verəndən bəri peşmanam. Doğuşdan sonra dərin depressiya yaşayırdım və ad üzərində düz-əməlli düşünməmişdim. Öz aləmimdə ona çox dəbdə olan bir ad verdim. İndi görürəm bu dəbli adı minlərlə uşaq daşıyır".

Övladlarına orjinal, qeyri-ənənəvi adlar verən valideynlər də var.

Başqa bir ana isə yazır ki, uşaq böyüdükcə adam ona verdiyi addan peşmançılıq çəkir.

"Qızım indi böyüyüb, artıq qadın olub. O getdikcə daha çox orjinal, özünəbənzər insan olur. O getdikcə ətrafdakılara daha az bənzəyir. Adı isə ətrafdıkaların adları qədər geniş yayılıb".

Əlaqəli mövzular

Bu barədə daha geniş