Mərkəzi Asiyada rejimlər necə dəyişəcək?

Daşkəntdə plakat Fotonun müəllifi AP

Dünya Özbəkistanda rejim dəyişikliyinə hazırlaşır. Amma hələlik rəsmən bəlli olan budur ki, Özbəkistanın əvəzedilməz prezidenti İslam Kərimov beynə qan sızmasına görə xəstəxananın reanimasiya şöbəsindədir. Ölkədə müstəqilliyin 25-ci ildönümünə həsr edilmiş şənlik tədbirləri ləğv edilib.

Özbəkistan hakimiyyətinin indiyədək Kərimovun səhhəti barədə xəbərləri rəsmən yaymaması, prezidentin 78 yaşı olması, təbiidir ki, çoxlarında belə bir sual doğurub: Özbəkistan Kərimovdan sonra necə bir ölkə olacaq?

Mərkəzi Asiyada yaxınlaşan "hakimiyyət dəyişikliyi söhbəti" Özbəkistanla məhdudlaşmır.

1991-ci ildən Qazaxıstanın rəhbəri olan Nursultan Nazarbayevin 76 yaşı var. 1994-cü ildən Tacikistana Emomali Raxmonov başçılıq edir, hərçənd o daha cavandır. 64 yaşı gələn ay tamam olacaq.

Görəsən bu əvəzedilməz və sərt hakimlərin gedişindən sonra onların yerini varislərimi tutacaq? Varisləri varmı onların? Mərkəzi Asiya rejimlərinin dəyişməsi islamçılığın alovlanması ilə nəticələnə bilərmi? Yaxın vaxtlarda dünya və region nə gözləməli və nədən narahat olmalıdır?

BBC Rus xidmətinin "Beşinci mərtəbə" proqamının aparıcısı Sergey Zakin bu məsələləri Mərkəzi Asiya üzrə ekspert və politoloq Arkadi Dubnov və Moskva Carnegie Mərkəzində İslam və islamlaşma üzrə mütəxəssis Aleksey Malaşenko ilə müzakirə edib.

Sergey Zakin: İslam Kərimov 25 ildən artıqdır ki, Özbəkistanda hakimiyyətdədir. O rəhbərliyə gələndə Britaniyada baş nazir Margaret Thatcher idi. Bu tamam başqa bir dünya idi. Bu müddət ərzində Özbəkistan necə dəyişib?

Arkadi Dubnov: Ona qalsa Fidel Castro yarım əsr hakimiyyətdə olub. Həmin müddətdə ABŞ-da 11 prezident dəyişib. Özbəkistanda isə, məsələn, qismən Səmərqənddə səbatlı turist kompleksi yaradılıb.

İslam Kərimov postsovet məkanında heç kəsə bənzəməyən, güclü xarizması olan liderdir. Onu hakimiyyətdə saxlayan qeyri-adi ambisiyası və çox sayda kompleksləri olub.

O inanırdı ki, bu ölkədən möhtəşəm bir dövlət yaratmaq olar. Möhtəşəm gələcək baş vermədi, lakin o, kənar təsirlərdən azad olan müəyyən stabillik yarada bildi. Hərçənd kənar faktorlardan azadlıq Türkmənistan və ya Şimali Koreyadakı qədər deyildi.

Bu epoxa başa çatıb, gələcək isə bütün Mərkəzi Asiya üçün təhlükəlıi situasiyalar yarada biləcək nəticələrlə doludur.

Mən ümid edirəm ki, indi Özbəkistanda elitalar arasında konsensus əldə edilməsi, varis barədə razılığa gəlməyə çalışırlar. Başqa cür olsa, vəziyyətdən Özbəkistanın içindəkilər də daxil müəyyən qüvvələr fürsətlənə bilər.

S.Z.: Beynəlxalq insan haqları təşkilatları Kərimovu zəmanəmizin ən qəddar diktatorlarından biri hesab edirlər. Onun dövründəki ən qanlı faciə 2005-ci ilin may ayında Əndican nümayişin dağıdılması olub. O vaxt minlərlə insan vətəndaş haqları, yaşayış şəraitinin yaxışlaşdırılması tələbləri ilə mərkəzi meydana toplaşmışdı. Kütlə silahlı əsgərlər tərəfindən dövrəyə alınmış, daha sonra adamlara atəş açılmışdı. Hətta rəsmi məlumatlarda 190 nəfərin həlak olduğu bildirilirdi. Kərimov iddia edirdi ki, Əndicanda İslam çevrilişi etmək istəmişdilər. Bəs indi Özbəkistanın islamlaşma təhlükəsi nə dərəcədə realdır? Aleksey Malaşenko: Mən bilmirəm. Vəziyyət naməlumdur. Lakin islamçıların fəallığı əsas faktor olmayacaq.

Elitalar yəqin ki, razılığa gələcəklər. Danışqılar çoxdan gedir. Bu, Kərimovun birinci koması deyil. Özbəkistanda adamlar axmaq deyillər. Əgər onlar razılığa gələ bilməsələr, İslam faktoru rol oynaya bilər.

Məsələn, ən zəif klan, silah kimi İslama müraciət edə bilər. Onlar Özbəkistanda mövcud olan islamçı müxalifətə üz tuta bilərlər. Belə müxalifət Kərimovun onların kökünü kəsməyə çalışmasına baxmayaraq var.

İndiyədək bu, çox zəif qüvvə olub. Özbəkistanda iki qruplaşma var: Hələlik Əfqanıstan ərazisində bazalanan, amma lazım olsa tezliklə ölkəyə gələ biləcək Özbəkistan İslam Hərəkatı (onu bəzən Türküstanın İslam Hərəkatı adlandırırlar) və haqqında çox danışılan, lakin çox az adamın başa düşdüyü Hizb-ut-Təhrir təşkilatı.

Bu təşkilatın minlərlə üzvü çıxıb Rusiyaya gedib, bir çoxu da həbsxanalardadır, amma elə bir populyarlığa malik deyillər. Lakin əgər hakimiyyətin rəvan ötürülməsi olmasa, onlar ciddi faktora çevrilə bilərlər.

S.Z.: Amnesty International təşkilatının hesabatlarına görə Özbəkistan həbsxanalarında məhbuslar işgəncələrə məruz qalırlar. Bütün bunlar Səddam Hüseynin, Qəddafinin və başqa dikatatorların hakimiyyətinə bənzəyir. Bunların devrilməsindən sonra bu ölkələrin islamlaşması prosesi başlandı. Belə bir ssenari Mərkəzi Asiyada da ola bilərmi?

А.D.: Düşmənlərə qarşı qəddarlıq zəmanəmizdə geniş yayılıb. Amerikalıların qoşa qüllələrə basqında şübhəli bilinənləri saxladıqları uçan həbsxanaları, Quantanamonu yada salmaq olar.

Amma Özbəkistanın şəhərləşmiş əhalisi Kərimovu onları islam ekstremizmindən qoruyan təhlükəszlik qarantı kimi qəbul edir.

Özbəkistan, orada baş verənlərin şəffaflıq dərəcəsinə görə hardasa Türkmənistanla Qazaxıstanın arasında yer tutur. Amma Almaniya kansleri, yüzlərlə və minlərlə məhbusun taleyindən xəbər olmayan Türkmənistanın prezidentini qəbul edir. Ona görə ki, Türkmənistanda Avropanın ehtiyacı olan qaz və başqa resurslar var.

Dünya utanmazdır. Odur ki, qəddar və sərt sistem qurmuş Kərimovu başqalarından kəskin fərqlənən tiran kimi ayırmağa dəyməz. Qəribə primitivlikdir. Yol demokratik yoldursa, deməli mütləq yaxşıdır. Realist olmaq lazımdır.

S.Z.: Əgər Türkmənistan prezidentindən danışsaq, görərik ki, hazırkı Berdımuxammedov da əvəzolunmaz Türkmənbaşını - Saparmurat Niyazovu əvəz edib. Kərimov hakimiyyətdə çox uzun müddətdə olub, hərçənd Özbəkistan konstitusiyası bir nəfərin iki müddətdən artıq prezident olmasına icazə vermir. Amma Kərimov referendumlar keçirib və bunun sayəsində onun müddətləri daim yenidən hesablanıb. Mərkəzi Asiyada beləhərəkət edən başqaları da varmı?

А.М.: Hamısı belə edirlər. Qərbdə də müsəlman dünyasında baş verənlərin götür-qoy edilməsinə başlanıb. Tamamilə aydındır ki, müsəlman dünyasında avtoritar rejimin alternativi yoxdur. Orada vətəndaş cəmiyyəti, demokratiya - bunların heç biri olmur.

Ərəb baharı oldu. Demokratiyadan nə qədər danışdılar? Amma ekspertlər deyirdilər ki, oralarda İslam olacaq. Nəticədə nə oldu? İndi Misirdə millət atası hakimiyyətdədir. Öhdəsindən gəlməsə, hakimiyyəti yenidən islamçılara verib gedəcək və bu dövrə hər dəfə təkrar olunacaq.

Kərimov iblis deyil. Özbəkistan postsovet İslam dövlətidir. Siz nə istəyirsiniz? Orda da İsveç olsun? Çox tənqid etmək olar, amma məgər biz ağacı onun ağac olmağına görə tənqid edirikmi?

Amma İslam Kərimovdan sonra kim gəlirsə gəlsin, əvvəlcə qısa müddətdə liberallaşdırma aparacaq və ya nəsə buna bənzər bir şey. Bütün rejimlərə pul, texnologiyalar, təkcə Çinlə yox, həm də Qərblə münasibətlər lazımdır. Özbəkistan da "açıq" olduğunu göstərməli olacaq.

Türkmənistanda da Berdımuxammedov gələndə, "yenilikdən" danışmağa başlamışdılar, halbukli bu, köhnənin bir forması idi. Sonra hər şey öz məcrasına qayıtdı.

Yeni avtoritar rejim daha sərt və ya daha yumşaq ola bilər, amma siz Özbəkistanda çoxpartiyalı sistem təsəvvür edirsinizmi? Lap əgər belə bir şey olsa da, bu, müasir siyasi rəqabət rəqabət yox, regional-klan rəqabəti olacaq və yaxşı heç nə gətirməyəcək.

Bu ölkələrlə olduqları kimi yaşamaq, işləmək və əlaqələr qurmaq lazım gələcək.

S.Z.: Kərimovla əlaqədar Qazaxıstanda Nazarbayevi də xatılayırlar. Onlar demək olar yaşıddırlar. Amma həm iqtisadi, həm də siyasi baxımdan Qazaxıstan daha uğurlu ölkədir. Bu o deməkdirmi ki, Qazaxıstanda hakimiyyət dəyişikliyi daha uğurlu olacaq?

A.D.: Yox. Özbəkistanda başlanmış keçidin ssenariləri barədə bizə heç nə bəlli deyil. Qazaxıstanda isə illərdir keçidin işçi ssenariləri hazırlanır. Varis kimi Kasım Tokayev müəyyən edilmişdi. Sonra şayiələr başladı ki, baş nazir varis olacaq. Lap sonra qızı Dariqanın adı çəkilməyə başladı.

Yəni bu məsələ daim müzakirə olunur. Amma bu baş verəndə, hamı özünü itirəcək və vəziyyətə hazır olmayacaq. Bu zaman elitaların toqquşması daha şiddətli olacaq.

Özbəkistanda elitalar daha məsuliyyətlidir. Orda oliqarxlar yoxdur, Qazaxıstanda isə var. Onların isə Rusiyada olduğu kimi tamah və istəkləri sərhəd tanımır.

S.Z.: Mərkəzi Asiyadakı hakimiyyət dəyişiklikləri dünya üçün təhlükəli ola bilərmi?

А.М.: Yəqin ki, yox. Başqa regionlarla müqayisədə Mərkəzi Asiya ucqar regiondur. Buradakı dövlətlər müxtəlifdir.

Məsələn, Tacikistanla Türkmənistan arasında nə bənzərlik var? Lakin bu dəyişikliklər bütün ərazidə hiss olunacaq. Özbəkistanda baş verənlər tacikləri və qırğızları təsirləndirəcək. Bilmirəm qazaxlara təsiri olacaqmı? Amma bu da mümkündür.

Bu barədə daha geniş