Britaniya mətbuatı: Britaniyalılar burkanın qadağanına tərəfdardır

British press

"The Telegraph" yazır ki, Britaniya cəmiyyətinin əksəriyyəti müsəlman qadınların geyindikləri burkanın qadağan olunmasına tərəfdardır.

Sorğuda iştirak edənlərin yarısı hətta burkininin da qadağan olunmasını istərdi.

Məqalədə deyilir ki, Britaniyada bu rəy sorğusu Fransada burkini qadağanının alovlandırdığı debatların ardınca keçirilib.

Fransanın onlarca şəhərində bələdiyyələr müsəlman qadınların geyindiyi qapalı çimərlik paltarlarını qadağan etmişdi.

Onların əksəriyyəti, hətta Ali Məhkəmə bu qadağanın qanunsuz olduğu barədə hökm çıxardıqdan sonra da yasağı qaldırmaqdan imtina edir.

Müsəlman qadınların geyimi məsələsi Britaniyada 2011-ci ildən geniş müzakirə olunur. Həmin vaxt Fransa üzü və bədəni tamamilə örtən burkanı qadağan etmişdi.

Cavanlar daha yumşaq mövqedədir

Britaniyada YouGov firmasının apardığı sorğudan isə bəlli olub ki, respondentlərin 57 faizi burkanın qadağan olunmasına tərəfdardır. Rəyi soruşulanların yalnız 25 faizi bu qadağanın əleyhinədir.

"The Telegraph" yazır ki, burkanın qadağanını istəməyənlərin əksəriyyəti 18-25 yaş qrupuna daxil olanlardır.

Bütün digər yaş qruplarında olanlar belə bir qadağanın tətbiqini istədiyini bildirib. Yaşı 65-dən çox olan britaniyalıların 78 faizi burkanın qadağanına tərəfdardır.

Sorğu təhlili siyasi partiya tərəfdarları üzrə də aparılıb. Məlum olub ki, hakim Mühafizəkar Partiyaya səs verənlərin 66 faizi burka qadağanına tərəfdardır. İfrat millətçi UKİP partiyası tərəfdarlarının 84 faizi qadağanın tətbiqini istəyir.

Fotonun müəllifi EPA/AP
Image caption Fransa məhkəməsi burkiniyə qoyulmuş qadağanı ləğv edib.

Yalnız sol təmayüllü Leyborist və Liberal-Demokrat partiyalarının elektoratında olanlar arasında qadağanı istəməyənlər istəyənlərdən çox olub.

Bunun bir səbəbi də Britaniya müsəlmanlarının əsasən bu partiyalara dəstək vermələridir.

Əsas paltar yox, demokratiyadır

Müsəlman qadınlar üçün çimərlik paltarı burkininin qadağanını isə respondentlərin 46 faizi dəstəkləyir. Qadağanın əleyhinə olanlar 30 faiz təşkil ediblər.

Britaniya hökuməti ötən həftə bildirmişdi ki, burkinini qadağan etmək və adamların necə geyinməsi məsələsinə qarışmaq niyyətində deyil.

Hökumətin Bərabərlik Ofisinin sözçüsü bildirib ki, hakimiyyət adamların ictimai yerlərdə necə geyinməli olduqlarını diqtə etməyəcək.

Sözçünün dediyinə görə, Britaniyada insanların ölkənin azadlıq və ədalət kimi dəyərlərinə hörmət göstərməsi daha mühümdür.

"The Telegraph" yazır ki, burka qadağanı Avropanın başqa ölkələrində tətbiq edilir.

İsveçrə belə bir qadağanı ötən ay tətbiq edən son ölkə olub.

Blair: Britaniya Avropa İttifaqında qala bilər

"The Guardian" qəzetinin yazdığına görə Britaniyanın keçmiş baş naziri Tony Blair iddia edib ki, ölkənin Avropa İttifaqından çıxması nəticəsi ilə başa çatmış referenduma baxmayaraq, cəmiyyətin rəyi dəyişilərsə, Britaniya Avropa İttifaqında qala bilər.

Keçmiş baş nazir Fransa radiosuna müsahibəsinbdə deyib ki, adamların öz fikirini dəyişmək azadlığı var.

Onun fikrincə, elə bu səbəbdən də Brexit debatının başa çatdığını söyləmək olmaz.

Brexit Brexit deyil?

Ölkənin hazırkı baş naziri Theresa May elektoratın qərarına hörmət əlaməti olaraq dəfələrlə bəyan edib ki, Brexit - Brexit deməkdir.

Lakin bir vaxtlıar Britaniyanın hətta avroya keçməsinə tərəfdar olan Blair vurğulayıb ki, adi insanlara Brexitin xoşagəlməz nəticələri barədə müfəssəl məlumat verilməlidir.

Fransanın Europe 1 radiostansiyasına danışan Blair deyib ki, "Britaniyanın Aİ-dən çıxmaq ehtimalı var, lakin ölkənin ittifaqda qalması mümkündür".

Keçmiş baş nazir deyib ki, Avropa İttifaqında qalmağa səs vermiş 48 faizin, çıxmağa səs vermiş 52 faizin qərarını sadəcə sözsüz qəbul etməsi heç də vacib deyil.

"Bizə debatları davam etdirməyi kim yasaqlaya bilər?" - deyə sual edib Tony Blair.

O izah edib ki, baş nazir Theresa May partiyasının birliyini qoruyub saxlamaq naminə özünün "Brexit Brexitdir" prinsipinə sadiq qala bilər, amma "qalanımız debatı davam etdirməkdə sərbəstik".

Təzə evi görmədən köhnə evdən köçmək

Lakin Blair bunu da qeyd edib ki, Brexitin əsl mənası Avropa İttifaqını tərk etmək danışıqlarının mahiyyətini bilmədən aydın olmayacaq.

"Biz bu Brexit məsələsində çox cəfəng bir iş görmüşük, - deyib keçmiş hökumət başçısı, - Bu, təzə evi görmədən köhnə evdən köçmək kimi bir şeydir".

Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Baş nazir Theresa May Brexit qərarının icra olunacağını deyir.

Onun fikrincə adamlar nəyin pis, nəyin yaxşı olduğunu Avropa İttifaqı ilə çıxışın şərtləri barədə danışıqlar başlananda biləcəklər.

"The Guardian" yazır ki, bu arada elə bu cümə günü, sentyabrın 2-də "Britaniya Avropa ilə daha güclüdür" kampaniyası başlanır.

Bu kampaniyadan başlıca məqsəd Britaniya baş nazirinə, ölkənin vahid bazarda qalmasına çalışması üçün dəstək verməkdir.

Kampaniyaçılar deyirlər ki, Avropa İttifaqı ilə danışıqlarda "üzülüşmək yox düzəlişmək" prinsipindən çıxış edilməlidir.

Yayın qızmarında bu paltarda kondisioner lazım olmayacaq

"The Daily Mail" yazır ki, alimlərin ixtira etdiyi yeni parçadan tikilən paltarları geyinənlərə qızmar havalarda kondisionerli otaqlar lazım olmayacaq.

Alimlər bu yüksək texnologiya materialını salat və başqa yemək şeylərini saxlamaq üçün üstünə çəkdiyimiz nazik plastik bürünmə materialının bazasında hazırlayıblar.

Yeni parçadan tikilmiş paltarların içində bədənimizin temperaturu ətraf temperaturdan 3 dərəcə az olacaq.

Əslində otaqların sərinləşdirilməsi üçün istifadə olunan kondisionerlər də temperatur fərqi prinsipi ilə işləyir.

Kaliforniyadakı Stanford Universitetinin professoru Yi Çuy deyir ki, otağı sərinlətməkdənsə, adamı sərinlətmək daha sərfəlidir.

Yeni material insan bədəninə istidən iki yolla azad olmaq imkanı verir.

Bu parçalar tər buxarının çıxmasına şərait yaradır. Əslində belə parçalar əvvəllər də olub. Lakin yeni material istinin çıxışı üçün daha bir yol açır. Bu parça insan bədəninin özünün infraqırmızı şüalanma şəklində buraxdığı istiliyi də bayıra ötürəcək.

Alimlər deyirlər ki, bütün başqa parçalar məhz bu istiliyin çıxmasına mane olur.

Bizim bədənimizdə belə radiasiyanın yayılması olmasaydı, məsələn qaranlıqda gecə durbinləri ilə bizi görmək mümkün olmazdı.

Öz istimiz daha böyük problemmiş

Elektrik mühəndisi, professor Shanhui Fan deyir ki, biz ofisdə oturarkən bədənimizdəki istiliyin 40-60 faizi məhz gözə görünməyən infraqırmızı şüalar şəklində çıxır.

Alim deyir ki, indiyədək parçaların bu radiasiyanı necə keçirdiyi öyrənilməmişdi.

Tədqiqatçılar infraqırmızı radiasiyanı ən yaxşı keçirən materialı - mətbəxdə istifadə etdiyimiz bürümə plyonkasını seçiblər. Daha doğrusu, bu polietilen plyonkanın batareya istehsalında istifadə olunan versiyasını götürüblər.

Adi plyonka, paltar üçün yararsız idi, çünki bədəni çılpaq göstərəcəkdi. Polietilenin məhz batareyalarda işlədilən növü infraqırmızı şüaları buraxsa da, şəffaf deyildir.

Əlbəttə, bu materialın üzərində əlavə kimyəvi proses aparılıb və tərin su molekullarının çıxışı üçün gözlə görünməyən mikro-məsamələr yaradılıb.

Məhz bu məsamələrə görə yeni parçadan tikilmiş paltarları geyinənlər özlərini plyonkanın içində yox, normal parça geyimin içində olduğu kimi hiss edəcəklər.

Burada müəyyən çətinliklər də mövcuddur. Sözü gedən polietilen material çox nazikdir və parça kimi onu üçqat etmək lazım gəlir.

Bütün hallarda adi paltarlar yay qızmarında bədəninin hərarətini daha üç dərəcə artırdığı halda, yeni materialdan tikilən geyimlər, əksinə temperaturu elə bu qədər aşağı salır."The Telegraph" yazır ki, Britaniya cəmiyyətinin əksəriyyəti müsəlman qadınların geyindikləri burkanın qadağan olunmasına tərəfdardır.