Britaniya mətbuatı: Messi saçlarını niyə boyayıb?

Britaniya mətbuatı

"The Guardian" aparıcı şəriət ekspertinə istinadən yazır ki, Britaniya məhkəmələrində müsəlman boşanmalarına baxan xususi hakimlər qrupunun təşkilinə ehtiyac var.

Sürix Universitetində Yaxın Şərq araşdırmaları professoru Elham Manea öz təkliflərini Britaniya partalamentinin daxili işlər komitəsinə təqdim edib.

Ekspert bu qənaətdədir ki, müsəlman kəbini ilə yanaşı vətəndaşların rəsmi dövlət nikahına girmələri icbari edilməlidir. Onun fikrincə, bu qaydanı pozan imamlara qarşı ciddi tədbirlər görülməlidir.

Son 4 il müddətində Birləşmiş Krallıqdakı şəriət şuralarında tədqiqat aparmış xanım Manea bu qənaətdədir ki, bu şuralara əsasən boşanmaq istəyən müsəlman qadınlar müraciət edirlər.

Alim bildirir ki, şəriət qanunlarına görə kişinin boşanmaq üçün "talaq" sözünü üç dəfə şifahi elan etməsi kifayətdir, lakin bu qadınların boşanmadan sonra hər hansı maliyyə iddialarını havada buraxır.

Boşanma: kişilər üçün havayı, qadınlar üçün pullu

"The Guardian" yazır ki, qadın boşanma təşəbbüsü ilə çıxış edərsə, nəzərdə tutulmuş prosedura görə dini hakimə və yaxud qaziyə 400 funt sterlinq ödəməlidir.

Britaniyadakı analitik mərkəzlərdən Civitas-ın təxminlərinə görə Birləşmiş Krallıqda məscidlərin nəzdində və yaxud da şəxsi evlərin qonaq otaqlarında 85 şəriət şurası fəaliyyət göstərir.

Məqalədə deyilir ki, belə şuralar öz hökmlərinin icrasını qanunla həyata keçirə bilmir, lakin onların qərarları mədəniyyət və dini baxımdam məqbuldur.

Problem bundadır ki, yazır Manea, öz evliliklərini Britaniya qanunları ilə rəsmiləşdirməmiş qadınlar boşanma üçün şəriət şuralarına müraciət edirlər.

Bəzi qadınlar isə şikayətlənirlər ki, qazilər onları boşamaq əvəzinə barışdırma missiyasına girişir və hətta evlərində fiziki zorakılığa məruz qalmış qadınları ər evində saxlamağa can atırlar.

Britaniyanın ilk qadın şəriət hakimi Amra Bone Birmingham-in mərkəzi məscidində yerləşib və bildirir ki, şəriət məhkəmələri zəruridir çünki bu, vətəndaş evliliyi olmayanların yeganə müraciət yeridir.

"Britaniya Mərakeşdən öyrənməlidir"

Fotonun müəllifi Tim Graham/ Getty
Image caption Ekspertin fikrincə, evliliklərini Britaniya qanunları ilə rəsmiləşdirməmiş qadınlar boşanma üçün şəriət şuralarına müraciət edirlər

Xanım Manea isə bu qənaətdədir ki, şəriət şuraları ləğv edilməlidir və onlar ləğv edilmədikcə müsəlman qadınların kişilərlə bərabərliyini təmin etmək mümkün olmayacaq.

Ekspert deyir ki, Tunis və Mərakeş kimi müsəlman ölkələrində islamı kəbinin pozulması vətəndaş nikahının pozulmasının ardınca avtomatik baş verir. Maneanın fikrincə Britaniyada da eyni qaydaların tətbiqi vacibdir.

Xanım Manea bütün kəbinlərin ucdantutma rəsmiləşdirilməsi üçün ümummilli kampaniyaya çağırır. O bildirir ki, bu tətbiq edilərsə nə qədər çoxarvadlı ailələrin mövcud olduğu bilinər.

Özü də müsəlman və qadın haqları müdafiəçisi olan ekspert Britaniyada çoxarvadlığın faktiki olaraq qanuniləşdirilməsi əleyhinədir.

Bundan başqa şəriət məhkəmələri arvadın ər tərəfindən döyülməsi, zorlamması və uşaq nikahları kimi məsələlərə ümumiyyətlə baxmır.

Britaniyada kişi qadının sahibi ola bilməz

Britaniya parlamentində daxili işlər komitəsinin üzvlərindən Nus Qani deyib ki, şəriət qanunlarına görə kişi qadının sahibidir və onunla istədiyi kimi rəftar edə bilər, bu isə Britaniya qanunlarına tam ziddir və yolverilməzdir.

Millət vəkili bildirir ki, cəmiyyətin müsəlman qadınlardan ibarət böyük bir kəsimi bərabərlik prinsipindən məhrum olunmamalıdır.

Mühafizəkarlar partiyasından millət vəkili, xanım Qani bildirib ki, o, bütün islami nikahların icbari qaydada dövlət qeydiyyatından keçməsi üçün şəxsən kampaniya aparacaq.

Onun sözlərinə görə, müsəlman qadınlara izah edilməlidir ki, onlar kəbindən başqa həm də vətəndaşlıq vəziyyətlərini rəsmi qeydiyyatdan keçirməlidirlər. Belə olmasa, onlar boşanma zamanı hər hansı maliyyə iddiaları qaldırmaqdan məhrum olacaqlar.

Əslində bu deyilənlərlə Britaniya müsəlmanlarının liderləri də razılaşırlar.

Şəriət şuraları müsəlman icmasına yükdür

Wembley Şəriət Şurasının icraçı katibi Mövlana Raza "The Guardian" qəzetinə bildirib ki, əslində dövlət nikahına girilməsi Britaniyada müsəlman qadının hər hansı maliyyə və hüquqi haqlara malik olmasının yeganə yoludur.

Onun fikricnə, şəriət şuralarının mövcudluğuna və geniş yayılmasına səbəb onlara sağlam alternativin olmamasıdır.

"Əgər hökumət alternativ təklif etsə bu şuralardan 90 faizi ləğv olunacaq" - deyib Raza.

Raza bildirib ki, şəriət şuraları müsəlman icmasının çiyinlərində əlavə yükdür.

"Bizim fikrimizcə, Birləşmiş Krallıqda elə şəriət şuraları var ki, coğrafi baxımdan Britaniyada olsalar da, ideoloji baxımdan başqa yerdədirlər" - deyib Mövlana Raza.

Maraqlıdır ki, hazırkı baş nazir Theresa May hələ daxili işlər naziri olarkən Britaniya şəriət şuralarının işinin araşdırılması üçün komissiya təşkil etmişdi. Lakin müsəlman qadın hüquqları kampaniyaçıları bu komissiyanı boykot edirdilər.

Səbəb komissiyanın sədrliyinə müsəlman üləmasının təyin edilməsi idi.

Avropa "ağzınadək doludur"

Fotonun müəllifi Mikhail Svetlov/ Getty
Image caption Çində keçirilən G20 sammitinin ərəfəsində çıxış edən Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, Avropanın yeni qaçqın dalğasının qəbulu üçün praktik imkanları tükənib

"The Express" yazır ki, Avropa Şurasının prezidenti Donald Tusk "ağzınadək qaçqınla dolu Avropanın" az qala bir səslə miqrantların gəlişinə qarşı olduğunu deyib.

Məqalədə deyilir ki, nisbətən sakit keçən yay aylarından fərqli olaraq son həftələrdə Liviya, İraq və Suriyadakı münaqişələrdən qaçan miqrantların Avropaya axını yenidən kütləvi şəkil almağa başlayıb.

Təkcə bu il 250 min insan həyatını riskə ataraq özünü Avropanın sərhədlərinə yetirib.

Lakin indi cənab Tusk bəyan edir ki, "Avropa ağzınadək doludur" və beynəlxalq icma qaçqınların Avropadan kənarlarda məskunlaşdırılmasına çalışmalıdır.

Çində keçirilən G20 sammitinin ərəfəsində çıxış edən Avropa Şurası başçısı deyib ki, Avropanın yeni qaçqın dalğasının qəbulu üçün praktik imkanları tükənib.

Bu yükü dünya çəkməlidir

Cənab Tusk G20 sammitinin başçılarını qaçqınların məskunlaşdırılması üçün daha çox iş görməyə çağırıb.

O deyib ki, bütün dünya boyunca 65 milyon didərginin mövcud olduğu bir vaxtda G20 icması da bu yükün altına girib öz payına düşəni götürməldir.

"Yalnız qaçqınlara və onlara sığınacaq verən ölkələrə qlobal dəstək bəhrə verə bilər" - deyib Tusk.

Donald Tusl həmçinin bəyan edib ki, milyonlarla insanın öz doğma ocaqlaırnı tərk edib didərgin düşməsinin kökündə duran problemlər həll olunmalıdır.

"The Express" yazır ki, ötən ay ABŞ öz payına düşən 10 min Suriya qaçqınına sığınacaq verib.

Ölçücə ondan qat-qat kiçik olan Türkiyədə isə 2, 7 milyon qaçıqn var.

Fransada sığınacaq üçün müraciət edənlərin sayı 33255-ə çatıb. Britaniyada bu rəqəm 19955-dir.

Lakin qəbul edilmiş mirqantlaırn sayına görə Avropa İttifaqında birincilik Almaniyada qalır.

Bu ölkə atıq bu il 296 min qaçqına sığınacaq verib.

Saçını boyadı, qol vurdu

Fotonun müəllifi Gabriel Rossi/STF/ Getty
Image caption Messi Argentina televiziyasında saç rənginin dəyişilməsi səbəblərindən danışıb

"The Mirror" yazır ki, Lionel Messi saçının rəngini dəyişərək qızılı sarışına çevrilməsinin səbəbini açıqlayıb.

Barcelona ulduzu özünün "yeni saçları" ilə iyul ayının sonlarında görünmüşdü.

O zaman onun həyat yoldaşı Antonella Roccuzzo ulduzun şəklini İnstagrama yükləmişdi.

Bundan sonra vətəninə qayıdan Messi Argentina televiziyasında saç rənginin dəyişilməsi səbəblərindən danışıb.

"Saçımı rənglədim ki, sıfırdan başlayım" - deyib ulduz.

"Mənim ətrafımda o qədər xoşagəlməz hadisələr baş verirdi ki, axırda özümə dedim: Sən bu bədlik zəncirini qırıb yenidən başlamalısan" - deyib Messi.

"The Mirror" yazır ki, doğrudan da ulduzun ətrafında onun karyerasına son qoya biləcək hadisələr baş verirdi.

29 yaşlı futbolçu onun doğma Argentina komandası dalbadal üçüncü il final matçında məğlub olduqdan sonra kareyerasını başa vurduğunu bildirmişdi.

Lakin onun ünvanına səslənən çoxsaylı tənqidlərin nəticəsində Messi qərarını dəyişib və futbola qayıdaraq Uruqvay yığması ilə oyunda qələbə qolunu vurub.

Göründüyü kimi sarı saç uğurlu olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş