Britaniya mətbuatı: Filippin prezidenti Obama barədə "çox pis ana söyüşü" işlədib

Rodrigo Duterte Fotonun müəllifi Getty Images

"The Guardian" yazır ki, "Filippinin ağzısöyüşlü prezidenti" Rodrigo Duterte ABŞ prezidenti Barack Obamaya "çox pis ana söyüşü" söyüb.

Rodrigo Duterte ABŞ liderinə xəbərdarlıq edib ki, onun qeyri-qanuni qətl əmrini sorğu-suala çəkməsin.

Məqalədə deyilir ki, Filippin prezidenti Obamanın anası barədə "nalayiq söz" işlətməklə ölkəsinin Vaşinqtonla münasibətlərini daha da gərginləşdirib.

"The Guardian" yazır ki, Fillippin liderinin özünə opponent bildiyi xarici və daxili rəsmilərə söyüş kampaniyası davam edir.

Barack Obamaya "fahişə oğlu" deyən Duterte xəbərdarlıq edib ki, Vaşinqton onun narkomaniyaya qarşı mübarizəsinə qarışmamalıdır.

O bildirib ki, çərşənbə axşamı Laosda keçiriləcək regional sammitdə Obamanı "bir az ehtiramlı" olmağa çağıracaq.

"The Guardian" yazır ki, Duterte narkotik maddə alveri edənlərin qanunsuz və məhkəməsiz öldürülməsinə icazə verdiyinə görə insan haqları müdafiəçiləri, diplomatlar və BMT tərəfindən kəskin tənqid edilir.

Prezident öz icazəsi ilə narkomafiyaya bağlı olan şəxsləri qətlə yetirməyə görə cəza verilməyəcəyini bəyan edib.

Rəsmi rəqəmlərə görə təkcə son iki ayda bu səbəblə 2400 nəfər qətlə yetirilib.

Məqalədə deyilir ki, qəzəbli Filippin prezidenti onun bu siyasətini pisləyənlərə nalayiq söyüşlər yağdırmaqda davam edir.

Bu münvalla o Maniladakı ABŞ səfirini "fahişənin homoseksual oğlu" adlandırıb, katolik kilsəsinə burada deyilməsi mümkün olmayan söyüş söyüb, BMT-ni isə "iyli" bəyanatlar verməkdən çəkinməyə çağırıb.

Obama görüşdən imtina edib

Fotonun müəllifi Getty Images

"The Guardian" yazır ki, Duterte bu "ifrat emosional bəyanatları" təyyarəyə minərkən bir jurnalistin ona verdiyi suala cavab olaraq səsləndirib:

"Bir az ehtiramı olsun. Sualları, bəyanatları hər tərəfə səpələməsin. Mən onun payını bu forumda verəcəyəm" - deyib Duterte Obama barədə.

Obama və Dutertenin sentyabrın 6-da Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində görüşəcəyi gözlənilirdi.

Lakin "The Guardian" yazır ki, Dutertenin söyüşləri mənzilinə çatdıqdan sonra bu görüşün baş tutacağı şübhələr doğururdu.

Barack Obama deyib ki, o öz administrasiyasından belə bir görüşdən fayda olub-olmadığını soruşub.

"Aydındır ki, Filippin xalqı bizim yaxın dostlarımızdan və müttəfiqlərimizdəndir və biz Filippinlə müqavilə əsasında müttəfiqik. Lakin mən həmişə əmin olmağa çalışıram ki, keçirəcəyim görüş konstruktiv olsun və biz nə isə bir iş görək".

"The Guardian" yazır ki, Duterte təkcə Obamanın "anası paklığından" şübhə ifadə etmir. Filippin prezidenti Roma papası Francis, Filippin yepiskopları, qətlə yetirilmiş bir jurnalist və əlbəttə narkotik qaçaqmalçılarının da anaları barədə eyni "iddialar" səsləndirib.

Qətllər baş alıb gedir

Duterete ötən iyun ayında narkotika cinayətlərinə qarşı müharibə elan edəcəyi barədə vədlə prezident seçilib.

Duterte inaqurasiya nitqində demişdi: "Əgər narkoman tanıyırsınızsa vurun öldürün, çünki onların valideynlərini buna məcbur etmək çox ağrılı olardı".

O seçki kampaniyası zamanı öz antinarkotik mübarizəsi zamanı 100 min adamın öldürüləcəyini və Manila körfəzindəki balıqların meyit yeyib kökələcəyini vəd etmişdi.

Məqalədə deyilir ki, prezidentin bu çağırışı Manila və başqa şəhərlərin küçələrində narkoman olmaqda şübhə doğuran minlərlə insanın polis və ictimai asayişçilər tərəfindən qətlə yetirilməsi ilə nəticələnib. Belə qətlləri bir qayda olaraq "özünümüdafiə" kimi protokollaşdırırlar.

İyun ayında BMT-nin baş katibi Ban Ki-moon Dutertenin çağırışını kəskin pisləmiş və bunun qanunsuzluq olduğunu bəyan etmişdi.

Bunun cavabında Duterte BMT-ni "axmaq" adlandırmış və təşkilatdan çıxacağı ilə hədələmişdi.

Bu söyüşlərinin pis nəticələrindən qorxub-qorxmadığına dair suala Duterte: "Mən onları heç adam yerinə qoymuram" demişdi.

Xameneyi isə Səudiyyəyə "cılız iblis" deyib

Fotonun müəllifi EPA

"The Daily Mail" yazır ki, iranlıların Həcc ziyarətinə yasaq qoyulmasının ardınca ölkənin ali rəhbəri Səudiyyə Ərəbistanını kəskin tənqid edib.

Ayətullah Əli Xameneyi deyib ki, İslamın ən müqəddəs ocağının baxıcılığını Səudiyyəyə vermək olmaz.

O deyib ki, "vüqarlı və imanlı İran xalqının Allahın məkanına ziyarətini yasaqlayan Səudiyyə hakimiyyəti şərəfsizdir".

Ali rəhbər bildirib ki, Səudiyyənın hakimləri taxt-taclarını dünyanın lovğa güclərini dəstəkləməklə və sionizm və ABŞ-la müttəfiq olmaqla qoruyurlar.

Xameneyi İslamın iki müqəddəs şəhəri - Məkkə və Mədinənin xadimləri sayılan Səudiyyə kral ailəsini Həcci siyasiləşdirməkdə ittiham edib.

"Böyük iblisdən qorxan balaca iblis"

O deyib ki, səudlar bu həftənin sonunda başlanacaq Həcc ziyarətini iranlıların üzünə qapamaqla özlərini "cılız və rəzil iblis" kimi aparıblar.

Xameneyi ABŞ-a işarə edərək əlavə edib ki, səudlar "böyük iblisin qorxusundan tir-tir əsirlər".

Bu, son üç onillikdə ilk dəfədir ki, İran zəvvarlarının Səudiyyəyə gəlişinə qadağan qoyulur.

Məqalədə deyilir ki, hətta buna da baxmayaraq İran ali rəhbərinin nitqi aşırı sərt olub.

Əli Xameneyi deyib ki, İslam dünyası, ümumiyyətlə bu iki müqəddəs yerə nəzarətin Səudiyyədə qalıb-qalmaması məsələsini həll etməlidir.

İran lideri habelə ötənilki Həcc ziyarəti zamanı 464 iranlı da daxil 2300 zəvvarın basabasda həlak olmasına Riyadın reaksiyasını kəskin tənqid edib.

Ayətullah deyib ki, "səudlar həmin dəhşətli qəzaya görə utanıb üzr istəməkdənsə, hadisənin baş verməsi səbəblərini araşdıracaq beynəlxalq islami komissiyanın yaradılmasına etiraz ediblər".

"The Mail" xatırladır ki, iki regional güc - İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər xüsusilə də Suriya və Yəmən münaqişələrinə görə son dərəcə gərginləşib.

İlk çəkişmə deyil

Lakin məqalədə deyilir ki, Riyad və Tehran arasında buna bənzər söz çəkişməsi bir dəfə də 1987-ci ildə baş verib. O zaman Məkkədə anti-ABŞ aksiyası keçirən iranlı zəvvarlarla Səudiyyənin təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmada 400 nəfər həlak olmuşdu.

O toqquşmadan sonra iranlıların Məkkəyə gəlişi 4 il qadağan olunmuşdu.

Əli Xameneyi həmçinin Səudiyyəni Həcc ziyarətinə gələn zəvvarların ABŞ və sionist rejiminin agentləri tərəfindən yoxlanmasını təşkil etməkdə günahlandırıb.

İki ölkə arasında diplomatik münasibətlər yanvar ayında Səudiyyənin bir tanınmış şiə ruhanisini edam etməsinin ardınca Tehranda Səudiyyə səfirliyinin yandırılmasından sonra kəsilib.

Ötən il 60 min iranlı Həcc ziyarətinə çıxıb, lakin builki ziyarət barədə iki ölkə arasında razılıq əldə edilməyib.

Riyad bildirib ki, İran tərəfi Səudiyyədən qeyri-məqbul tələblərdə bulunurdu.

Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Nayef İranı Həcc ziyarətini siyasiləşdirməkdə günahlandırıb.

100 yaşında 20 yaşındakı kimi olmaq

Fotonun müəllifi Getty Images

"The Telegraph" yazır ki, alimlər son altı ayı İtaliyada Neapol və Amalfi sahilinin cənubundakı balaca Cilento yarımadasında çox sayda yaşı yüzü ötmüş insanın olması məsələsini araşdırıblar.

Alimlər burada 80-dək ahıl adamın qan analizlərini keçiriblər və məlum olub ki, yerli qocaların qan göstəriciləri adətən 20 yaşlı adamlarda olduğu kimidir.

"The Telegraph" yazır ki, alimlər bunun elmi izahını tam verə bilməsələr də, səbəbi buradakı adamların bolluca göyərti, balıq və tərəvəz yeməsində, habelə hərəkətli həyat tərzinə malik olmasında görürlər.

Kaliforniya Universitetindən doktor Alan S Maisel deyib ki, insan yaşlandıqca onun qanında adrenomedullin hormonunun miqdarı artır və bunun nəticəsində damarlar orqanları yaxşı qidalandıra bilmir.

"Lakin belə görünür ki, Cilentoda yaşlıların qan dövranı çox yaxşıdır" - deyib doktor.

2000 yüz yaşlı

"The Telegraph" yazır ki, coğrafi baxımdan çox kiçik ərazidə yaşayan 60 min cilentolunun 2000 nəfəri yüz yaşı keçib.

Məqalədə deyilir ki, Cilentoda yaşlı əhali adətən bol zeytun yağı, balıq, həyətyanı təsərrüfatda saxlanan toyuq-cücə və dovşan əti ilə qidalanır.

Bundan başqa onlar bağçılıqla məşğul olur və yoxuşlu küçələrlə yuxarı-aşağı hərəkət edirlər.

Alimlər deyiblər ki, ahıl yaşlı insanlarda adətən ürək xəstəlikləri, gözə mirvari suyunun gəlməsi kimi hallar müşahidə olunur.

"Cilentoda biz belə adamlara rast gəlmədik" - deyib doktor Maisel.

İndi alimlər Cilentoda daha geniş tədqiqat apararaq yüz yaşı adlamış 2000 insanın hamısını müayinə etmək istəyirlər.

"The Telegraph" yazır ki, dünyaya "Aralıq dənizi pəhrizi" terminini gətirən ABŞ alimi Ancel Keys də öz araşdırmalarını Cilentoda aparmışdı.

Alim elə burada, 2004-cü ildə 101 yaşında vəfat edib.

Bu barədə daha geniş