İlk üz transplantasiyası pasienti Isabelle Dinoire Fransada vəfat edib

Isabelle Dinoire Fotonun müəllifi AFP
Image caption Isabelle Dinoire 2006-cı ilin əvvəlində (solda) və 8 ay keçmiş ikinci əməliyyatdan sonra

Fransa həkimləri bildirir ki, üz transplantasiyasının ilk pasienti, fransalı İsabelle Dinoire vəfat edib.

Onun iti ona hücum edəndən sonra, 2005-ci ildə həkimlər ona yeni burun və ağız köçürmüşdülər.

Lakin immunosupressiya dərmanlarından çox istifadə etdiyi üçün onun bədəni zəiflədi və apreldə onda xərçəng xəstəliyi yarandı, BBC-nin Parisdəki müxbiri Hugh Schofield məlumat verir.

2009-cu ildə o, BBC-ə demişdi ki, güzgüyə baxanda bir az özünü, bir az da üz donorunu görürdü. "Donor həmişə mənimlə idi", xanım Dinoire belə demişdi.

Həmin müsahibədə o izah etmişdi ki, itin ona hücum etməsi, özünün intihar cəhdindən sonra baş vermişdi.

Çoxsaylı yuxugətirici həblər qəbul edəndən sonra o, qan içində oyananda Labrador iti onun yanında idi. Görünür ki, it sahibini şüursuz tapanda onu oyatmağa cəhd edib, bu prosesdə isə onun üzünü dişləyib.

Son illər ərzində üz transplantasiyaları bir neçə ölkədə həyata keçirilib, o cümlədən ABŞ, İspaniya, Türkiyə, Çin və Polşada.

Əlaqəli mövzular